“İstəyirəm ki, övladım Füzulinin, Qubadlının azad olunmasına görə, “Cəsur döyüşçü” medalları və ordenlərimizdən biri ilə təltif olunsun, adı, xatirəsi əbədiləşdirilsin”-ŞƏHİD CAVİDAN İBRAHİMLİNİN ANASI ÖLKƏ RƏHBƏRLİYİNƏ, ALİ BAŞ KOMANDANA MÜRACİƏT ETDİ

Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cavidan Nizami oğlu İbrahimlinin anası Gülnaz İbrahimova ölkə Prezidenti İlham Əliyevə, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevə, Müdafiə naziri Zakir Həsənova, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyevə və Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova müraciət ünvanlayıb.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Cənab Prezident, cənab Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Gülnaz İbrahimova 3 övlad, 3 oğul anasıyam. Övladlarımdan biri-Cavidan Nizami oğlu İbrahimli 44 günlük tarixi İkinci Vətən Müharibəsinin iştirakçılarından və Şəhidlərindəndir. Övladım Əsgərliyini, Vətənə xidmət borcunu yerinə yetirdikdən az sonra, 21 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb olunub və ayın 27-dən də İkinci Vətən Müharibəsində iştirak edib. Bir aya yaxın şərəfli döyüş yolu keçib və oktyabr ayının 21-də əslən Ağdamlı, əslən Qarabağlı, bir Vətən sevdalısı kimi Vətəni, Qarabağı yolunda qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb. Cəbrayıl, Qubadlı, Füzuli, Xocavənd istiqamətlərində döyüşən övladım Füzuli uğrunda qanlı döyüşlərdən birində canını Vətəninə fəda edib və nəşi 3 gün sonra, oktyabr ayının 24-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn edilib.

Övladımın Şəhidliyindən, bala acısından, itkisindən az sonra başımıza başqa bir müsibət gəldi. Bala, övlad dərdinə dözə bilməyən həyat yoldaşım vaxtsız şəkildə dünyasını dəyişib. Cəmi 40 gündə həm canımdan əziz balamı, həm də həyat yoldaşımı itirdim. Bala, övlad dərdimin üstünə yoldaş dərd, itkisi gəldi. Allah heç bir ananın, heç bir həyat yoldaşının başına gətirməsin. Çox ağır dərddir. Mən yaşadım, heç kim, heç bir ana, heç bir həyat yoldaşı yaşamasın. Nə qədər ağır və əzablı olsa da, oğlumla, övladımla Fəxr edirəm, Qürur duyuram. Fəxr edirəm ki, Cavidan kimi Oğulun, İgidin, Qəhrəmanın anasıyam. Övladım da daxil olmaqla, cəmi Şəhid balalarımızın ruhları qarşısında baş əyirəm!”

Müraciətdə sonra deyilir:

“Hörmətli İlham Heydəroğlu!

Övladım Şəhidliyindən sonra Ali Baş Komandan kimi Sizin tərəfinizdən iki medalla-“Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Buna görə bir daha Sizə minnətdarlığımı bildirirəm, Allah razı olsun! Amma bununla belə, hesab edirəm ki, övladımın başqa medallarla və ordenlərimizdən biri ilə təltif edilməsi də lazımdır. Çünki övladım Füzuli, Qubadlı, Cəbrayıl uğrunda döyüşlərdə də iştirak edib. İstəyirəm ki, həm Füzulinin, həm Cəbrayılın, həm Qubadlının azad olunmasına görə, həm “Cəsur döyüşçü” medalları, həm də ali ordenlərimizdən biri ilə təltif olunsun. Bunlar övladımın Haqqıdır.

Dərdli, Yaralı, həm də Qürurlu və Məğrur bir Şəhid anası olaraq istəyirəm və Sizdən xahiş edirəm ki, övladım adıçəkilən medallarla və ordenlərimizdən biri ilə təltif olunsun. Bununla yanaşı, övladımın adı, xatirəsi yaşadığımız Səbail rayonunda, Badamdar qəsəbəsində əbədiləşdirilsin, küçələrimizdən və məktəblərimizdən biri övladımın ismi ilə adlandırılsın. Bu barədə də müvafiq qurum və şəxslərə göstəriş və tapşırıqlar verməyinizi istəyirəm. Əgər bunlar olarsa, övladımın nakam ruhu da sevinmiş, sevindirilmiş, şad edilmiş olar, həm də bir Şəhid anası, bir Şəhid ailəsi kimi bizə təsəlli, təskinlik olar. İnanıram və əminəm ki, belə də olacaq, övladımın Haqqı yerdə qalmayacaq, həm adıçəkilən medallarla və ordenlərimizdən biri ilə təltif olunacaq, həm də adı, xatirəsi əbədiləşdiriləcək. Öncədən də Sizə minnətdarlığımı və təşəkkürlərimi bildirirəm. Allah Sizi, ailənizi, Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Cavid Qurbanov vəzifəsindən azad edildi və NAZİR MÜAVİNİ TƏYİN OLUNDU – YENİLƏNİB – (1)

Read Next

Qubaya qar-YAĞIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir