Kəpək istehsalı və satışı 2 illik vergidən azad olunur, hakimlərin maaşları artırılır… – YENİLƏNİB – (4)

Parlamentin növbəti plenar iclası başladı

Martın 29-da Milli Məclisin (MM) növbəti plenar iclası keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə 25 məsələ daxil edilib.

Qeyd edək ki, 29 mart iclasında öncədən 26 məsələnin müzakirəsi nəzərdə tutulsa da, sonda “Baklar haqqında” qanun layihəsi gündəlikdən çıxarılıb.

***

Naqif Həmzəyev İnsan hüquqları komitəsinə üzv seçildi

İclasda öncə deputat Naqif Həmzəyevin MM-in İnsan hüquqları komitəsinə üzv seçilməsi ilə bağlı məsələyə baxılıb.

Müzakirələr açılmadan, səsvermə nəticəsində N. Həmzəyevin üzvlüyü təsdiq edilib.

***

Aqiyə Naxçıvanlı: Məktəb direktorları mütləq azərbaycanlı olmalıdır

İclasda “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin sonuncu-üçüncü oxunuşunun müzakirəsi keçirilib.

Qanun layihəsinin son variant-üçüncü oxunuşu ilə bağlı MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin qısa məlumatı dinlənilib.

O, qeyd edib ki, qanun layihəsinin sonuncu variantı ötən oxunuşlarda səsləndirilən təkliflər nəzərə alınmaqla, təkmilləşdirilib.

MM-in digər komitə sədri Aqiyə Naxçıvanlı qanun layihəsində hələ də üslüb səhvlərinin, xətalarının qaldığını və onların aradan qaldırılmasının vacibliyini bildirib.

Həmçinin, qeyd edib ki, ümumtəhsil müəssisələrinə ianələr edən sahibkarlara güzəştlər nəzərdə tutulmalıdır. Komitə sədri bununla yanaşı bildirib ki, təsisçisi əcnəbilər olan ümumtəhsil məktəblərinin direktorları mütləq azərbaycanlı olmalıdır: “Müavinin nə səlahiyyəti var ki? Ona görə də direktor mütləq azərbaycanlı, Azərbaycan vətəndaşı olmalıdır”.

İanələr məsələsinə toxunan spiker Oqtay Əsədov isə deyib ki, buna ayrılıqda baxmaq olar: “Yəni, ianələrlə bağlı qanunvericiliyimzdə bu məsələni həll etmək olar”.

Qısa müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda və bütövlükdə qəbul olunub.

***

“Diqlas”, Əli Kərimli, Sevinc Osmanqızı…

Deputat Siyavuş Novruzov  isə  iclasda“Diqlas” ticarət mərkəzində baş verən yanğından danışıb.

Qeyd edib ki, ötən gün prezidentin sədrliyi ilə yanğınla bağlı müşavirə keçirildi və sığorta lə bağlı göstəriş verildi: “Ancaq müvafiq komitədə bununla bağlı layihələr hazırlanmalıdır ki, insanların əmlakını sığortalanması burada öz əksini tapsın. Bəzi hallarda insanlar sığorta etmir. Bir hadisə baş verəndə dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvanda demək olar ki, sığorta olunmamış ev qalmayıb. Onlar aylıq sığortanı ödəyir. Əgər hansı hadisə baş veərsə sığorta şirkətləri məsuliyyəti öz üzərilərinə götürürlər. Təəssüf ki belə hadisələrdən istifadə edənlər var. İnsanları mitinqlərə çağırır və müxtəlif çağırışlar edirlər. Ötən il prezident seçkilərindən sonra bütün məsələlər prezidentin diqqətindədir. Prezident ümumxalq səsverməsindən sonra elan etdi ki, problemlər həllini tapacaq. Mərhələli şəkildə bütün problemlər öz həllini tapır. Bunun üçün milyardlarla vəsait ayrılır. Bu gün mitinq keçirmək, üç-beş adam yığıb nəsə deməklə islahatları öz adlarına çıxmaq istəyənlər ortaya çıxıb. Burada məqsəd ölkədə gedən islahatları çəkindirmək, baş verənləri cəmiyyətə öz adlarından təqdim etməkdir. Adi yanğında, zəlzələdə zərərçəkənlərin yanında olmaq əvəzinə müxtəlif mitinq çağırışları edilir. Belə addımlarla insanlara yanlış informasiyalar verilir. Bu gün qibləsini tanımayan Əli Kərimli və Sevinc Osmanqızı Azərbaycandakı islahatları tamamailə fərqli şəkildə dünyaya çatdırmaq istəyirlər. Onların qibləsi ABŞ-dır.Azərbaycan dövləti xalqın yanındadır. Ölkə başçısı ötən gün də söylədi ki, baxmayaraq ki yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır”.

Deputat Fəzail Ağamalı öz növbəsində çıxışında vurğulayıb ki, dövlət başçısının  addımını yüksək qiymətləndirir: “Biz istina etmirik  ki, bu və ya bənzər hadisələr gələcəkdə də olmaya bilər.  Bu kimi məsələləri tam dövlətin üzərinə qoymaq düzgün deyil. Elə etmək lazım deyil ki, bu və ya bənzər hadisələr baş verəndə bunu dövlət öz üzərinə götürsün.  İnkişaf etmiş ölkələrdə olduğu kimi sığorta şirkətləri işlək mexanizmlə fəaliyyət göstərsin. Ancaq bu şirkətlər üzərinə düşənləri yerinə yetirə bilmirlər. Bu institut elə formalaşmalıdır ki, Azərbaycan vətəndaşları sığorta şirkətlərinə daşınar və daşınmaz əmlaklarını etibar edə bilsinlər”.

Deputat Fazil Mustafa da həmkarı F. Ağamalının fikirlərini dəstəkləyərək bildirib ki, Azərbaycanda güvənli sığorta sistemi  yaratmaq lazımdır: “Biz “Sığorta haqqında” qanunu tam dəyişdirməliyik və onu işlək vəziyyətə gətirməliyik. Bu məsələdə insanları da qınamaq düzgün olmaz. Çünki bu sahəyə inam yoxdur. Bu məsələdə yeganə öz funksiyanı yerinə yetirən dövlət başçısı oldu. Əslində ona aidiyyatı olmayan məsələni- özəl sektorun problemini öz üzərinə götürdü ki, vətəndaşlar  vəziyyətdən çıxa bilsinlər. Bu məsələlərə büdcədən o qədər vəsait sərf olunacaq ki, sonradan başqa yerlərə xərcləməyə vəsait tapılmayacaq”.

***

Kəpək istehsalı və satışı 2 illik vergidən azad olunur

İclasda daha sonra Vergi Məcəlləsində dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

800px-Ziyad_Səmədzadə

Komitə sədri qeyd edib ki, Məcəlləyə dəyişiklik buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunması məqsədilə edilir: “Belə ki, kəpək istehsalı və satışının 2019-cu ilin martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi nəzərdə  tutulur. Həmçinin hazırda buğdanın idxalı və satışı, buğda ununun, çörəyin istehsalı və satışına tətbiq olunan güzəştin əlavə olaraq daha bir il uzadılması da təklif olunur”.

Məcəlləyə dəyişiklik müzakirələr açılmadan səsverməyə çıxarılaraq qəbul edilib.

***

Konstitusiya Məhkəməsi hakimlərinin maaşları artırılır…

Parlamentin  iclasında həmçinin,  “Konstitusiya Məhkəməsi haqqında” qanuna  dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.  

Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki,  dəyişiklik Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilməsi təklif edilir.  Yəni ,qeyd olunur ki, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir.Qeyd edək ki, mövcud bənddə  göstərilir ki, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır.

Qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Diqlas”da zərərçəkmişlərə maddi yardım göstərilməsi üçün 3 milyon ayrıldı – SƏRƏNCAM

Read Next

Bakıda Soyqırımı Muzeyi yaradılsın – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir