“İstədiyimiz kimi oynaya bilsək…” – QURBAN QURBANOV – FOTO

“Sevilya” kimi komandanın Bakıya gəlməsi hamı üçün sevindiricidir. Bir ilə yaxın idi ki, azarkeşlərimiz belə güclü rəqibə qarşı stadionda oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda sonadək mübarizə aparan yaxşı bir kollektiv görəcəyik.

Etikxeber.az xəbər verir ki, bu fikirləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində İspaniyanın “Sevilya” klubu ilə keçiriləcək oyun ərəfəsində təşkil olunmuş mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, rəqibin ad-sanına baxmayaraq, Ağdam təmsilçisi öz futbolunu oynamağa çalışacaq:

“Düşünürəm ki, “Sevilya” Çempionlar Liqasında oynamağa layiq komandadır. Biz öz meydançamızda oynayırıq və maksimum nəticə göstərməyə çalışacağıq. İstədiyimiz kimi oynaya bilsək, yaxşı nəticə qazana bilərik. Rəqibi kifayət qədər yaxşı tanıyırıq”.

O, “Sevilya”ya rəhbərlik edən Xulen Lopetegi barədə də fikirlərini bölüşüb:

“Onunla şəxsi tanışlığım yoxdur. “Real Madrid”də və İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Əsl İspaniya futboluna üstünlük verən mütəxəssisdir. Mənim də İspaniya futboluna marağım böyükdür. Ən çox izlədiyim çempionat İspaniya La Liqasıdır. “Sevilya”nın heyəti barədə danışmağa ehtiyac yoxdur. Hamısının adını çəkmək olar. Sabah layiqli mübarizə aparacağıq və çalışacağıq ki, azarkeşlər oyunumuzdan razı qalsın. Məlumdur ki, onlar da matça ciddi hazırlaşırlar. Ola bilər ki, “Atletiko” ilə oyunlarımızdakı nəticələr onları buna vadar edir”.

sevilya

“Sevilya” kimi bir komandaya qarşı mübarizə aparmaq çox xoşdur. Keçən mövsümün sonunda baş məşqçilərin dəyişildiyini bilirik. Bir çox futbolçu klubdan ayrılsa da, əvəzinə güclü oyunçular cəlb olunub”

Bu sözləri isə “Qarabağ”ın ispaniyalı futbolçusu Miçel Madera söyləyib.

O, deyib:

“Ancaq bizim də öz arzularımız var. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Mənim üçün özəl oyundur. Ümumiyyətlə, bu turnirdə iştirak etmək fərqli hissdir. Turnirboyu bütün oyunlardan zövq almağa, azarkeşlərimizi sevindirməyə və uğurlu nəticə göstərməyə çalışacağıq. Üç gün əvvəl çempionat matçımız var idi, həmin oyuna köklənmişdik. Bu gün bu barədə danışmağa vaxtımız olacaq. Çox güclü klubla üzləşəcəyik. Mən “Sportinq Xixon” və “Xetafe”ni təmsil edərkən “Sevilya” klubu ilə qarşılaşmışam. Yaxşı və pis xatirələr olub. Həm qalib gəlmişik, həm də uduzmuşuq. “Sevilya” UEFA Çempionlar Liqasında oynamağa can atan komandadır”.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.

Qrupdakı digər qarşılaşma Kiprin APOEL və Lüksemburqun “Düdelanj” komandaları arasında oynanılacaq.

Etikxeber.az

Read Previous

“Bundan ən çox uşaqlar əziyyət çəkir…” – TAHİR RZAYEV – FOTO

Read Next

Parlamentin Səhiyyə komitəsi 3 ictimai dinləmə keçirəcək… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir