“İşğalçı ilə əməkdaşlıq etmək bir növ işğala haqq qazandırmaq deməkdir”- PA RƏSMİSİ – FOTO

“Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi və ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında əlaqələri daha da möhkəmləndirəcək”.

Etikxeber.az xəbər verir ki, bu fikir aprelin 20-də Bakıda “İslam Həmrəyliyi İli” və İslam Həmrəyliyi Oyunları ilə bağlı keçirilən konfransda səsləndirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ölkə Prezidenti İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bu məsələyə həm özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə edib:

“Bu, eyni zamanda, Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. Bu təşəbbüslə dövlətimizin başçısı tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi. Bu, həmçinin Azərbaycan Prezidentinin İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisidir”.

***

Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib ki, Azərbaycan müsəlman ölkələri ilə eyni mövqedən çıxış edir. Azərbaycanın 20 faiz torpağı işğal olunub, bir milyondan çox qaçqınımız var. İslam ölkələrinin bu münaqişə ilə bağlı mövqeyi bizi razı salır:

“Səudiyyə Ərəbistanı, Pakistan Ermənistanı dövlət kimi tanımır. Türkiyə Ermənistanı tanısa da, onunla heç bir əlaqəsi yoxdur. Lakin bəzi müsəlman ölkələri Ermənistanla əlaqələr qurur, əməkdaşlıq etməyə cəhd edirlər. Bu isə islam həmrəyliyinə ziddir”.

O, qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid qədim tarixi abidələri dağıdan ölkə ilə əməkdaşlıq etmək Azərbaycan torpaqlarının işğaldan azad olunmasını ləngidən amillərdən biridir.

Onun sözlərinə görə, işğalçı ilə əməkdaşlıq etmək bir növ işğala haqq qazandırmaq deməkdir.

***

“Yalnız mart ayında qonşu İran İslam Respublikasından Azərbaycana 67 min turist gəlib”.

Bunu Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov çıxışı zamanı deyib.

O, bildirib ki, Azərbaycana gələn turistlərin sayında hər ay artım müşahidə olunur.

V. Şıxəmmədov qeyd edib ki, bu ilin ilk üç ayında Azərbaycana 545 min əcnəbi turist səfər edib.

***

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz növbəsində deyib ki, IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq iştirakçılar, habelə azarkeşlər və akkreditasiyadan keçmiş şəxslər vizasız Azərbaycana daxil ola biləcək.

 O, bildirib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar daha sadələşdirilmiş viza rejiminin tətbiqi nəzərdə tutulub.

XİN rəsmisi qeyd edib ki, yarışları işıqlandırmaq üçün 1000-dən artıq xarici media qurumu akkreditasiya üçün müraciət edib. Əksər müraciətlər artıq müsbət cavablandırılıb və bu proses hazırda davam etməkdədir.

Etikxeber.az

Read Previous

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

Read Next

“Nə yazıqlar ki, Nəsibə xanıma qarşı laqeydlik aradan qaldırılmadı…” – İLHAM RƏHİMLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir