“İyunun 1-dən dərslərin bərpası və uşaq bağçalarının açılması nəzərdə tutulmur”- TƏHSİL NAZİRİ VƏ DİM RƏHBƏRİ MƏTBUAT KONFRANSI KEÇİRDİ, ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANDI – YENİLƏNİB

Ötən həftə Operativ Qərargah tərəfindən qərarlar verilib. Qərara görə, ümumtəhsil müəssisələrində təlim-tədris prosesinin dayandırılması 31 maya qədər uzadılıb.

Etikxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

O, deyib ki, Operativ Qərargahda çoxsaylı müzakirələr keçirilib: “Tibb bölməsində olan rəylər də nəzərə alınıb. İyunun 1-dən dərslərin bərpası nəzərdə tutulmur”.

Nazir həmçinin bildirib ki, yay aylarında dövlət bağçalarının açılması nəzərdə tutulmur. 
 
Təhsil naziri deyib ki, Operativ Qərargahın müvafiq qərarında ölkə ərazisindəki bütün təhsil müəssisələri nəzərdə tutulub və bu, mayın 31-dək dövrü əhatə edir: “Növbəti tədris ilinə qədər bağçaların da açılması nəzərdə tutulmur”.
 
C. Bayramov qeyd edib ki, dövlət bağçalarında çalışan müəllimlər və texniki işçiləri əmək haqlarını alırlar:

“Prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti Tədbirlər Planı təsdiq edib, orada özəl sektora dəstək mexanizmi əksini tapıb. Vergi ödəyiciləri kimi qeydiyyatdan keçmiş özəl və fiziki şəxslərin, işçilərin əmək haqlarının ödənilməsi üçün dəstək verilir. Bu, özəl bağçaları da əhatə edir. İyunun ayının 1-dən məktəbəqədər təhsil müəssisələrin açılması barədə qərar yoxdur”.

***

“Sənəd qəbulu onlayn qaydada həyata keçiriləcək. O cümlədən ali məktəblərə sənəd qəbulu ilə əlaqədar yalnız regional sənəd qəbulu məntəqələri fəaliyyət göstərəcək”.

Bunu isə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

DİM Direktorlar Şurasının sədri deyib ki, bu məsələ ilə əlaqədar Bakıda DİM-in inzibati binasında isə elektron növbə vasitəsi ilə vətəndaşların qəbulu təşkil olunacaq.

“Bizim iyun ayında çox gərgin iş qrafikimiz olacaq. İyunda 160 mindən çox şəxs imtahan verəcək”-deyən M. Abbaszadə bildirib ki, yeni qaydalara əsasən hər bir auditoriyada 12, maksimum 15 şəxs olacaq, bu da təşkilati nöqteyi-nəzərindən çox ciddi yeniliklər tələb edir:

“Hər bir imtahanda iştirak edən şəxs üçün eyni şəraiti yaratmalıyıq. Ötən il müqavilə ilə 65 mindən çox müəllimi prosesə cəlb etmişdik. Bu il yəqin ki, say daha da artacaq. Ola bilsin eyni gündə hansısa regionda IX sinif, ayrı regionda və ya Bakının hansısa rayonunda XI sinif imtahanı keçirilsin. İmtahan cədvəlləri tam şəkildə elan oluna bilməz. Beş dəfə şənbə və bazar günü 40 mindən çox şəxs imtahan verəcək. İndiyə qədər 40 min imtahan olub, amma indi əvvəlki qaydalara görə bu, 80 min insan üçün lazım olan yer deməkdir. Ona görə tək şənbə yox, həm də bazar günləri imtahan keçiriləcək. Ona görə də müəllimlər də prosesdə iştirak edəcək”.

DİM rəhbəri daha sonra deyib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında olacaq.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid)  çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq.

Etikxeber.az

Read Previous

“Bu gün neofaşist meyillərin güclənməsi haqlı narahatlıq yaradır…”-SAHİBƏ QAFAROVA – FOTOLAR

Read Next

“Dünyanı bürümüş bu məşum bəla ilə mübarizəyə əhali də laqeyd yanaşmamalıdır…”-ƏHLİMAN ƏMİRASLANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir