“İstəyirəm ki, övladımın orden Haqqı tanınsın…Bununla həm Şəhidimin ruhu sevindirilmiş, həm də bir Şəhid ailəsi kimi bizə təsəlli verilmiş olar…”-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ-MAXE, ATASI BİRİNCİ QARABAĞ SAVAŞININ İŞTİRAKÇISI OLAN HİDİ VƏLİYEVİN ANASI SƏNUBƏR TEYMUROVA ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndində yaşayan Şəhid anası Sənubər Yaşa qızı Teymurova ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Milli Məclisin (MM) sədri Sahibə Qafarovaya, Azərbaycan Prezidentinin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə və parlamentin Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayevaya müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Sənubər Yaşa qızı Teymurova Qəhrəman Goranboy rayonunun 1988-ci ildən ta tarixi Zəfərimizə kimi 32 il ərzində düşmən qarşısında mətanətlə, dəyanətlə dayanan Qəhrəman Tap-Qaraqoyunlu kəndindənəm. İkinci Vətən Müharibəsi Şəhidi Hidi Bəxtiyar oğlu Vəliyevin anasıyam. Dörd övladımdan, iki oğlumdan biri olan Hidi Goranboyun, bütövlükdə Azərbaycanın ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən biridir. Övladım-MAXE Hidi Vəliyev İkinci Vətən Müharibəsinin elə ilk günündə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhid olub. Övladım Qələbə, Zəfər Şəhidlərimizdəndir.

Bu yerdə deyim ki, həyat yoldaşım Bəxtiyar Vəliyev də müharibə iştirakçısı olub. Birinci Qarabağ Savaşında iştirak edib, müharibə veteranıdır. Eyni zamanda, dayım Birinci Qarabağ Savaşının, 1994-ci ilin Şəhidlərindəndir. Qızım Nərgiz Vəliyeva Azərbaycan Ordusunda qulluq edib, MAXE-Baş çavuş kimi fəaliyyət göstərib, Aprel döyüşlərinin iştirakçılarından olub. Evimiz müharibə illərində, xüsusilə, İkinci Vətən Müharibəsi zamanı dəfələrlə atəş altında olub. Yəni, təvazökarlıqdan kənar olmasın, Qəhrəman, Vətənpərvər, Vətən sevdalısı bir ailəyik, bir nəsilik.

Hidim həm də subay idi. Toy etmək istəyirdik. Amma ömrü, həyatı kimi arzuları, arzularımız, xəyalları, xəyallarımız da yarımçıq qaldı. Balama toy qismət olmadı.Mən yaşadım, biz yaşadıq, mən yandım, biz yandıq, kimsə yaşamasın, kimsə yanmasın. Allah heç kimə övladı acısı yaşatmasın! Eyni zamanda, övlad itkisi nə qədər ağır və əzablı olsa da, Oğlumla, Hidimlə, Qəhrəmanımla, İgidimlə Fəxr edirəm. Fəxr edirəm ki, Hidi kimi Vətənini canıdan, ailəsindən üstün tutan, onun yolunda canını fəda edən bir oğulun anasıyam.

Allah balam-Hidim də daxil olmaqla, cəmi Şəhid balalarımızın məkanlarını cənnətlik, ruhlarını şad etsin! Ruhları qarşısında baş əyirəm, baş əyirik!”.

Müraciətdə sonra deyilir:

“Çox hörmətli Ali Baş Komandan!

Müraciət etməklə bildirmək istəyirəm ki, Şəhidliyindən sonra övladım Ali Baş Komandan kimi Sizin tərəfinizdən üç medalla təltif olunub. Buna görə bir Yaralı, bir Dərdli, eyni zamanda, bir Qürurlu, bir Qəhrəman ana kimi Sizə minnətdarlığımı bildirirəm. Amma bununla belə, övladımın ali ordenlərimizdən biri ilə təltif olunmasını istəyirəm. Çünki orden də balamın Haqqıdır. İstəyirəm ki, övladımın orden Haqqı tanınsın. Ona görə Sizdən xahiş edirəm ki, növbəti sərəncamlarınızdan birində övladımı da ordenlərimizdən biri ilə təltif edəsiniz. Bununla həm Şəhidimizin ruhu sevindirilmiş, həm də bir ana, bir Şəhid ailəsi kimi bizə təsəlli, təskinlik verilmiş olar.

Yeri gəlmişkən, bir Şəhid ailəsi olaraq, heç birimiz heç bir yerdə işləmirik. Nə mən, nə yoldaşım, nə bizimlə yaşayan və bir övlad anası olan keçmiş hərbçi qızım, nə də digər iki övladım bugünə kimi işlə təmin olunmuşuq. İşlə bağlı müraciətlərimiz də havadan asılı qalıb. Eyni zamanda, Şəhid ailəsi olaraq, evlə-mənzillə təmin olunmamışııq. Az qala iki ilə yaxındır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi bizi get-gələ salıb, hər dəfə bir bəhanə gətirilib. Kaş balam yaşayaydı, o zaman bizə nə mənzil, nə də ev lazım olardı. Amma mənzil də balamın Haqqıdır və onun mənzil, ev Haqqı da tanınmalıdır.

Burada ayrı-seçkiliyə yol verilməməlidir, fərq qoyulmamalıdır. Siz də bütün çıxışlarınızda, bütün sərəncam və fərmanlarınızda hər bir Şəhid ailəsinin evlə-mənzillə təmin olunması məsələsini birmənalı şəkildə qeyd etmisiniz. Amma təəssüflər olsun ki, bəziləri hələ də bunu anlamaq istəmir. Bu isə bir Şəhid ailəsi olaraq, biz incidir, üzür. Odur ki, bu iki məsələnin də müsbət həllini tapmasını üçün səlahiyyətlərinizdən istifadə edərək, müvafiq qurumlara və şəxslərə göstəriş və tapşırıqlar verməyinizi xahiş edirəm.

İnanıram və qəti əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq, qaldırdığım, xahiş etdiyim, Haqq etdiyimiz məsələlər öz müsbət həllini tapacaq. Öncədən də Sizə minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi və Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Qar, güclü külək…-FAKTİKİ HAVA AÇIQLANDI

Read Next

“Nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır?”-XİN SÖZÇÜSÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir