Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ucar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən, əfsanəvi Xüsusi Təyinatlılardan və Qəhrəmanlar ailəsindən olan Kərim Məhəmmədəli oğlu Əliyevin doğum günüdür.
“Əfsanəvi tabor”un Şəhidlərindən olan Kərim Əliyevin bu gün-31 avqust 2026-cı il tarixində 28 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, Kərim Əliyev 1998-ci ilin 31 avqust tarixində Ucarın Alpout kəndində-sadə bir ailədə dünyaya gəlib.
Ailənin iki oğlan övladından, iki qardaşdan biri olub.
2004-2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində həqiq hərbi xidmətdə olub, Vətənə xidmət borcunu yerinə yetirib.
Hərbi xidmətini başa vurduqdan bir müddət sonra isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb.
Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyətə başlayıb.
XTQ döyüşçüsü, Kiçik gizir kimi İkinci Vətən Müharibəsi zamanı Füzulidən Cəbrayıla, Cəbrayıldan Hadruta, Xocavəndə, Xocavənddən Qubadlıyacan uzun və şərəfli döyüş yolu keçib.
Döyüşlər zamanı 4 dəfə yaralanıb, amma inadından dönməyib, yenə döyüşlərə atılıb və oktyabr ayının 19-da Xocavənd-Qubadlı istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq 4 gün nəşini götürmək mümkün olmayıb.
Yalnız ayın 23-də nəşini əldə etmək mümkün olub və bir gün sonra, oktyabrın 24-də isə Alpout kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra isə İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 5 medalla-“Vətən uğurunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Şəhidin qardaşı Rüstəm Əliyev də hərbçi-MAXE kimi İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.
“Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.
Qardaşının Şəhidliyi ilə əlaqədar Ordudan, MAXE-likdən təxris olunub.
Həm də ataları Məhəmmədəli kişi keçmiş döyüşçülərdən olub.
1992-94-cü illərdə Birinci Qarabağ Savaşının iştirakçılarından biri olub.
Valideynləri həm də övladlarının-Kərim Əliyevin “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunmasını istəyirlər.
22 yaşında Şəhadətə ucalan Kərim eyni zamanda, subay idi.
Hazırda Ucarda adını daşıyan küçə var.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
***
Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Alpout kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Şəhidin məzarı başında Şəhidsevər telejurnalist Səbinə Mehdiyevanın aparıcılığı ilə tədbir keçirilib, qısa çıxışlar edilib.
Çıxışlarda Şəhidin 22 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan, Vətən naminə özünü fəda etməsindən söz açılıb.
O da qeyd edilib ki, Kərim Əliyev də daxil olmaqla, cəmi Şəhidlərimiz təkcə Doğum və Anım günlərində deyil, hər gün, hər an yad olunmalı, xatırlanmalı, cəmiyyətə tanıdılmalı, təqdim edilməlidir.
Çıxışlarda həmçinin, Şəhidin ailəsinə,valideynlərinə-anası İlhamə xanıma və atası Məhəmmədəli Əliyevə Allahdan səbr və dözüm arzulanıb.
Eyni zamanda, Şəhidin Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Sonra həm Səbinə Mehdiyeva, həm də Alpout kənd məktəbliləri tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Sonda xatirə fotoları çəkdirilib.
Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.
Şəhidin məzarını ziyarətdə və mövludu ilə bağlı adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Ucardan və müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, məktəblilər, Ucar rayonunun məsul şəxsləri, Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının rəhbərliyi, din xadimləri və digərləri iştirak ediblər.
13:09
***
FOTOLAR:











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





