İşğalçı silahlanmanı davam etdirir – ELŞAD HƏSƏNOV – FOTOLAR

Deputatdan etiraz: Ermənistan həm Avropada, həm də üçüncü dünyada daha çox hərbiləşdirilmiş ölkədir

Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası keçirilib.

Etikxeber.az  xəbər verir ki, iclasın işində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev öz nitqində həmkarlarını regional təhlükəsizlik məsələlərində etimadın möhkəmləndirilməsi üzrə dialoqu intensivləşdirməyə çağırıb.

Onun sözlərinə görə, silahlanma üzərində nəzarət barədə istənilən danışıq münaqişələrin ilkin səbəbi nəzərə alınmaqla aparılmalı, ümumi kontekstdən ayrı-ayrı elementlər çıxarılmamalıdır.

“Etimad çatışmazlığı hər hansı mexanizmin olmaması və ya görülən tədbirlərin azlığından deyil, ayrı-ayrı dövlətlərin bütün sənədlərdə, o cümlədən ATƏT-in sənədlərində də əksini tapan beynəlxalq hüququn normalarına aşkar məhəl qoymamasının nəticəsidir. Əsrin dörddəbirindən çoxdur ki, biz regionumuzda suverenliyin və ərazi bütövlüyünün pozulduğunu müşahidə edirik. Bir çox münaqişələrin əsasında elə bu cür pozulma dayanır”, – deyən Azay Quliyev Ermənistan-Azərbaycan münaqişəsini buna əyani nümunə kimi göstərib.

elsad-atetpa

qrup-bahar-1

Deputat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni təlimlərini və Ermənistanın bu ərazilərdə öz hərbi cəbbəxanasını, o cümlədən 45-ci hərbi birləşməsini beynəlxalq monitorinqdən gizlətməsi barədə müəyyən edilmiş faktları xatırladıb.

“Bu, regional təhlükəsizliyə ciddi təhdiddir”, – deyə Azay Quliyev vurğulayıb.

Ermənistan nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan bütün məsələlərdə Azərbaycanı ittiham etməklə təqsiri qarşı tərəfə yıxmağa çalışıb.

Sonra söz alan deputat Elşad Həsənov həm Naqdalyana, həm də iştirak edən bütün həmkarlarına xatırladıb ki, hərbiləşdirmənin beynəlxalq səviyyədə qəbul edilən meyarına görə, ölkənin hərbi xərclərinin onun ÜDM-ə nisbəti hesablanır.

Bu baxımdan Azərbaycan və Ermənistan arasında rəqəmlər müvafiq olaraq 3,6 faiz və 4,1 faizdir. Beləliklə, Ermənistan həm Avropada, həm də üçüncü dünyada daha çox hərbiləşdirilmiş ölkədir.

“Onsuz da cüzi olan dövlət büdcəsini sosial proqramlara xərcləmək əvəzinə, Ermənistan öz vətəndaşlarını lazımi səhiyyə, təhsil və s. məhrum edir, silahlanmağı davam etdirir”, – deyə deputat bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Türkiyədə qatar aşdı:10 ölü, 73 yaralı – YENİLƏNİB

Read Next

Əliyev Yohan N.Şnayder-Ammannı qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir