“İşğaldan azad olunmuş ərazilərimiz müasirləşərək gözəlləşəcək və yaxın gələcəkdə yerli sakinlərin Böyük Qayıdışına hazır olacaq”-MİLLƏT VƏKİLİ

Otuz ildə ermənilərin dağıdaraq viran qoyduğu ərazilərimiz yenidən bərpa edilir. Vətən müharibəsindən sonra bu ərazilərimizdə görülən işlərin masştabı çox genişdir və bu, Böyük Qayıdışımızın tezliklə baş verəcəyindən xəbər verir. Şuşanın Baş plana uyğun yenidənqurma və bərpası sürətlə aparılır. Zəngilan rayonun Ağalı kəndi yeni konsepsiyada tikilərək tezliklə öz sakinlərini qarşılayacaq. Füzuli Beynəlxalq Hava Limanı 8 ayda tikildi və artıq beynəlxalq hava reysləri qəbul etməyə başlayıb.

Bundan əlavə, ərazilərin minalardan təmizlənmə işlərinın əhatə dairəsi genişlənir. Hansı ərazilərdə təhlükəsiz şərait təmin olunursa, o ərazilərdə işlərə start verilir. Avtomobil yolları şəbəkəsi və dəmir yolların tikintisi yüksək səviyyədə təmin edilir. Deyə bilərik ki, dövlət büdcəsindən milyardla manat vəsait cəlb etməklə Azərbaycan öz gücü hesabına işğaldan azad edilmiş ərazilərə yenidən həyatın qaytarılması üçün səfərbər olunub.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

“Görülən işlərin miqyası və sürəti deməyə imkan verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə güclü iqtisadi, texniki və kadr potensialı formalaşıb. Onu da deyə bilərik ki, Lüksemburqun ərazisindən 3 dəfə böyük olan işğaldan azad olunmuş ərazilərimizi heç kimin köməyi, dəstəyi və heç kimdən asılı olmadan təkbaşına sıfırdan yenidən qururuq. Bu ərazilərin yenidən qurulması və bərpası işləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bölgəyə etdikləri çoxsaylı səfərlərlə başlanır və açılışlar həyata keçirilir”-deyən dövlət başçısının və birinci xanımın növbəti səfərinin fevralın 13-də Ağcabədiyə və ruhlar şəhəri adlandırılan Ağdama olduğunu bildirib:

“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prioritet elan olunsa da, digər regionların paralel inkişafı gündəmdədir. Digər regionlarda yeni müəssisələr açılır, yeni infrastruktur layihələri istifadəyə verilir. Ağcabədiyə səfəri çərçivəsində də dövlətimizin başçısı “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olub. Sirr deyil ki, bu gün aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlığı fərdi təsərrüfatlardan bir neçə dəfə çoxdur.

Fərdi təsərrüfatlarda ölkə üzrə taxılın illik orta məhsuldarlığı 30 sentnerə yaxın olduğu halda aqroparklarda və iri fermer təsərrüfatlarında bu rəqəm 70 sentnerə yaxınlaşır. Bu, o deməkdir ki, iri fermer təsərrüfatlarında məhsul istehsalına elmi yanaşma olunur və bütün aqrotexniki xidmətlər vaxtında icra olunduğundan yüksək məhsuldarlığa nail olunur. “Ağcabədi taxıl Aqroparkı” da taxılın və digər kənd təsərrüfatı məhsullarının istehsalında yaxından iştirak etməklə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək”.

O, sonra “Müasir infrastruktur yaradılmadan iqtisadi inkişafdan və insanların rifahının yaxşılaşmasından danışmaq çətin olardı. Prezident İlham Əliyevin Ağcabədidə açılışlarını etdiyi yeni yol layihələri və yarımstansiya bu ərazilərin sürətli inkişafına və yüksək rahatlığın təmin olunmasına imkan verəcək. O cümlədən Daxili Qoşunlarının yeni inşa edilən hərbi şəhərciyində yaradılmış yüksək şərait və müvafiq silah və texnikalarla təchizatı ictimai asayişin qorunmasına, o cümlədən təhlükəsizliyin təmin olunmasında daha peşəkar xidmətin təşkilinə şərait yaradacaq. Daxili Qoşunların şəxsi heyəti 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad olunmasında yaxından iştirak edib. Bu hərbi hissələrdə yaradılan yeni şərait Daxili Qoşunların şəxsi heyətinin daha peşəkar və operativ xidmət aparmasına, Müzəffər Ali Baş Komandanın hər bir tapşırığının yüksək səviyyədə icra olunmasına imkan yaradacaq” – deyə, Azər vurğulayıb.

Əlavə edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ İqtisadi Rayonuna səfəri çərçivəsində növbəti dayanacaqları ruhlar şəhəri və Cənubi Qafqazın Xirosiması adlandırılan Ağdam olub:

“Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri plana uyğun şəkildə icra olunur. İlk növbədə ərazilər minalardan təmizlənir. Növbəti mərhələdə isə yol infrastrukturu və enerji təminatı məsələləri həll olunur. Elektrik enerjisi ilə fasiləsiz təminatı digər işlərin də sürətini artırır. Çünki, müasir dövrdə elektrik enerjisi ilə dayanıqlı təchizatı təşkil olunmadan nə yeni müəssisələrin qurulmasından, nə də ki, insanların qayıdışından danışmaq mümkün deyil. İşğaldan azad olunmuş ərazilərimiz bu gün dövlətimizin başçısı tərəfindən yaşıl enerji zonası elan olunmuş və qısa bir zamanda hidroqovşaqların yenidən bərpasına başlanıb, yeni yüksək gərginlikli elektrik xətlərin müasir şəkildə optik kabellə təchiz olunaraq tikintisi davam etdirilir, müasir yarımstansiyalar inşa edilərək elektrik enerjisi ilə dayanıqlı təminat təşkil olunur. Ağcabədidə istifadəyə verilmiş 110/35/10 kilovoltluq yeni yarımstansiya, həm də “Ağdam-1”, “Ağdam-2” yarımstansiyaları və Qarabağ Rəqəmsal İdarəetmə Mərkəzi Qarabağ İqtisadi rayonunun elektrik enerjisi ilə dayanıqlı təminatını təmin etməklə yeni müəssisələrin ərsəyə gəlməsinə və Böyük Qayıdışın sürətlənməsinə töhfə verəcək. Elektrik enerjisi ilə fasiləsiz təminat işıqlı gələcəyin qurulması deməkdir.

Gələcəkdə bu ərazilərdə yeni generasiya gücləri yaradılacaq. Bu istiqamətdə yeni su, günəş və külək stansiyaları tikiləcək ki, bu da ümumi şəkildə Azərbaycanın enerji imkanlarını genişləndirməklə ixrac gücümüzü artıracaq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri çərçivəsində yeni yaradılan Ağdam Sənaye Parkında iki müəssisənin təməli qoyulub. Beləliklə bu parkda 5 rezident tikinti işlərinə başlayıb. Sahibkarlarımız bu ərazilərdə investisiya layihələri həyata keçirirlər və bu işlərdə maraqlıdırlar. İşğaldan azad olunmuş ərazilərdə investisiya qoyacaq sahibkarlıq subyektləri üçün xüsusi güzəştlər tətbiq olunur. Həm də bu ərazilərin iqtisadi potensialı çox yüksəkdir. Dövlət bu işləri öz gücü hesabına edəcək. Amma özəl sektorun da bu işlərdə iştirakı Böyük Qayıdışımızı daha da sürətləndirəcək. Düşünürəm ki, bu ərazilərə kapitalını yatıracaq hər bir sahibkar qısa bir zamanda yeni gəlirlər əldə edəcək. Dövlətimizin başçısı öz çıxışında ölkə sahibkarlarına bir daha çağırış edərək işğaldan azad olunmuş ərazilərdə investisiyaların yatırılmasına və yeni müəssisələrin yaradılmasında iştirak etmələrini tövsiyə edib. Təbii ki, Sənaye Parklarımızın 7-yə çatması ölkəmizin sənayeləşməsi prosesini sürətləndirəcək”.

Deputat mətbuata açıqlamasında qeyd edib ki, son illər ölkəmizin qeyri-neft sektorunda görülən işlərin uğurlu nəticələrini yola saldığımız ilin iqtisadi göstəricilərində də görürük:

“Məsələn, 2021-ci ildə ölkə üzrə qeyri-neft sənayesinin istehsalı 20 faizə qədər, cari ilin yanvar ayında isə 24 faizdən çox artıb. Düşünürəm ki, yaxın gələcəkdə həm Ağdam, həm də Araz vadisi Sənaye Parklarının istifadəyə verilməsi ölkəmizin qeyri-neft sənayesi sektorunda yeni səhifə açacaqdır. Sənaye Parklarının istifadəyə verilməsi yeni istehsal sahələrin ərsəyə gəlməsi və həm də bu ərazilərə qayıdacaq sakinlərin məşğulluq məsələsinin öncədən həll edilməsi deməkdir. Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının dirçəldilməsi ümumi ölkə iqtisadiyyatının sürətli inkişafına gətirib çıxaracaq”.

“Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində “Park Forest Ağdam” mehmanxanasının, 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Mərkəzi Xəstəxanasının təməllərini qoyub, Qarabağ iqtisadi rayonuna daxil, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyi üçün yaradılan müasir şəraitlə tanış olub. Ağdam şəhərində ərsəyə gələcək bu müasir binalar və müəssisələr ağdamlıların öz doğma yurdlarına tezliklə qayıdışını təmin edəcək. Ağdamlılar da işğaldan azad olunmuş digər rayonların sakinləri kimi 30 ilə yaxın bir müddətdə qaçqınlıqda ağır həyat şəraitində yaşayıblar. Qaçqınlarımızın müəyyən bir hissəsi üçün dövlətimiz müasir yaşayış kompleksləri inşa etməklə onların həyat-şəraitini müasirləşdirib. Amma doğma yurd həsrəti və bu ərazilərdə yaradılacaq yeni şəraitlər heç nə ilə əvəz olunmayacaq və tezliklə Böyük Qayıdışımızın tərkib hissəsi olaraq bəzi yaşayış məntəqələrimizə mərhələli şəkildə qaçqın və köçkünlərimizin qayıdışı təmin olunacaq. Heydər Əliyev Fondu da işğaldan azad olunmuş ərazilərdə dini-milli mənəvi dəyərlərimizin və tarixi abidlərin bərpasında yaxından iştirak edir. O cümlədən Ağdama səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidində aparılan bərpa işləri ilə tanış olublar, İmarət kompleksinə baxış keçiriblər. Ümumiyyətlə, qeyd etmək olar ki, Heydər Əliyev Fondunun Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə ermənilər tərəfindən dağıdılmış məscidlərimizi bərpa etməsi çox təqdirəlayiqdir. Bu, həm də bizim dinimizə, tariximizə və milli-mənəvi dəyərlərimizə olan yüksək ehtiram və hörmətimizdən irəli gəlir”– deyə, deputat sonra vurğulayıb.

O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimiz müasirləşərək gözəlləşəcək və yaxın gələcəkdə yerli sakinlərin Böyük Qayıdışına hazır olacaq.

Etikxeber.az

Read Previous

İki medallı, səhhətində hələ də problemlər olan və övladı Şəhid Fəxri Qəribzadənin adını daşıyan Vətən sevdalısı-FİRUDİN NƏCƏFOV… ONUN ƏLİLLİK DƏRƏCƏSİ VERİLƏCƏKMİ, KİRAYƏDƏN CANI QURTULACAQMI, EVLƏ, MƏNZİLLƏ TƏMİN OLUNACAQMI? – FOTOLAR

Read Next

“COVID-19” pasportu olmadığına görə-29 NƏFƏR TOYA BURAXILMADI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir