“Kənd cavanları da bunun sayəsində zərərli vərdişlərdən uzaq ola bilər…” – XALQ YAZIÇISI

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi bütün sahələri əhatə edən, dəqiq proqnozların verildiyi bir qanun layihəsidir.  Layihənin əsas məziyyəti ondan ibarətdir ki, qanun müəllifləri real vəziyyəti və iqtisadiyyatımızın gələcəyini dərk edərək, iqtisadi və sosial sahənin daha da uğurlu inkişafının həlli yollarını da bizə göstərirlər. Əlbəttə ki, bu sevindirici haldır. Layihədə göründüyü kimi hər sahə üzrə 2019-cu illə müqayisədə gələn il artımlar gözlənilir və bəzən bu artımlar əhəmiyyətlidir. Lakin dövlət büdcəmizin yarıdan çoxunu yenə də (52.7%) neft gəlirləri təmin edəcək.

Və layihənin əsas hədəfi odur ki, biz bu rəqəmləri qeyri neft sektorundan əldə olunan gəlirlər hesabına kəskin surətdə endirək. Hamımızın arzuladığı bu proses gedir, amma o daha böyük surətlə getməlidir. Bunun üçün də, hökumət nümayəndələrindən innovativ yanaşmalar, dövlət sutrukturlarının fəaliyyətinin daha sıx əlaqələndirilməsi, əsil rəqabət mühitinin, şəffaflığın yaradılması, gizli və açıq monopoliyaların ləğv edilməsi tələb olunur. Bir də, və bunu biz Hesablama Palatasının rəyindən də görürük, büdcənin icrasına nəzarət mexanizmi daha da gücləndirilməlidir. Yəni, günün nəbzi ilə işləmək, mütərəqqi üsul və yanaşmaları daha çevik, daha operativ formada tətbiq etmək lazımdır.

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələrində millət vəkili, Xalq yazıçısı Elmir Axundova deyib.

“Bir neçə misal göstərim: Ekologiya Nazirliyi neçə ildir ki, plastik paketlərin respublikamızda hökmranlığı haqqında danışır. Lakin vəziyyət olduğu kimi qalmaqdadır. Halbuki, bütün inkişaf etmiş ölkələrdə, götürək elə Rusiya və Türkiyəni plastik paketlər bütün mağazalarda çox cüzi qiymətə, lakin pulla satılır və üstünlük artıq kağız paketlərə verilir. Eyni zamanda, hər bir kassa qarşısında parça torbalar satılmaqdadır. Neçə ildir biz ekologiya polisinin vacibliyindən danışırıq, lakin yenə də vəziyyət düzəlmir. Bu polisin əsas “baş ağrısı” qeyri-qanuni zibilxanaları aşkar etmək və onları ləğv edilməsini təmin etməkdir. Belə zibilxanalara, çaylarımızın tullantılarla çirkləndirilməsinə biz çoxdan son qoymalıydıq”-deyən millət vəkili bildirib ki, lakin bu problem hələ də çox kəskin şəkildə qalmaqda davam edir və turizm sektorunun inkişafına da mənfi təsir göstərməkdədir.

elmira-2

“Düzdür cənab Prezident sayəsində Ekologiya sahəsində əsil inqilabi dəyişikliklər baş verib, lakin bu kimi problemlərin də həllində prezidenti gözləməyərək onu müvafiq qurumlar özləri həll etməlidirlər.

Digər məsələ mədəniyyət sahəsində qalaqlanan problemlərdir. Bir neçə il qabaq Mədəniyyət nazirliyi bir pilot layihə hazırlamışdı, bu  layihənin məğzi ondan ibarət idi ki, bir sıra iri yaşayış məntəqələrində 40-a yaxın yeni tipli müasir mədəniyyət evləri tikilməli idi. Amma bu layihə indiyəcən kağızda olaraq qalıb. Sual olunur, nə vaxt Mədəniyyət Nazirliyi iri yaşayış mərkəzlərində qalan, əhali tərəfindən saxlanılan mədəniyyət obyektlərinin restavrasiyasına, təmirinə başlayacaq? Çünki mədəniyyət Bakı ilə bitmir. Rayon əhalisi də çox istəyir ki, onların obalarında müasir tipli mədəniyyət ocaqları, kitabxanalar fəaliyyət göstərsin, uşaqlar orada müxtəlif növ incəsənət növləri ilə məşğul olsunlar. Kəndin cavanları da bunun sayəsində bir çox zərərli vərdişlərdən uzaq ola bilərlər.

Masallı rayonunun məktəbləri ilə bağlı bir neçə kəlmə söz də demək istərdim. Rayonumuzda demək olar ki, qazlaşdırma sona çatıb, ikinci dərəcəli yollar intensiv dərəcədə təmir olunur, səhiyyə sahəsində böyük inkişaf var. Lakin ölkəmizin ən sıx məskunlaşılan bölgələrindən olan, 250 minlik əhali yaşadığı rayonumuzda məktəb tikintisi və təmiri məsələsi son illər zəif aparılır. Nəzərinizə çatdırım ki, Masallıda 5 məktəb qəzalı vəziyyətdədir, 15 məktəb yararsız vəziyyətdədir və 16 məktəb isə uyğunlaşdırılmış binalarda yerləşir. Bundan savayı Regional kollecin ümumiyyətlə binası yoxdur, böyük tarixi olan peşə məktəbinin binası isə yararsız vəziyyətdədir.

Samir müəllimdən çox xahiş edirəm ki, büdcənin ikinci oxunuşu üçün bu məsələləri nəzərdən keçirdərək, heç olmasa onların bir neçəsinin plana salınmasına çalışsın…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Read Previous

“Gəncə-Naxçıvan aviareysinin bərpası ücün maliyyə vəsaiti ayrılsın” – MUSA URUD

Read Next

Büdcə zərfi ilə bağlı müzakirələr – BU GÜN DƏ DAVAM ETDİRİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir