“İyun, iyul ayları üçün 190 manatlıq dəstək o halda effekt verə bilər ki, şərtlər tam yumşadılsın, əmlak və başqa əsaslara görə imtinaya son qoyulsun”-DEPUTATDAN VACİB TƏKLİF – YENİLƏNİB

İyun, iyul ayları üçün 190 manat məbləğində aztəminatlı ailələrə dəstəyin verilməsi o halda effekt verə bilər ki, şərtlər tam yumşadılsın, əmlak və başqa əsaslara görə imtinaya son qoyulsun. Ötən təcrübə göstərdi ki, bu vəsaiti əldə etmə stressi o qədər böyük oldu ki, insanları xeyli vaxt növbədə durmağa, vaxt itkisinə məruz qalmağa məhkum etdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

“Bizdə işin əsas çətinliyi oradadır ki, alt qatlarda bu prosesi sistemli aparmalı olan bələdiyyə qurumlarının və icra nümayəndəliklərinin şəbəkə üzrə fəaliyyət göstərmə imkanları məhduddur. Mərkəzləşmiş qaydada bu işləri gördükdə, unudulan və ya əlçatmaz ailələrin, vətəndaşların sayı da yetərincə olur. Yerlərdə ərzaq yarımı işində də bir sistemsizlik var”-deyən millət vəkilinin fikrincə, təcridolunma şəraitində yaşayan ailələrin əvvəlki müraciəti qüvvədə saxlamaqla yanaşı, bu vəsaiti ala bilməyən, yaxud müraciətinə imtina cavabı verilən yeni ailələr üçün də şərtləri asanlaşdıraraq ödənişlər edilməlidir.

“Özlüyündə 190 manat bir ay üçün yetəcək bir rəqəm deyil, lakin dövlətin imkanlarını nəzərə alaraq və pandemiyanın müddətini proqnozlaşdırmaq mümkün olmadığından ən azı daha geniş vətəndaşın kütləsinin sıxıntısını azaltmaq üçün əhatə dairəsini genişləndirmək vacibdir”-deyə, o, əlavə edib.

10:02

***

“Bilmirəm, bizdə ayrı-ayrı xidmət sahələrində hesablamalar necə aparılır, ancaq bu karantin rejimində evdə qalan insanların içində aztəminatlı və yardıma ehtiyacı olan ailələr 14 gün ərzində sərf etdikləri elektrik, qaz və su ilə bağlı ödəməlirindən azad olunmalıdır”.

Bunu da F. Mustafa qeyd edib.

“Yayda xüsusilə elektrik və su sərfiyatı kəllə-çarxa çıxacaq. Bu ehtiyacı olanlar həmin 190 manatı alan, yaxud da bunu gələcəkdə alması nəzərdə tutulan, bir də müddətli sosial müavinət alan vətəndaşlardır. Bu güzəştə hamını ona görə qatmaq olmaz ki, imkanı olan təbəqə fürsətçilik etməsin, dövlətimizin bu çətin durumunda ödənişlərini vaxtlı-vaxtında etsin ki, sıxıntıların masştabı bir qədər azalmış olsun. Bu çox önəmli məsələdir, çünki bir çox insanlar məhz bu amili əsas götürüb təcridolunma tədbirindən gileylənirlər. Burada haqlılıq payı olsa da, əsas hədəfimiz təcrid olunaraq sağlamlığımızın qorunması üçün bütün boşluqları bəri başdan məqsədyönlü şəkildə doldurmaqdır”-deyə, o, sonra qeyd edib.

12:32

Etikxeber.az

Read Previous

“Ən azı iyun və iyul aylarında 190 manat müavinətlər ödənməli, yardımların daha çox əhaliyə verilməsi təmin edilməlidir”-MÜSAVATDAN HÖKUMƏTƏ ÇAĞIRIŞ

Read Next

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində sərtləşdirilmiş iki həftəlik xüsusi karantin rejimi-BAŞLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir