“İslamiada”: İdmançılarımız qələbə seriyasını davam etdirir – YENİLƏNİB (4)

Kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında təmsilçimiz Elçin Muradov 5,76 metr nəticə ilə qızıl medala sahib olub.

Etikxeber.az xəbər verir ki, digər təmsilçimiz Zeynidin Bilalov isə 5,22 metrlə bürünc medal qazanıb. Yarışın gümüş medalına isə 5,28 metr göstərici ilə indoneziyalı Abdul Dalimunte layiq görülüb.

***

Sərbəst güləş yarışlarının ikinci günündə Azərbaycan idmançısı Şərif Şərifov ilk görüşünə çıxıb.

Güləşçimiz İraq təmsilçisi Al Muşattat Nazar Cabur Busi ilə qarşılaşıb. Səksən altı kiloqram çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov 10:0 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqə qazanıb.

Sərbəst güləş yarışlarında digər təmsilçimiz Hacı Əliyev (61 kq) də ilk görüşündən qələbə ilə ayrılıb. İdmançımız birinci qarşılaşmada Türkmənistan təmsilçisi Saparmurat Myradov ilə üz-üzə gəlib. Güləşçimiz rəqibini vaxtından əvvəl tam üstünlüklə məğlub edərək (10:0) dörddəbir final mərhələsinə yüksəlib.

***

Sərbəst güləş yarışlarında 61 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Hacı Əliyev dörddəbir final görüşündə Tacikistan təmsilçisi Todjiddin Xhodjayev ilə qarşılaşıb.

Pəhləvanımız təmiz qələbə qazanaraq görüşü vaxtından əvvəl başa vurub.

***

“Bakı-2017”də kişilər arasında uşu yarışlarında ölkəmizi təmsil edən beynəlxalq turnirlərin qalibi Pərviz Abdullayev (75 kq) səkkizdəbir finalda türkmənistanlı Rehmet Ovezberdiyev ilə döyüşüb.

Qarşılaşmada rəqibinə 2:0 hesabı ilə qalib gələn idmançımız İslamiadanın dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Yarışlarda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Hətəmov da ilk görüşünü qələbə ilə başa vurub. Yarışa dörddəbir finaldan başlayan Avropa çempionumuz İordaniya təmsilçisi Ammar Alşami ilə görüşdən 2:0 hesablı qələbə ilə ayrılaraq İslamiadanın yarımfinalına adlayıb.

***

Sərbəst güləş yarışlarında 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Şərif Şərifov yarımfinala yüksəlib.

İdmançımız dörddəbir finalda Pakistan güləşçisi Muhammad İnama 11:1 hesabı ilə qalib gəlib.

***

Tennis yarışlarının doqquzuncu günündə kişilər və qadınlar arasında fərdi mübarizənin yarımfinal mərhələsinin bütün iştirakçıları və cütlüklər arasında finalçılar müəyyənləşəcək.

Gün ərzində ümumilikdə 12 görüş oynanılacaq. Həm kişilər, həm də qadınlar arasında fərdi yarışlarda dörddəbir final mərhələsinin oyunları keçiriləcək. Kişi və qadın cütlüklərin yarışlarında isə yarımfinal görüşləri oynanılacaq.

“Bakı-2017”nin tennis yarışlarına mayın 22-də yekun vurulacaq.

Etikxeber.az

Read Previous

Vahid Əhmədovdan onu tənqid edənlərə sərt cavab gəldi: “SİFARİŞDİR”

Read Next

İslam Həmrəyliyi Oyunlarının bağlanış günü Bakının yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir