“İslamiada”: İdmançılarımız sonuncu gündə də qələbə seriyasını davam etdirir – FOTO – YENİLƏNİB (3)

Azərbaycan idmançısı Rüfət Gülalıyev IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarında kişilər arasında səngi növü üzrə mübarizədə qızıl medal qazanıb.

Etikxeber.az xəbər verir ki, yarışların ikinci gününün birinci yarısında idmançılar səngi, milbazi və çərxi-tiz fərdi növləri üzrə məharətlərini nümayiş etdiriblər.

Hakimlərin qərarına əsasən, zorxana yarışlarının səngi növü üzrə qızıl medala Azərbaycan idmançısı Rüfət Gülalıyev layiq görülüb. Gümüş medala iranlı Mobin Zibalağa, bürünc medallara isə əfqanıstanlı Hakimulla Bigzadə və tacikistanlı Novruz Arabov sahib olublar.

Qalib idmançılara medalları İslam Həmrəyliyi İdman Federasiyasının icraiyyə komitəsinin üzvü Salim Musoke təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

***

İdmançılarımız zorxana yarışlarında daha bir medala sahib olublar.

Yarışlarda milbazi növü üzrə mübarizədə ölkəmizi təmsil edən Xəyyam Orucov hakimlərin qərarına əsasən gümüş medala yiyələnib. Bu növdə qızıl medalı iranlı Pejam Sokonati, bürünc medalları isə əfqanıstanlı Şakib Əhməd Atahi və Pakistan təmsilçisi Əhməd Sərdar Ərbab Xan qazanıblar.

***

Zorxana yarışlarında komandamızın aktivinə üçüncü medalı Orxan Xanlarov yazdırıb.

Çərxi-tiz fərdi növü üzrə yarışda hakimlərin qərarına əsasən Orxan Xanlarov bürünc medala layiq görülüb. Bu növdə qızıl medal iranlı Əli Calilo, gümüş iraqlı Caber Abdulamer, digər bürünc medal isə əfqanıstanlı Həsən Muştaq Şərifə nəsib olub.

Qalib idmançılara medalları İslam Həmrəyliyi İdman Federasiyasının icraiyyə komitəsinin üzvü Salim Musoke təqdim edib.

***

Stolüstü tennis üzrə kişi komandaları arasında yarımfinal görüşü keçirilib.

Təmsilçilərimiz yarımfinalda Türkiyə yığmasına 0:3 hesabı ilə məğlub olublar. İdmançılarımız bürünc medal uğrunda görüşə çıxacaqlar. Digər yarımfinal görüşündə İran millisi Səudiyyə Ərəbistanı üzərində 3:0 hesablı qələbə qazanıb.

Bu gün Azərbaycan komandası Səudiyyə Ərəbistanı təmsilçiləri ilə bürünc medal uğrunda mübarizə aparacaq.

Mayın 22-də isə Türkiyə millisi ilə İran yığması final görüşündə qarşılaşacaqlar.

***

Güləş yarışlarının sonuncu günündə qadın idmançılarımız uğurla mübarizə aparırlar.

Güləş yarışlarının sonuncu günündə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kiloqram çəki dərəcələrində qadın güləşçilər medallar uğrunda güclərini sınayırlar. Azərbaycan bütün çəki dərəcələri üzrə yarışlarda təmsil olunur.

İştirakçıların sayı beş və ya daha az idmançı olan çəki dərəcələrində mübarizə dairəvi sistem üzrə aparılır. Ən çox qələbə qazanan idmançı həmin çəki dərəcəsi üzrə qalib elan edilir.

İdmançımız Mariya Stadnikin mübarizə apardığı 48 kiloqram çəki dərəcəsində üç idmançı yarışır. O, ilk görüşündə Əlcəzairdən olan rəqibi Keira Çairma Yahiaoi üzərində vaxtından əvvəl – 34 saniyə ərzində tam üstünlüklə qələbə qazanıb. Növbəti görüşlər axşam saatlarında keçiriləcək. Final xarakterli qarşılaşmada Azərbaycan güləşçisinin rəqibi türkiyəli Evin Demirhan olacaq.

Yarışda 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova ardıcıl olaraq Türkiyə təmsilçisi Burcu Kevic və Qazaxıstan təmsilçisi Aygül Nuralim üzərində tam üstünlüklə qələbə qazanıb. Leyla Qurbanova IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Dörd idmançının qatıldığı 55 kiloqram çəki dərəcəsində yarışda Natalya Sinişin ilk görüşdə Qazaxıstan təmsilçisinə tam üstünlüklə qalib gəlsə də, ikinci görüşdə Nigeriya idmançısı Odunayo Folasade Adekuoroyeyə uduzub. Güləşçimiz sonuncu görüşdə Türkiyə təmsilçisi Bediha Gün ilə üz-üzə gələcək.

Digər təmsilçimiz Alyona Kolesnik (58 kq) də ilk görüşünü qələbə ilə başa vurub. Final xarakterli son görüşdə güləşçimiz Qırğızıstan təmsilçisi Aysulu Tinibekova ilə qarşılaşacaq.

Tatyana Omelçenkonun (60 kq) mübarizə apardığı çəki dərəcəsində üç idmançı iştirak edir. Birinci dövrəni qələbə ilə başa vuran T.Omelçenko final xarakterli həlledici görüşdə kamerunlu Tiako Essombey ilə qızıl medal uğrunda xalça üzərinə çıxacaq.

Elmira Qəmbərova (63 kq) mübarizəyə yarımfinal mərhələsindən qoşulub. Bu çəki dərəcəsində altı güləşçi yarışır. Yarımfinalda məğlub olan qadın pəhləvanımız bürünc medal uğrunda görüşə çıxacaq.

Elis Manolova (69 kq) Kamerun və Türkiyə idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Qazaxıstan təmsilçisi Zamila Bakbergenova olacaq.

Səbirə Əliyeva (75 kq) keçirdiyi üç görüşdən ikisində tam üstünlüklə qalib gəlib, bir görüşdə uduzub. Final xarakterli sonuncu görüşdə güləşçimizin rəqibi Türkiyə təmsilçisi Yasemin Adar olacaq.

***

Stolüstü tennis üzrə qadın komandaları arasında yarımfinal mərhələsinin görüşləri keçirilib.

Qadın komandamız yarımfinalda Pakistan yığmasına 3:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Yarımfinalın digər görüşündə İranlı idmançılar Türkiyə komandasını 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, final görüşündə Azərbaycan millisi İran yığması ilə qarşılaşacaq. Bürünc medal uğrunda oyunda isə Türkiyə və Pakistan komandaları üz-üzə gələcəklər.

Etikxeber.az

 

Read Previous

Kılıcdaroğluna sitəm: “FETÖ”-çülərə necə qucaq açıldığını görmürmü?”

Read Next

“Ölkəmizi bölməyə çalışanlar bədəlini ödəməkdə davam edəcəklər…” – ƏRDOĞAN- YENİLƏNİB (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir