İşsiz qalmaya görə sosial yardım alanların siyahısı genişləndirilir

Martın 29-da Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasda 13 qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Bunlar “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” və “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunlarına dəyişiklik layihələridir.

Qeyd edək ki,  “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 3-cü (Sosial yardım almaq hüququ olan ailələr) maddəsinə edilən əlavələrə əsasən Azərbaycanda işsiz qalmaya görə sosial yardım alanların siyahısı genişləndirilir.

Yəni, layihəyə görə, ölkədə eyni zamanda dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınan şəxslər də sosial yardım hüququna malik olacaqlar.

Bundan başqa, iclasda  Cinayət, İnzibati Xətalar və Vergi məcəllələrinə də dəyişiklik layihələri müzakirə edilib.

Layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, işsizlikdən sığorta haqqında qaydaların pozulması ilə əlaqədar sərtləşdirmələr nəzərdə tutulur.

HADIIII

Cinayət Məcəlləsinin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinə təklif olunan dəyişikliyə əsasən maddənin adı dəyişdirilərək belə verilir: “Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”.

Maddənin 1-ci bəndinə isə “işsizlikdən sığorta” sözü əlavə edilir. İnzibati Xətalar Məcəlləsində bununla bağlı cəza mexanizminin tətbiqi təklif olunur.

Məcəlləyə yeni 477-1-ci maddəsi əlavə edilir:

– Sığorta edən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması, yəni:

– İşçilərin işsizlikdən sığorta etdirilməməsinə,

– “İşsizlikdən sığorta haqqında” qanunla müəyyən edilən qaydada, məbləğdə və vaxtda sığorta haqqının sığortaçıya ödənilməməsinə,

– Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verilməməsinə,

– Sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya təqdim edilməməsinə,

– Mülki Məcəllə ilə müəyyən edilən hallarda özünün yenidən təşkil olunması və ya ləğv edilməsi barədə sığortaçıya məlumat verilməməsinə,

– Sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmamasına və bu barədə sığortaçıya və hesabatın təqdim edilməməsinə, sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasının təmin edilməməsinə görə fiziki şəxslər 100 manat məbləğdə, vəzifəli şəxslər 200 manat məbləğdə, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan “İşsizlikdən sığorta haqqında” qanunla müəyyən olunan hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə inzibati xəta nəticəsində vurulan ziyanın bir misli miqdarında cərimə təyin edilir.

Qanunlara edilən dəyişiklik layihələri sonda MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

Bakıda çoxlu sayda erməni sərbəst şəkildə yaşayır – PA

Read Next

Ruhani getdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir