İsmayıllıdan Quzanlıya, Quzanlıdan Bərdəyə…Bir Anım Günündən daha iki Anım Gününə…Cəmillər, Samirlər, Ərəstunlar… BU GÜN CƏMİL MƏMMƏDLİ İLƏ SAMİR FƏRZƏLİYEVİN ANIM GÜNLƏRİ OLDU, ƏRƏSTUN XIDIROVUN İSƏ ANIM GÜNÜ SABAH OLACAQ… – FOTOLAR

Bu gün səhər tezdən günortaya, saat 14:00 radələrinə kimi İsmayıllıda, həm bu rayonun, həm də Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin tək, ali təhsilli, subay oğlu, 4 medallı Cəmil Habil oğlu Məmmədlinin Anım Günündə, məzarının ziyarəti və anım mərasimində iştirak etdim…

Şəhidimizin ruhu, ailəsi qarşısında insanlıq, vicdan borcumu az da olsa, yerinə yetirməyə çalışdım…

Zatən…Şəhidlərə, Şəhid ailələrinə, Cəmilə, Cəmillərə olan borcumuz ödənməz və ödənməyəcək heç zaman…

Daim, bir ömür boyu ruhu, ruhları, ailəsi, ailələri qarşısında borclu olacaq, borclu qalacağıq…

Şəhidimizin, Cəmil Məmmədlinin anım mərasimindən çıxıb üzü Qarabağa, işğaldan azad olunmuş Ağdama, 27-28 il ərzində Ağdamın paytaxtı-mərkəzi rolunu oynayan Quzanlıya yol aldım…

Çox Fəxrli, Qürurluydum…

Çünki ilk dəfə iki il öncə Quzanlıda olmuş və oradan Ağdamın, Qarabağın işğal altında olan bölgələrinə üzüntü, həsrət, nisgillə boylanmışdım…

Və həmin gün-2019-cu ilin 9 noyabrında Parlament Jurnalistlər Birliyinin (PJB) Dövlət Bayrağı Günü ilə bağlı növbəti aksiyası zamanı Ağdamda…olarkən sosial şəbəkə hesabımda “Gələn il bu vaxt işğaldan azad olunmuş Ağdamımızda, Qarabağımzda bayraq aksiyasını keçirək, üçrəngli bayrağımızı işğaldan azad olunmuş yurd yerlərimizdə dalğalandıraq!”-deyə, yazmış, arzumu ifadə etmişdim…

Və Allah sanki dualarımı, cəmi millətimizin dualarını, eşitdi və cəmi bir il sonra- 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Ermənistanı qarşımızda diz çökdürdük, təslim etdik, murdar, alçaq düşmənə Qələbə və Zəfərimizi etiraf etdirdik…

Odur ki, bu dəfə Ağdama, Quzanlıya Fəxrlə, Qürurla gedirdim…

Həm də içimdə bir duyğusallıq, kövrəklik…vardı…

Çünki bir anım mərasimindən, bir Şəhidimizin ilindən başqa bir Nur üzlü Şəhidimizin, Qarabağını, doğma Ağdamını, Qiyaslısını azad olunmuş görmək üçün canını çəkinmədən fəda etmiş Şəhid, 24 yaşında Dastana dönmüş Samir Fərzəliyevin ilinə, Anım Gününə gedirdim…

Şəhidimizin özü kimi Qəhrəman anası Siyafər xanıma söz vermişdim…

Söz vermişdim ki, gec də olsa, gəlib Şəhidimizin Anım Günündə iştirak və məzarını ziyarət edəcəyəm…

Və təxminən 4 saatlıq yolçuluqdan sonra Quzanlıya, Samirgilə çatdım…

Anası Siyafər xanıma, atası Vaqif kişiyə, bacısına, yaxınlarına başsağlığı verdim, Allahdan onlara səbr dilədim, “Şəhidlərimizin, Samirimizin məkanı cənnətlik olsun. Ruhu qarşısıda baş əyirəm!”-dedim…

Təxminən 20 dəqiqədən sonra Şəhidimizin anası və yaxınları ilə Quzanlı-Ağdam Şəhidlər Xiyabanına, Şəhidimizin, Şəhidlərimizin məzarını ziyarətə getdim…

Məzarını, digər İkinci Vətən Müharibəsi Şəhidlərimizin məzarlarını ziyarət etdim, ruhlarına dualar oxudum, Samirin ailəsinə, digər Ağdamlı Şəhidlərimizin ailələrinə bir daha səbr dilədim…

Ziyarətdən sonra yenidən Samirgilə qayıtdım, bir daha valideynləri ilə söhbətləşdim, dərdləşdim…

***

Təxminən 19:15 radələrində isə Şəhidimizin ailəsi ilə sağollaşıb, yenidən Qəhrəman Bərdəmizə, sabah, 16 oktyabr tarixində Anım Günü olacaq Suqovuşan fatehi, ailənin 3 övladından biri, MAXE Ərəstun Xıdırovgilə üz tutdum…

Digər Bərdəli, həm də Bakılı Şəhidimiz Fəxri Qəribzadənin anası və yaxınları ilə…

Onlarla birlikdə Şəhidimizin ailəsini ziyarət etdim…

Qeyd edim ki, 22 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalmış Ərəstunun valideynlərini çoxdan, daha doğrusu, bu ilin aprel-may aylarından tanıyırdım, tanıyıram…

Dəfələrlə müxtəlif bölgələrdə Şəhid məclislərində rastlaşmış, söhbətləşmiş, birgə iştirak etmişdim…

Anası Səidə xanım, atası, mənimlə yaşıd olan Arif kişi, qardaşı Azər çox mehriban, çox sadə, çox səmimi insanlardır…

Hər zaman onları doğmalarım bilmişəm və bu gün də elə bilirəm…

Evin, ailənin 3 övladından, iki oğlundan biri, subay, MAXE Ərəstunun Anım Günü ilə bağlı bir daha ailəsinə başsağlığı verdim, bir daha Dərdli və Qürurlu Xıdırovlar ailəsinə Allahdan səbr dilədim…

Məkanı cənnətlik olsun, məzarı nurla dolsun-arzuları da ömrü kimi yarımçıq qalan Şəhidimizin!

Böyük Yaradan məqamını ucalardan-Uca, dərgahını mübarək etsin, ailəsinə səbr versin!

***

Cəmi saatlar sonra, səhər saatlarında isə Anım Günü ilə bağlı Ərəstun Xıdırovun məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, məzarı başında çıxışlar ediləcək, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək…

Ziyarətdə Şəhidin ailə üzvləri ilə yanaşı yaxınları, qonşuları, Bərdə və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər…

Təxminən bir saat davam edəcək ziyarətdən sonra yaşadığı evin həyətində anım mərasimi keçiriləcək, adına ehsan veriləcək…

Bir daha ruhu şad, ehsanı qəbul olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

İsmayıllı-Quzanlı, Ağdam-Bərdə

Etikxeber.az

Read Previous

“Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaq”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Daha 1681 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir