İSTANBULDA QƏRİB MƏZAR – Rafael Hüseynov yazır

Zaman sular kimi axdı keçdi, nəsillər dəyişdi. 
Daha söz soruşulası, xəbər alınası adamlar da qalmayıb. 
Varsa da lap tək-təkdir. 

Amma 1970-ci illərdə hələ tələbəykən mən XIX yüzilin sonları, XX əsrin əvvəli ilə sanki lap yaxın məsafədə idim.
Bilikli, məlumatlı ağsaqqllar, ağbirçəklər çox idi. Soraq almaq istədiyinə sarı səni rahatca yönəldə bilirdilər.
İndi 1970-ci illər, heç olmazsa 1980-lərin əvvəlləri olsa idi, “Məşədi Məmməd Fərzəliyevin kimi qalıb, qohum-əqrəbasından kimlərlə əlaqə saxlamaq mümkündür?” sualıma cavabı elə unudulmaz tarzən Bəhram Mansurova telefon açmaqla dəqiqələr ərzində tapa bilərdim.
Yaxud sovet dövründə ziyalılarımız, sənət adamlarımız arasında Türkiyəyə get-gəli təxminən hamıdan çox olan, oradakı mücirlərimizlə daimi əlaqə saxlayan maestro Niyazidən xəbər alardım ki, İstanbulda Məşədi Məmmədin oğul-uşağından kimlərləsə rastlaşıbmı?
Məşədi Məmməd Fərzəliyev şuşalı idi, amma onu hərdən “gəncəli” deyə də nişan veriblər.
Anadan olmuşdu 1872-ci ildə. Elə yeniyetməykən də yalnız Qarabağda yox, ətraf bölgələrdə də yaxşı xanəndə kimi şöhrətlənmişdi.
Səbəbsiz deyil ki, 1900-cü illərdə Qafqaz xanəndə və sazəndələrinin ifalarını vallara yazmaq məsələləri hərəkətə gələn çağlarda ilk dəvət edilənlərdən biri Məşədi Məmməd olmuşdu.
1923-cü ildə Məşədi Cəmil Gəncədə birinci direktoru təyin edildiyi və özünün də təşəbbüskarı, təşkilçisi olduğu musiqi məktəbini açanda müəllim kimi dəvət etdiklərinin arasında Məşədi Məmməd Fərzəliyev ilklərdən idi.
1929-cu ildə Məşədi Məmmədin 57 yaşı vardı, mütəmadi konsertləri də olurdu, vaxtaşırı Gəncədən Tiflisə, Şuşadan Şamaxıya, Bakıdan Tehranacan toy məclislərinə, şənliklərə dəvətlər də alırdı, səsi də əvvəlki kimi şaqraq idi.
Və həmin il növbəti dəfə yola düşür İstanbula.
5 ay ötür, 3 il sovuşur.
Məşədi Məmmədi övladının toyunda xanəndə kimi görməyi arzulayan hələ o qədər adam vardı ki!
Ancaq bilənlər bilirdi ki, Məşədi Məmməd daha qayıtmayacaq. O, Vətəndən biryolluq gedib və sovet hökuməti yerində qaldıqca onun qayıdışı mümkünsüzdür.
1962-ci ildə elə Terkiyədə də vəfat edir, İstanbulda torpağa taşırılır.
Orda olanda da oxuyurmuş.
Bəlkə ömrünün Türkiyə dövründə də yeni oxuları vala yazılıb, bəlkə lap kinogörüntüləri də varmış, indi hansı arxivlərdəsə qalır. Ardınca düşən olmayıb.
Qiymətli insanlarımız çoxdan çox. Heyflər ki, ürəkdən istəsəm də, hamısı ilə mıəşğul olmağa, hər sualın ardınca getməyə, dərinlərə enməyə vaxtım çatmır.
Türkiyənin özündə də köhnə mühacirlərin sırası seyrəlib. Məşədi Məmmədin orada kimlərinin qaldığını öyrənmək də müşküldür.
Ancaq hər halda hökmən bunun da izinə düşəcəyəm, soraqlayacağam, bəlkə bir ipucu tapıldı.
Məşədi Məmmədin 90 illik ömrünün son 33 ili qürbətdə keçib.
İndi Türkiyəni, İstanbulu qürbət adlandırmaq sən deyən dürüst səslənmir.
İstər Türkiyədə ol, istər Azərbaycanda. Telekanallar türkiyəliyə burada – bizdə özünü elə Türkiyədəki kimi, bizlərə isə orada – Türkiyənin istənilən guşəsində elə Azərbaycanda olan kimi hiss etməyə imkan yaradır.
Ürəyin lap darıxanda istər Çində yaşa, istər Amerikada, istər lap Avstraliyada – uçub Bakıya gəlmək, doğma şəhərinə, kəndinə baş çəkmək fürsətin var.
Yəni indi daha keçmişlərdəki kimi aşılmaz sərhədlər anlayışı yoxdur, qürbət məfhumunun fəlsəfəsi dəyişib.
Məşədi Məmməd Fərzəliyevin qismətisə başqa idi axı!
Ola bilsin Türkiyədə Sovet İttifaqında olduğundan daha firavan, daha hürküsüz, asudə ömür yaşayırdı.
Ancaq o, xanəndə idi, sənətkar idi. Bütün başqa zövqlərdən, həyat ləzzətlərindən savayı ona məhz buradakı tamaşaçı, dinləyici mühiti, buradakı məclislərin ab-havası, buradakı alqış, dünyanın heç yerindəkinə bənzəməyən məhz buradakı “Sağ ol!”, “Yaşa!”,

“Anam sənə qurban!” nidaları gərək idi.
Məşədi Məmməd Fərzəliyevin məzarı İstanbuldadır.
Bu əziz şəhərdə çox mühacirlərimizin qəbirləri var.
Üzərindən təzə çiçək dəstələri əskik olmayanları da az deyil, çoxdan ziyarətçisi olmayanları da var.
Böyük Azərbaycan xanəndəsi Məşədi Məmməd Fərzəliyevin 100 il əvvəlin yadigarı olan valların səs cığırlarına hopmuş avazı elə dünənlərdəki sayaq bu gün də burada bizimlədir.
Bəs orada, İstanbuldakı qərib məzarı necə – ustadın həmin son mənzilinə baş çəkməyə gəlib-gedən, onunla heç olmazsa xəyalən söhbətləşən hansısa doğması varmı?

Rafael Hüseynov,

Akademik, millət vəkili

Etikxeber.az

Read Previous

AMAŞOV YAZIR: Mənzil sahibinə çevriləcək jurnalistlər başqaları deyil: Bizlərdəndir

Read Next

“FETÖ” 15 iyuldan sonra ABŞ-da daha da güclənib ki…” – BAŞBUĞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir