Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xanım Akşənərin “İYİ PARTİ”si Türkiyəyə “iyi” gələcəkmi?
Jalə Əliyeva: “Qardaş Türkiyədə hər hansı bir partiyanın yaranması və ya siyasi meydandan getməsi bu ölkənin öz daxili işi, daxili məsələsidir”
Tahir Rzayev: “Hesab edirəm ki, bu məsələ qardaş və dost Türkiyənin iç məsələsidir və ona geniş müdaxilə etməyimiz düzgün qəbul edilməz”
Türkiyənin nüfuzlu və çəkili siyasilərindən olan sabiq daxili işlər naziri, eks vitse-spiker, əski MHP-li Meral Akşənərin liderliyi ilə dünən yeni partiya-“İYİ” (“Yaxşı”) Patiyası təsis və elan olunub. Yeni partiyada- “Qurucular Heyəti”ndə Tükiyə cəmiyyətində böyük nüfuza malik olan, eləcə də Türk dünyasında, Azərbaycanda yaxından tanınan, xüsusilə, Azərbaycana böyük rəğbətləri və dəstəkləri ilə seçilən isimlər-Yusif Halaçoğlu, Əhəd Əndican, Ümid Özdağ və sair kimi tanınmışlar var. Bu yerdə qeyd edək ki, M. Akşənərin özü də Türkiyə siyasətçiləri arasında hər zaman Azərbaycana yaxınlığı, sevgisi və rəğbəti ilə seçilən siyasətçilərdəndir. O, hələ bir neçə il öncə, daha doğrusu, ötən əsrin 90-cı illərində Türkiyə-Azərbaycan Konfederasiyasının yaranması təklifi ilə çıxış edib.
Bu baxımdan, M. Akşənərin yeni siyasi partiya yaratması görəsən, Türkiyə cəmiyyətinə, Türkiyə siyasətinə “iyi” gələcəkmi, eyni zamanda, Azərbaycanla, Türk dünyası ilə münasibətlərin daha da dərinləşdirilməsinə xüsusi töhfəsini verəcəkmi? Eyni zamanda, Azərbaycan siyasiləri Türkiyədə Azərbaycana yaxınlığı ilə seçilən bir şəxsin yeni patiya yaratmasına necə yanaşırlar, bu haqda hansı mövqedədirlər?
Etikxeber.az-a açıqlamasında bu məsələyə toxunan bitərəf millət vəkili Jalə Əliyeva öncə Türkiyədə yeni siyasi partiyanın yaranmasını onların daxili işi və məsələsi adlandıraraq, qardaş ölkənin iç işlərinə qarışmağın, siyasi həyatına müdaxilə etməyin bir o qədər düzgün olmadığını ifadə edib,
“Türkiyə bizim dostumuz, qardaşımızdır. Bu ölkə bizim ən böyük müttəfiqimiz və dəstəkçimizdir. Biz, böyüklərimizin, öndərlərimizin də bəyan etdikləri kimi, “iki dövlət, bir millət”ik. Bu gün dünyada Azərbaycan-Türkiyə qardaşlığına analoq da tapıla bilməz. Bu, mümkünsüzdür. Bizim, kök, ruh, düşüncə bağlılığımız var. Bizim canımız, qanımız, ruhumuz, dilimiz, dinimiz birdir. Eyni köklərdən rişələnirik, damarlarımızda eyni qan axır. Biz sıx və qırılmaz tellərlə, dərindən dərin köklərlə bir-birimizə bağlıyıq. Türkiyənin sevinci bizim sevincimiz, Türkiyənin kədəri bizim kədərimizdir. Eynilə də Azərbaycanın sevinci, uğuru Türkiyənin sevinci, uğuru, Azərbaycanın acısı, kədəri Türkiyənin açısı, kədəridir. Bu, əsrlərdir, minillərdir belədir və bundan sonra da belə olacaq. Bunun əksini düşünmək və iddia etmək özü böyük və bağışlanılmaz bir günahdır. Bu baxımdan, Türkiyədə yaşananları, baş verənləri digər ölkələrdə yaşanan proseslərlə eyniləşdirmək olmaz, bunlar bir-birindən fərqləndirilməlidir, yəni, Türkiyəylə bağlı hər bir məsələyə xüsusi həsaslıqla yanaşlımalıdır. Türkiyədə hər hansı bir partiyanın yaranması və ya siyasi meydandan getməsi də bu qardaş ölkənin öz daxili işi, daxili məsələsidir. Kimsə partiya yarada bilər, kimsə siyasətdən gedə, kənara çəkilə bilər, bu, onların məsələsidir, buna qarışmağımız düzgün olmaz. Meral xanımın yaratdığı partiyaya da o prizmadan yanaşmalıyıq. Bu partiyaya da digər partiyalar kimi, uğurlar arzulaya bilərik, eyni zamanda, dilərik və təmənna edərik ki, adı kimi də Türkiyəmizə “iyi”-yaxşı gəlsin. Bundan artıq nəsə demək düzgün olmaz. Hər halda, bu, mənim şəxsi fikrim və məsələyə şəxsi yanaşmamdır”.
Digər millət vəkili Tahir Rzayev də bu məsələyə geniş şərh vermək istəmədiyini, eyni zamanda, yaşananların sadəcə, telakanallar, media orqanları vasitəsi ilə izlənildiyini bildirib:
“Mən də bu məsələyə geniş şərh vermək istəmirəm. Mən də bunu sadəcə, Türkiyə telakanallarından, media quruluşlarından izləmişəm və məlumat əldə etmişəm. O baxımdan mən də belə hesab edirəm ki, bu məsələ qardaş və dost Türkiyənin iç məsələsidir və ona geniş müdaxilə etməyimiz düzgün qəbul edilməz. Bununla yanaşı, sadəcə, bütün Türkiyə siyasətçiləri kimi xanım Akşənərə də uğurlar arzulayırıq”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az