“İyunun 18-də saat 12.00-sa Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq…”-“AZAL” RƏSMİSİ – YENİLƏNİB

Ancaq səfər edəcək sərnişinlərin Heydər Əliyev Beynəlxalq Aeroportuna daxil olmasına icazə veriləcək.

Etikxeber.az məlumat verir ki, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

Onun sözlərinə görə, sərnişinlər tibbi maska taxmalıdır, tibbi maskası olmayan sərnişinlərə isə tibbi maskalar təqdim ediləcək: “Terminala girişdə 37,5 temperaturu olan sərnişinlər aeroporta buraxılmayacaq. Terminala giriş sosial məsafə gözlənilməklə həyata keçiriləcək. Sərnişinlərin baqajı dezinnfeksiya olunacaq və üzərinə bunu təsdiqləyəcək nişan vurulacaq. Sərnişinlərin hava gəmisinə daxil olması sonuncu sıradan başlayacaq”.

AZAL-ın vitse-prezidenti qeyd edib ki, sərnişinlər hava gəmisinə daxil olarkən ekipaj onlara tibbi maska, əlcək və fərdi qoruyucu vasitəsi təqdim edəcək: “Tualet kabinələrinə getmək istisna olmaqla, uçuş müddətində sərnişinlərin salonda gəzməsinə icazə verilməyəcək. Sərnişinlərə birdəfəlik yemək ləvazimatı, birdəfəlik qulaqlıq veriləcək. Planşet və digər ləvazimatlar təqdim olunmayacaq. Sərnişinlərdən birində COVID-19 aşkarlananda, o, sərnişin hava gəmisinin arxasındakı hissəyə yerləşdiriləcək”.

Sonra “Heydər Əliyev Hava Limanına xaricdən gələn sərnişinlərin bədən hərarəti ölçülməli, onlar xüsusi testlərdən keçirilməlidirlər”-deyən E. Hacıyev nəzərə çatdırıb ki, test nəticəsi müsbət olan sərnişinlər xüsusi tibbi maşınla xəstəxanaya çatdırılacaq:

“Azərbaycana gələn sərnişinlərin əlində son 48 saat üçün qüvvədə olan test nəticəsi olmalıdır. Üçuşdan sonra sərnişinlərin baqajları bir daha dezinfeksiya ediləcək. Sərnişinləri qarşılayanlar terminala daxil ola bilməyəcək, qonaqları bayırda gözləyəcək”.

Onu da qeyd edək ki, aerovağzal kompleksinə və sərnişin terminalına yalnız hava limanının və hava limanı ərazisində fəaliyyət göstərən qurumların əməkdaşlarına, sərnişinlərə (sağlamlıq imkanları məhdud sərnişinlər və yetkinlik yaşına çatmayan sərnişinlər xüsusi əməkdaşlarla müşayiət olunurlar) şəxslərin daxil olmasına icazə verilir.

Bu isə Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.

Qaydalara əsasən, aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin və uçuşdan 48 saat əvvəl COVID-19 müayinəsinə dair neqativ nəticəli arayışın mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən, polis və tibb əməkdaşlarından ibarət postlar fəaliyyət göstərir.

– Sərnişinlər yalnız tibbi maskalarla aerovağzal kompleksinə buraxılırlar. Tibbi maskası olmayan sərnişinlərə girişdə maskalar təqdim edilərək, aerovağzal kompleksinin ərazisində olduqları bütün vaxt ərzində maskadan istifadə etmək öhdəliyi izah olunur.

Aerovağzal kompleksinə girişdə müvafiq avadanlıq (termal kamera sistemləri) vasitəsilə şəxslərin hərarəti ölçülür. Bu məqsədlə termal kameranın yanında təlim keçmiş, tibbi maskası, əlcəyi və eynəyi olan ən azı 2 tibb işçisi fəaliyyət göstərir.

– Hərarəti 37.5 C-dən yuxarı olan şəxslər aerovağzal kompleksinə buraxılmır, hava limanının girişindəki tibb məntəqəsinə yönləndirilir, COVID-19-a şübhəli simptomlar müəyyən edildikdə, xüsusi avtomaşın vasitəsilə sonrakı müayinə üçün müvafiq tibb müəssisəsinə göndərilirlər. Bu barədə sərnişinin uçuşu nəzərdə tutulan reysi yerinə yetirən aviaşirkətin nümayəndəsinə məlumat verilir.

-Sərnişinlər aviasiya təhlükəsizliyi üzrə ümumi baxışdan keçərkən aviasiya təhlükəsizliyi əməkdaşları xüsusi döşəmə işarələrinə əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət olunmasına nəzarəti həyata keçirirlər.

-Aviasiya təhlükəsizliyi üzrə ümumi baxışdan keçdikdən sonra sərnişinlərin əlləri dezinfeksiya olunur.

***

“Dünyada COVID-19-dan ilk olaraq hava yolu şirkətləri zərbə alıb, AZAL da istisna deyil”.

Bunu da E. Hacıyev deyib.

E. Hacıyev qeyd edib ki, 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 4 milyon 740 min sərnişinə xidmət göstəribsə, 2020-ci ilin hazırkı dövründə isə 760 min sərnişinə xidmət göstərilib:

“Biz hər il 10 faiz artımı nəzərə alaraq, düşünürdük ki, 2 milyondan çox sərnişinə xidmət göstərəcəyik. Bizim itkilərimizi ellə bu rəqəmlər göstərir. AZAL-a hökumət bəlli maliyyə yardımları göstərir, əməkdaşlarımız maaşlarını vaxtlı vaxtında alırlar. Biz dünyadakı aviaşirkətlərdən fərqli olaraq bir əməkdaşımızı da ixtisara salmamışıq”.

O, həmçinin, bildirib ki, iyunun 18-də saat 12.00-sa Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq.

E. Hacıyev deyib ki, həmin gün saat 15.00-da ikinci uçuş olacaq. “AZAL” rəsmisi bildirib ki, Bakı-Naxçıvan-Bakı reysini həyata keçirəcək təyyarələrin maksimal sərnişin tutumu 106 yerlikdir:

“Lakin 100 yer satışa çıxarılacaq. Çünki bu gün təsdiq edilmiş yeni qaydalara uyğun olaraq əgər uçuş zamanı hansısa sərnişində xəstəlik simptomu aşkarlanarsa, həmin sərnişin təyyarənin arxa sıralarında ayrılmış zonada yerləşdirilməlidir. Həmin sərnişin respirator tipli maska ilə təmin edilməli, digər sərnişinlərdən məsafə saxlanması şərti ilə təchiz edilməlidir. Həmin 6 yer bunun üçün istifadə olunacaq”.

Etikxeber.az

Read Previous

“Öncə Qarabağı, onun ətrafındakı rayonları azad etməli, sonra addım-addım İrəvana doğru getməliyik…”-MUSA QULİYEV

Read Next

“Bəli, hər birimiz anlayırıq ki, pandemiya insanları yorub, bezdirib, əsəblər tarıma çəkilib, amma…”-KAMİLƏ ƏLİYEVA ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir