Jalə Əliyevanın Dədə Şəmşir ocağından bəhs edən “Müqəddəs ocağın yadigarları”-KİTABININ TƏQDİMATI KEÇİRİLDİ – FOTOLAR

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Ağdaban soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Etikxeber.az xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının və vətənimizin müdafiəsi uğrunda şəhid olan bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı Kəlbəcər rayonunun Ağdaban kəndində erməni vandalları tərəfindən törədilən qanlı cinayət haqqında məlumat verib. Bildirib ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum etmiş, 130 evdən ibarət kənddə xalqımıza qarşı soyqırımı cinayəti törətmişlər.

Hadisə zamanı onlarla insan xüsusi amansızlıqla qətlə yetirilmiş, diri-diri yandırılmış, onların bədən üzvləri kəsilib-doğranmışdır. Xüsusilə uşaqları, qadınları və yaşlı insanları hədəf seçən erməni quldurları insanlar arasında qorxu və vahimə hissini daha da artırmaq üçün kəndi tamamilə yandırmış və qarət etmişlər.

Eyni zamanda, qanlı cinayət zamanı klassik Azərbaycan ədəbiyyatının ustad sənətkarı ağdabanlı şair Qurbanın və onun oğlu XX əsr ədəbiyyatımızın və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşirin zəngin arxivi və nadir əlyazmaları tamamilə yandırılaraq məhv edilmişdir.

O da diqqətə çatdırılıb ki, Aşıq Şəmşir nəslindən 15 nəfər məhz həmin faciənin qurbanlarına çevrilib.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, kitabın “Ön söz” müəllifi, akademik Teymur Kərimli, AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, Xalq şairi Sabir Rüstəmxanlı, şair Musa Urud, Milli Məclisin deputatı Aqil Məmmədov, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı çıxış ediblər.

Ağdaban hadisələrinə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini qeyd edən tədbir iştirakçıları 29 ildən sonra ilk dəfə soyqırımı qurbanlarının xatirəsini qalib xalq olaraq yad etdiyimizi vurğulayıblar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və parlaq qələbə ilə yekunlaşan Vətən müharibəsindəki zəfərimizlə 30 ilə yaxın davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu şanlı Qələbəmiz, eyni zamanda, Ağdaban soyqırımını törədən canilərin də üzərində tarixi zəfərdir.

Sonra tədbir çərçivəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Jalə Əliyevanın “Müqəddəs ocağın yadigarları” kitabının təqdimatı keçirilib. Zəngin arxiv materialları, sənədlər əsasında qələmə alınmış kitabda qədim Oğuz yurdu Kəlbəcərin tarixi, toponimləri, zəngin təbiəti, fauna və florası haqqında geniş elmi araşdırmalara yer verilib.

Miskin Abdaldan başlayaraq, ağdabanlı şair Qurban, Dədə Şəmşir, Qənbər Şəmşiroğlu və bu ocağın digər nümayəndələrinin yaradıcılığı izlənib, müqayisəli təhlillər aparılıb və ədəbiyyatşünaslıq baxımından bir sıra mühüm nəticələrə gəlinib.

Kitabın müəllifi, professor Jalə Əliyeva bildirib ki, uzun müddət üzərində çalışdığı “Müqəddəs ocağın yadigarları” monoqrafiyasının təqdimat mərasiminin məhz Kəlbəcərin, eləcə də bütün torpaqlarımızın azadlığı şəraitində keçirilməsi böyük qürur hissi yaradır.

O, bu sahədə tədqiqatlarını bundan sonra da davam etdirəcəyini vurğulayıb və həmin əsərlərdən birinin təqdimatının məhz Kəlbəcərdə baş tutacağına inamını ifadə edib.

Sonda çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Etikxeber.az

Read Previous

Daha 2717 yeni yoluxma-DAHA 31 ÖLÜM…

Read Next

“Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir və…”-İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini “Dostluq” ordeni ilə-TƏLTİF ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir