Jalə Əliyeva iki vətəndaşın problemini dilə gətirdi: MİLLƏT VƏKİLİ ÜNVANLI SOSİAL YARDIMLA BAĞLI DAHA NƏLƏRİ SÖYLƏDİ?

Ölkə Prezidentinin imzası ilə parlamentin, o cümlədən, Əmək və sosial siyasət komitəsinin müzakirəsinə təqdim edilən “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişikliklər layihəsini birmənalı olaraq dəstəkləyirik. Həqiqətən də bu qanun layihəsi çox mütərəqqi, çox hümanist müddəaları, amilləri özündə ehtiva edir, əks etdirir. Birmənalı şəkildə demək olar ki, bu qanun layihəsində nəzərdə tutulan addımların hər biri irəliyə doğru atılan addımlardır, əhalinin sosial təminatının daha da yaxşılaşdırılması, maddi rifah-halının daha da yüksəldilməsinə istiqamətlənmiş dəyişikliklərdir.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədrinin müavini, professor Jalə Əliyeva qeyd edib.

O, qanun layihəsi ilə bağlı fikir və təkliflərini adıçəkilən komitənin dünənki iclasında da dilə gətirdiyini bildirib.

Həmin çıxışı olduğu kimi, təqdim edirik:

“Yəqin ki, burada oturan deputat həmkarlarımın hər birinin də ən çox üzləşdiyi, seçici tərəfindən, vətəndaş tərəfindən verilən sualların bir çoxunun cavabının tapıldığı, yəni, müsbət cavabın əksini tapdığı bir qanun layihəsidir. Əlbəttə, bu, çox məmnunedici bir haldır və bir hər birimiz bu qanun layihəsinə səs verəcəyik. Artıq qanun layihəsi haqqında məndən əvvəl çıxış edənlər ətraflı və təfsilatlı məlumat verdilər. Qanun layihəsini əhəmiyyətli edən cəhətlərdən biri, məsələn, krediti olan şəxslərə də ünvanlı sosial yardımın verilməsinin nəzərdə tutulması məsələsidir. Çünki bizə çox sayda krediti olan insanlar müraciət edirdilər. Yəni, onlar deyirdilər ki, “kreditim varsa, mən ünvanlı yardımı niyə ala bilmirəm”. Məntiq də belədir ki, “kredit almışamsa, deməli, bir problemim var, nəyisə həll edə bilmirəm ki, mən o pulu bankdan alıram. Belə olan halda, deməli, mənim yardıma daha çox ehtiyacım var” və sair.

Komitəmizin hörmətli sədri Musa müəllim də söylədi ki, bu qanundan doğan qərarlar daha sonra Nazirlər Kabineti tərəfindən qəbul ediləcək. Yəni, aliment verənlərin, aliment alanların hüququ vəziyyəti haqqında və sair və ilaxır. İndi bütün bunları sadalamaq istəmirəm. Hazırda müzakirə etdiyimiz dəyişiklikləri bir kəlmə ilə demək istəyirəm ki, bütün bunlar çox əhəmiyyətlidir və düşünürəm ki, bizim işimizi çox böyük bir ölçüdə asanlaşdıracaq olan müddəalardır.

Mən, hətta xatırlayıram, çox-çox illər əvvəl, 2006-2007-ci illərdə daha sərt idi bu müddəalar və tələblər. Hətta, evində bir televizoru olan vətəndaş müraciət edirdi ki, “bəs buna görə, sosial yardımdan məhrum edilmişəm”. Bu kimi hallarla qarşılaşdığımız vəziyyətlər olub və biz o zaman Milli Məclisdə bu məsələni qaldırdıqdan sonra o öz həllini tapmışdı. Zaman-zaman bu kimi hallar təbii ki, olur. Mən həmin hallardan biri kimi, bəlkə də birbaşa bu sosial müavinətə aidiyyəti yoxdur, amma iki məsələni burada qabartmaq istəyirəm. Hər iki məsələni, halı da vətəndaşdan aldığım müraciətə əsasən dilə gətirmək istəyirəm. Belə ki, son pandemiya ilə əlaqədar olaraq verilən 190 manatı ala bilməyən, yəni, iki ay üçün nəzərdə tutulan, böyük güzəşt, sosial yardım olan bu yardımdan yararlanmayan bir ailənin müraciəti var. Onlara nəyə görə rədd cavabı gəlib? Deməli, maşın etibarnaməsi var ailənin üzvünün adında. Əvvəla, vətəndaş iddia edir ki, onun adında heç bir maşın etibarnaməsi yoxdur. Bu, bir başqa məsələdir, bir başqa aspektdir. Digər tərəfdən, əgər varsa belə, bu, sadəcə sürmək üçün verilmiş bir etibarnamədir. Bu onu məhrum edə bilərmi həmin o 190 manatdan?

Digər bir məsələ, deməli, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş, şəhid olmuş oğlumuz, qəhrəmanımız ailəli olmayıb, özündən sonra sağ qalan anasına ödənilib bu müavinət, ana da bu yaxınlarda ömrünü, həyatını dəyişib, lakin onunla ilk gündən bu günə qədər eyni evdə yaşayan, eyni qeydiyyatda olan bacışı var. Ailə qurmayan, heç bir yerdə işləməyən, heç bir təminatı olmayan bir xanım. Müraciət edir, təbii, bilirik ki, bu qanun bu gün buna yol vermir, amma hansısa bir istisna varmı və daha sonrakı zamanlarda bununla bağlı hansısa bir dəyişiklik gözlənilirmi və ya gözlənilə bilərmi?”.

Etikxeber.az

Read Previous

İham Əliyevin 4 günlük müharibəsi: Xudafərindən Sərsəngədək…-ZAHİD ORUCUN YAZISI

Read Next

DTX və Baş Prokurorluq bu dəfə-DSX-DA ƏMƏLİYYAT KEÇİRDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir