“İslahatlar, milli dəyərlərlə bağlı olan tədbirlər, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın”-MİLLƏT VƏKİLİ

Bu gün inkişafına görə regionun lider dövləti olan, məqsədyönlü siyasət sayəsində özünün iqtisadi potensialını və maliyyə imkanlarını artıran Azərbaycan, eyni zamanda, dərinməzmunlu sosial siyasət həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasətin bəhrəsini isə ölkənin hər bir vətəndaşı görür. Onu da xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, dövlətin həyata keçirdiyi siyasətdən qaçqın və məcburi köçkünlərə da pay düşüb. Respublikamızda bu qəbildən olan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Etikxeber.az xəbər verir ki, bu fikirləri  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı da deyilənləri bir daha təsdiqləyir.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi açılışda vurğulandığı kimi məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində Biləsuvar rayonunun ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin gələcək sakinləri ilə görüşündə belə bir vədlə çıxış etmişdi: “Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq”. Prezident İlham Əliyevin bu vədi vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirilib. Belə ki, dövlət başçısının diqqət və qayğısı sayəsində 2007-ci ilin dekabrında Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı, Sabirabad, İmişli rayonlarındakı 12 çadır şəhərciyinin ləğv edilməsi və çadırlarda müvəqqəti sığınacaq tapan soydaşlarımızın hər cür kommunal rahatlıqlara malik mənzillərlə təmin edilməsi tam başa çatdırılıb” – deyə, V.İskəndənrov əlavə edib.

V. İskəndərov bildirib ki, son 4-5 il ərzində neftin qiymətinin bir neçə dəfə kəskin düşməsinə baxmayaraq ölkəmizdə məcburi köçkünlərlə bağlı olan layihələrdə heç bir yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur:

“Dövlətimizin başçısının bildirdiyi kimi keçən il məcburi köçkünlər üçün rekord sayda – 5 minə yaxın evlər-mənzillər tikildi. Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Eyni zamanda gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayrılacaq”.

Ölkəmizdə eyni zamanda, məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində də davamlı addımların atıldığını deyən millət vəkilinin sözlərinə görə, keçən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artıb. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir.

V. İskəndərov qeyd edib ki, Azərbaycanda qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlərin, həmçinin Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin önəmini xüsusi vurğulamaq lazımdır.

Millət vəkilinin dediyinə görə, ölkəmizdə 2017-ci ildə qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb. Bəhs olunan layihə Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin yeni mənzillərə köçürülməsini əhatə edir. Layihənin icrası Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi nəzarətindədir:

“Təsadüfi deyil ki, Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirədə məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsi müzakirə edildi. Beləliklə, Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra ilk mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlandı. Bəhs olunan müşavirədən cəmi bir neçə ay sonra isə – 2017-ci il may ayının 30-da Mehriban Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən kompleksin təməli qoyuldu. Bundan başqa, çox qısa müddətdə Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib.

Eyni zamanda sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan və mayın 28-də açılışı olan yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1”, “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Bir daha qeyd edim ki, bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. “Qobu-1” və “Qobu-2” layihəsi artıq 2018-ci və 2019-cu illərdə istifadəyə verilib. Bildirməliyəm ki, bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban Əliyeva olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. O vaxt bura boş ərazi idi, heç nə yox idi və demək olar ki, 3 il ərzində ardıcıllıqla burada gözəl bir şəhər yaradılıb. Çünki bu 3 şəhərcikdə toplam 20 minə yaxın insan yaşayacaq və bu, bir daha onu göstərir ki, əgər iradə varsa, əgər siyasət düzgün aparılırsa və əgər insanların ürəyində ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər” .

Millət vəkili vurğulayıb ki, 1336 məcburi köçkün ailəsinin yerləşəcəyi “Qobu Park-3” kompleksində 960 şagirdlik məktəb fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır.

Açıqlamasında “Qobu Park-3” yaşayış kompleksinin açılışının 28 May – Respublika Gününə təsadüf etməsinə də toxunan deputat əslində bunun rəmzi məna daşıdığını bildirib.

Onun bildirdiyinə görə, bu 102 il əvvəl elan edilən və cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının müstəqil ölkə kimi gücünün, əldə etdiyi uğurların nəticəsidir:

“Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində hər keçən gün daha da qüdrətlənən müstəqil Azərbaycan bu uğurlarla kifayətlənmək niyyətində deyil. Dövlətimizin başçısının bəyan etdiyi kimi ölkəmizin gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi, ölkəmizdə iqtisadi, sosial sahədə aparılan islahatlar, milli dəyərlərlə bağlı olan tədbirlərimiz, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın, həmişə qürurlu, həmişə möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun və xalqımız həmişə azad olsun” (AZƏRTAC).

Etikxeber.az

Read Previous

“Ölkəmizin Qarabağ, torpaq məsələsində qətiyyətli, birmənalı, dəyiməz mövqeyi bir daha ortaya qoyuldu”-DEPUTAT

Read Next

Bir anlıq özünü itirdi, qıpqırmızı qızardı…Və sərt şəkildə cavab verdi ki, bu sual təxribat xarakterlidir, yalandır…-KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir