“İstəyirəm ki, 55 saylı məktəbə balamın, tək övladımın adı verilsin…Niyə vermirlər? Nəyi gözləyirlər?”-ŞƏHİD SAMİR ƏLİYEVİN ANASI SEVDA ƏLAZADƏ BİR DAHA AİDİYYATI QURUM VƏ CAVABDEH ŞƏXSLƏRƏ MÜRACİƏT ETDİ

İkinci Vətən Müharibəsi Şəhidi, ali təhsilli peşəkar hərbçi, Baş leytenant, bir neçə medal və 3-cü dərəcəli “Rəşadət” ordenli, evin tək və subay övladı Samir Əliyev Bakının Xətai rayonunun 55 saylı orta məktəbinin tək Şəhididir.

Bu məktəbin məzunları arasında tək və yeganə Şəhid Samir Əliyevdir.

O Samir Əliyev ki, 11 il bu məktəbi, özü də əla qiymətlərlə oxuyub, hər kəsin rəğbətini qazanıb.

Ancaq bu günə kimi isə həmin məktəbə Samir Əliyevin adının verilməsi məsələsi ləngildilir və uzadılır.

Aidiyyatı qurumlar-Təhsil Nazirliyi və Nazirlər Kabineti hələ də bu məsələni müsbət həll etməyib.

Hansı ki, bütün məktəb kollektivi-hər kəs 55 saylı məktəbə Samir Əliyevin adının verilməsini istəyir və həmin günü səbirsizliklə gözləyir.

Şəhidin anası Sevda Əlizadə də müvafiq və aidiyyatı qurumların bu məsələyə münasibətindən, yanaşmasından narazıdır.

Etikxeber.az-a açıqlamasında tək, yeganə, ali təhsilli övladını Şəhid vermiş ana bunları bildirib:

“Övladım Şəhidliyindən, İkinci Vətən Müharibəsindən az qala üç ilə yaxın vaxt keçir. Üç ilə yaxındır ki, 55 saylı məktəbə həmin təhsil ocağının tək və yeganə Şəhidi olan balamın adının verilməsini gözləyirəm. Üç ildə bu məsələ ilə bağlı döymədiyimiz qapı, ağız açmadığımız qurum, səlahiyyətli şəxs qalmayıb. Hər dəfə də deyiblər ki, darıxmayın, səbr edin, həll ediləcək, veriləcək. Samir mənim tək və yeganə övladım idi. Onun Şəhidliyindən sonra bütün həyatım alt-üst oldu, arxa-dayağımı, hər şeyimi itirdim. Mənə heç nə lazım deyil, sadəcə, təsəlli, təskinlik üçün istəyirəm ki, oxuduğu məktəbə balamın adı verilsin, az da olsa, ruhu huzur, rahatlıq tapsın. Nəyi gözləyirlər? Niyə uzadırlar, niyə yubadırlar bu məsələni? Mən öləndən sonra verəcəklər? Axı, bütün məktəb, hər kəs istəyir ki, həmin məktəbə Samirin adı verilsin…Versinlər də?! Bir daha buradan hər kəsə- bütün aidiyyatı qurumlara və şəxslərə müraciət edirəm ki, artıq bəhanəyə, laqeydliyə son qoyun, 55 saylı məktəbə balamın, Şəhidimin adını verin. Bu, balamın, Şəhidimin Haqqıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Hamıya pul paylayırsınız, amma qazilərə veriləcək müavinət qalıb”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq faktordur, sabitlik, inkişaf və təhlükəsizlik faktorudur…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (11)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir