“İşğalçı hər hansı forma və dərəcədə beynəlxalq dəstək deyil, beynəlxalq qınaq və məsuliyyətə dəvət görməlidir”-QƏNİRƏ PAŞAYEVA YAZIR

İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxısı, çıxışda ifadə olunmuş mühüm çağırışlar, yaddaqalan təsbitlər, geniş ictimai-siyasi rezonans doğurub.

İlk növbədə onu deyək ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Avropa Birliyinə üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirak və çıxış etdiyi Sammit, istər iştirakçıların tərkibi, istərsə, müzakirə olunan mövzular baxımından mühüm əhəmiyyətə malikdir.Azərbaycan Prezident İlham Əliyevin çıxışı bir neçə məqam etibarı ilə özünə diqqət tələb edir.

Birincisi, ona görə ki Sammit qlobal pandemiya dönəmində keçirilir və respublikamız bu ümumdünya probleminə dair qabaqcıl mövqeyə malikdir. Cənab Prezidentin sədri olduğu iki beynəlxalq qurum, məhz Azərbaycan prezidentinin təşəbbüsü ilə pandemiya ilə bağlı video-müzakirələr aparıb, mühüm çıxışlar olub, mövqelər ifadə olunub.

Qoşulmama Hərəkatının bu il mayın 4-də “COVID-19”a həsr edilmiş “onlayn Zirvə Görüşü”ndə Avropa Birliyi və Afrika Birliyinin iştirakı xüsusilə qeyd edilməlidir. Dövlətimiz ÜST-ə maliyyə yardımı göstərib, ÜST koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb və s.Təsadüfi deyil ki, bu məqamları öz çıxışında vurğulayan cənab Prezident, Avropa Birliyinin ali nümayəndəsi cənab Jozep Borelə videomüraciətinə görə bir daha təşəkkürünü bildirdi, ümid etdiyini bildirdi ki, bu, Avropa Birliyi və Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaq.

Əlbəttə, söhbət yalnız pandemiyadan getmir, Şərq Tərəfdaşlığının özünəməxsus ənənəvi müzakirə mövzuları, özəlliklə, adından da göründüyü kimi, tərəfdaşlıq, bununçün sülh və təhlükəsizlik, birgə yaşayış kimi mandat-missiyası vardır. Məhz bu mövzular Azərbaycanın sülhpərvər, multikultral mövqeyinə tam uyğundur. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan Şərq Tərəfdaşlığının fəal ölkəsidir.

Avropa Birliyi ilə əməkdaşlıq bizim xarici siyasətimizin əsas prioritetlərindəndir. Azərbaycanın Avropa Birliyinin bir çox üzvü ilə ikitərəfli planda da sıx əməkdaşlığı mövcuddur.Azərbaycanın ərazi bütövlüyü uzun illərdir pozulub və zamanında öz havadarlarının hərbi-siyasi dəstəyi ilə işğal siyasətini həyata keçirmiş və bu bədnam siyasəti davam etdirən Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin çıxışına replika ilə münasibət bildirmək cəhdi, ona verilən tutarlı cavab diqqət yetirməli olduğumuz ən əsas məqamlardandır.

Azərbaycan Prezidenti “demokrat libaslı” işğalçı zehniyyətli Paşinyanla qabaqlar da bir neçə dəfə debatda, müzakirələrdə qarşı-qarşıya gəlib və istisnasız olaraq, həmişə onu haqq etdiyi cavablarla susdurub. Aşqabatda, Münhendə və başqa şəhərlərdəki belə hallar yaxşı yadımızdadır. Bu dəfəki Sammit də istisna olmadı və yenə Paşinyan özünü gülünc vəziyyət saldı, tutarlı cavabdan sonra, susmağa məcbur oldu.

Paşinyan ənənəvi erməni xisləti ilə yalan deyib, iştirakçıları o yalana inandırmaq və bu yalan üzərindəki “hücum” ilə, özünün, təmsil etdiyi ölkənin işğalçılıq siyasətini ikinci plana keçirmək istəyində idi. Öz diktator, hərbi cani sələflərindən guya “demokrat”lığı ilə fərqlənən Paşinyan, öz replikası, çıxışı və Azərbaycan Prezidentindən aldığı sərrast cavablarla miskin duruma düşməkdən qurtula bilmədi.

Bilirsiz, belə hal birinci, ikinci hal olmadığı üçün artıq nə təsadüf, nə tendensiya deyil, bu artıq qanunauyğunluqdur. O qanunauyğunluğun diqtə etdiyi ən əsas məqam ondan ibarətdir ki: dünya birliyi işğalçıya dur deməlidir, bölgədə sülhə, təhlükəsizliyə ən əsas maneə olan işğalçılıq sona yetməlidir, işğalçı hər hansı forma və dərəcədə beynəlxalq dəstək deyil, beynəlxalq qınaq və məsuliyyətə dəvət görməlidir.

Bu mənada, yaxın günlərdə, Avropa Parlamenti adından verilmiş, Emənistanın işğal altında tutduğu Azərbaycan torpaqlarında qeyri-qanuni yol çəkməsini, qanunsuz məskumlaşmanı pisləyən, respublikamızın ərazi bütövlüyünü müdafiə edən mühüm Bəyanatı bir daha minnətdarlıqla xatırlatmaq istərdim.

Qənirə PAŞAYEVA,

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor

Etikxeber.az

Read Previous

“Gəlin daha məsuliyyətli və həmrəy olaq”-RAMİN MƏMMƏDOVDAN ÇAĞIRIŞ

Read Next

“Başqa çıxış yolu yoxdur”-EKS-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir