“İstedadının bir tərəfi də onun orijinal yumor duyumudur…” – ANAR YAZIR

Fərhad Bədəlbəyliylə şəxsən tanış olmazdan qabaq onunla bağlı xoş soraq çatdı mənə.

İş elə gətirdi ki, Fərhadın Lissabonda pianoçular yarışmasında Baş mükafat – Qran pri alması haqqında xəbəri mən maestro Niyazinin evində qonaq olarkən eşitdim. Bu xəbəri Niyaziyə telefonla çatdırdılar. Böyük dirijorun necə ürəkdən sevindiyini unuda bilmirəm.

“Qobustan” toplusunu  bu vaxt çapa hazırlayırdıq və elə ilk sayında Fərhad haqqında geniş və  qeyri-adi material verdik. Pianoçu  haqqında beş suala atası Şəmsi Bədəlbəyli, anası Leyla xanım, əmisi Əfrasiyab Bədəlbəyli, müəllimləri M.R.Brenner və A.A.Kalantar, sinif yoldaşları Firəngiz Əlizadə və Eldar Rüstəmov, həmkarı Rafiq Quliyev və hətta kiçik yaşlı bacısı oğlu Emin cavab verirdilər. Sualların arasında belə biri də vardı: – Sizcə Fərhadın ən böyük qüsuru nədir?

Cavab verənlərdən heç biri belə bir qüsur tapmadılar. Tək bir Rafiq Quliyevdən başqa. Rafiq: futbol oynayanda sol ayağının zərbəsi zəifdir – cavabını vermişdi.

Az sonra Fərhadla tanış olduq və qısa müddətdə çox yaxından dostlaşdıq. Mən ümumiyyətlə insanlara çətin yovuşuram, amma Fərhad  o qədər ünsiyyətli, münasibət qurmaqda açıq idi ki, müəyyən yaş fərqimizə baxmayaraq, çox məhrəm həmfikir olduq – sənətə, ədəbiyyata, ictimai həyata baxışlarımız bir-birinə tam uyğun idi, adamları  – yaxşılarını da,  yaxşı olmayanlarını da   eyni cür qiymətləndirirdik.

Fərhad çox yapışıqlı insandı və dilimizdə olan gözəl ifadəylə desək, üzündə bir “gəlbərisi” var. Təbii aristokratizmi və ziyalılığı ürəyimcədir. Axı Fərhad kökü keçən əsrlərə çatan   zadəgan nəslindəndir. Ata tərəfdən babaları  Qacar şahları sülaləsinə mənsub olublar.  Ana tərəfdən də Səfərəlibəylilər zadəgan nəslindəndilər. Bəzən zarafatla deyirəm ki, sənin Ağa Məhəmməd şah Qacara da, onu öldürən Səfərəli bəyə də qohumluğun çatır.

Fərhadın doğma babası – Üzeyir bəyin qohumu Bədəl bəy Bədəlbəyli – görkəmli maarifçi olub. Bakıda məşhur “Bədəl bəyin məktəbi” kimi tanınan təhsil ocağını yaradıb. Bədəl bəyin qardaşı Əhməd Ağdamski keçən əsrin əvvəllərində opera və operettalarımızda qadın rollarının mahir ifaçısı olub. Fərhadın atası Şəmsi Bədəlbəyli görkəmli teatr xadimi, rejissor və bir çox filmlərdə çəkilmiş aktyor idi. Əmisi bəstəkar və dirijor Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baleti “Qız qalası”nın müəllifidir.

Bütün bu çox çeşidli cəhətlər  –  aristokratizm, ziyalılıq,  maarifçilik, musiqi, teatr və ədəbi istedad inanılmaz  şəkildə bir şəxsiyyətdə birləşib Fərhad Bədəlbəyli fenomenini yaradıb. Mahir pianoçu, bəstəkar,  Musiqi  akademiyasının  rektoru və professoru Fərhad vaxt və macal tapıb  Fikrət Əmirovun “Sevil” operasının, Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin yeni  quruluşlarına bədii rəhbərlik edib.

Hələ bu harasıdır? Şairliyi də var  Fərhadın. Dostlarına həsr etdiyi  şeirləri dərinliyinə,  lirizminə,  yumoruna görə  həqiqi professional poeziya örnəkləridir. Fərhad fenomeninin İntibah genişliyinə heyran olursan.

Pianoçu kimi onun ifasını təhlil etmək imkanlarım xaricindədir. Bunu peşəkar musiqişünaslar edir və edəcəklər. Amma Fərhad ifaçılığının hansı zirvədə durduğunu dərk etməkçün ən nüfuzlu beynəlxalq müsabiqələrdə çaldığı qələbələrlə, Avropanın, Amerikanın, keçmiş SSRİ-nin ən böyük şəhərlərində, ən mötəbər konsert salonlarında çıxışlarıyla, musiqi sərraflarının  onun sənətinə verdikləri yüksək qiymətlərlə tanış olmaq hər şeyi deyir. Şöhrət sarıdan gözü tox insan kimi Fərhad heç vaxt özü öz uğurlarından danışmır.  Buna ehtiyac da yoxdur. Hər şey göz qabağındadır.

Fərhadın zəngin  musiqi bilikləri bu səviyyədə sənətkarçün təbiidirsə, geniş ədəbi erudisiyası   təəccübləndirir.  Bədii  təəssüratlar yalnız internetdən alınan   bir zamanda Fərhad bir an belə canlı mütaliədən qalmır,  klassiklərə yaxşı  bələd olmaqla yanaşı, çağdaş ədəbiyyatı da mütəmadi izləyir. Sanki bütün varlığına musiqi  və poeziya hopmuşdur. Şeirlərində  Puşkin və Lermontovla, Sədi və Mayakovski ilə, Axmadulina və Voznesenskiylə səsləşmələri sezmək olur. Fərhadın yay, payız, qış, bahar haqqında şeirləri Vivaldinin və Çaykovskinin “İlin fəsilləri” silsilələrini xatırladır.

Fərhad istedadının bir tərəfi də onun orijinal yumor duyumudur. İstər dostlarına həsr etdiyi  şeirlərində, istərsə bir vaxtlar Musiqi Akademiyasında həmkarları – müəllimlərlə, eləcə də tələbələriylə bir yerdə qurduqları gülməli, əyləncəli səhnəciklər yaddan çıxmır. İstedadlı musiqiçi və jurnalist Natavan Faiq Fərhada həsr etdiyi essedə  onu   “uşaq qəlbli professor” adlandırır  və bu, tamamilə doğrudur.

Deyirlər ki, bir insanı yaxşı tanımaq üçün onunla yol yoldaşı olmaq, ya hansısa sınaqlardan birgə keçmək vacibdir. Fərhadla  bu iki situasiyanın ikisini də yaşamışıq, Parisdə və Berlində, Moskvada və Leninqradda, İstanbulda və Ankarada birgə keçirdiyimiz günlərdə onu daha da yaxından tanıdım. Dostumda  zərrə qədər olsun özündən razılıq, lovğalıq, mənəm mənəmlik yoxdu və bu,  mənimçün çox mühümdür,  önəmlidir. Hey özündən, ancaq özündən  deyən adamlarla təmasda sıxılır və tez  yoruluram.

Sınaqlara gəlincə həyat xalqımızı və bizi tragik sınaqlara da çəkdi. Bəzi qınına çəkilmiş sənətdaşlarımızdan  fərqli olaraq Fərhad Qarabağ faciəsi başlanan gündən, necə deyərlər, mənəvi səngərlərdə idi. Respublikanın o vaxtkı siyasi rəhbərləri  “ayılmamışdan” Qarabağ təxribatına ilk sərt  münasibət göstərən  yazıçılar  oldu. Ölkə rəhbərlərinə  ünvanladığımız qəzəb və etiraz məktublarına  qol çəkənlərin sırasında yazıçılarla bərabər, Fərhad da vardı. O, başqa həmkarlarının da bu bəyanatlara qoşulmasıyçün təbliğat  aparırdı.

Qarabağ təxribatının “ilham pərilərindən”  biri, erməni şairəsi Silva Kaputikyan  Moskvada beynəlxalq forumda çıxış edərkən demişdi ki,  “biz, ermənilər, mədəniyyətimizlə qisas alacayıq”.

Bu şairədən çox-çox cavan olan Fərhad isə cavabında daha müdrik sözlər dedi: mədəniyyəti bölüşmək olar, mədəniyyətlə sevindirmək olar, mədəniyyətlə qürur duymaq olar, amma mədəniyyətlə qisas almaq mümkün deyil.

Həyat bizi yalnız ictimai sınaqlara deyil, şəxsi, ailəvi sınaqlara da çəkir. Fərhadla dostluğumuzun davam etdiyi illərdə o atasını, anasını, əmisini itirdi. Bir il qabaq isə son dərəcə nəcib və kübar qadın olan həyat yoldaşı – Nailə xanım rəhmətə getdi. Fərhad ən təsirli musiqi bəstələrindən birini  – “Dəniz”i  xanımına həsr etmişdi və bu məhəbbətin tarixçəsi də hər ikisinin şəxsiyyətləri kimi zəngin və işıqlıdır.

Bu ağır itkilərdən  də Fərhad əsl kişi dözümüylə şax çıxdı, dərdə əyilmədi, bədbinliyə təslim olmadı, taleyindən küsmədi. Gündəlik yorulmaz fəaliyyətiylə bütün itirdikləri əzizlərinin əvəzinə də yaşayır, yaradır, təcrübəsini gənclərlə  bölüşür.

Fərhadın 70 yaşı tamam olur, onu həmişəki kimi gümrah, nikbin, yaradıcılıq niyyətləriylə dopdolu sənətkar kimi görmək məni çox sevindirir və dostuma yalnız bir şey demək istəyirəm: – Əzizim Fərhad! 80 yaşı haqlamış  insan kimi səni əmin edirəm ki, hələ çox şey qabaqdadır. Hələ azad olunmuş  Şuşamızda sənin konsertinə gedəcəyik, inşallah.

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

“525-ci qəzet”, 26 dekabr-2017-ci il

Read Previous

İLAYRICI ARZULARI- Deputat yazır

Read Next

Əks halda Azərbaycan bunu öz imkanları ilə həll edəcək – BAŞ NAZİRİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir