“İstəyirik ki, gənclərimiz fəal şəkildə ölkənin ictimai-siyasi həyatında iştirak etsin” – ƏLİ ƏHMƏDOV

Bu gün Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi Əli Əhmədov partiyanın Yevlax rayon təşkilatının gənclər birliyinin fəalları ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, Baş Nazirin müavini ilk öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib. Müstəqil Azərbaycanın keçdiyi tarixi və şərəfli yol barədə gənclərə ətraflı məlumat verən Ə.Əhmədov hərc-mərcliyin, sosial iqtisadi xaosun, hərbi böhranın və separatizmin tüğyan etdiyi bir məmləkətdə dövlətçilik ənənələrinin formalaşdırılması, xalqın və dövlətin böhrandan çıxarılaraq dinamik inkişaf yoluna çıxarılmasının birmənalı olaraq ulu öndər Heydər Əliyevin adı və möhtəşəm xidmətləri ilə bağlı olduğunu bildirib.

O, qeyd edib ki, Azərbaycan gəncləri kifayət qədər vətənpərvər, dövlətinə və Prezidentinə sədaqətlidirlər:

“Aparılan məqsədyönlü gənclər siyasəti də məhz ölkə gənclərinin rifahına və yüksəlişinə xidmət etməyi nəzərdə tutub. Bu gün Yeni Azərbaycan Partiyası sıralarında da kifayət qədər perspektivli, sağlam düşüncəli və yaradıcı vətənpərvər gənclər yer alır. Biz dövlətinə, xalqına, Prezidentinə sədaqəti ilə seçilən gənclərə bundan sonra da dəstək verməkdə davam edəcəyik.

İstəyirik ki, gənclərimiz fəal şəkildə ölkənin ictimai-siyasi həyatında iştirak etsin. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Hesab edirəm ki gənclər, o cümlədən Yevlaxlı gənclər bu seçkilərdə daha mütəşəkkil şəkildə iştirak etməlidir. Cənab Prezident İlham Əliyev gənclərimizi sevir və onlara böyük ümid bəsləyir. İnanıram ki, gənclərimiz də cənab Prezidentin siyasi kursunu bəyənir və hər zaman müdafiə edir”.

YAP rəsmisi  əlavə edib ki, bəzi xarici antiazərbaycan qüvvələrin milli birliyimizə yönəlik təxribatçı əməlləri qarşısında gənclər daha ayıq və diqqətli olmalı, pozucu əməllərə qarşı qəti vətənpərvər mövqe nümayiş etdirməlidirlər.

Daha sonra Baş nazirin müavini Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, beynəlxalq qurumların mövqeyi və dövlətin konkret hədəfləri barədə gənclərə ətraflı məlumat verib.

Etikxeber.az

Read Previous

“Yəhudilərin ən rahat və təhlükəsiz şəraitdə yaşadığı yer Azərbaycan olub” – DEPUTAT

Read Next

Əli Həsənov Surət Hüseynov və Cavadov qardaşlarından – YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir