Kahramanmaraşda da Qarabağ parkı açılacaq

Kahramanmaraşda Qarabağ parkı açılacaq.

Etikxeber.az-ın xəbərinə görə,  III Beynəlxalq Kitab və Mədəniyyət Sərgisində  iştirak edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupu üzvü Qənirə Paşayeva Kahramanmaraş bələdiyyə başqanı Mehmet Fatih Erkoçla görüşüb.

Mehmet Fatih Erkoç görüş zamanı Kahramanmaraşda Qarabağ Parkının salınması ilə bağlı Azərbaycan Təhsil, Mədəniyyət və Dayanışma Dərnəyinin, qurumun rəhbəri Tural Şahbazlının bələdiyyə başqanı kimi ona müraciətinə və millət vəkili Q.Paşayevanın ötən görüşlər zamanı bu istiqamətdə səsləndirdiyi təklifə böyük həssaslıqla yanaşdıqlarını deyərək, yaxın zamanlarda qədim Qarabağın adını daşıyacaq böyük parkın şəhərin mərkəzində salınacağını söyləyib. O, bildirib ki, bu istqamətdə işlərə artıq başlanılıb.

Bələdiyyə başqanı parkın açılışında çıxış edərkən “Azərbaycandan qardaş-bacılarımızı və sizi gözləyirik”- söyləyib. Azərbaycana böyük sevgiləri və bu önəmli addım üçün bələdiyyə başqanına təşəkkürünü bildirən  Q.Paşayeva sərgi iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verərək , geniş müzakirələr aparıb.

Azərbaycanı çox sevdiyini deyən Kahramanmaraş bələdiyyə başqanı Mehmet Fatih Erkoçla Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.

Aprel hadisələrinə toxunan bələdiyyə başqanı Azərbaycanda Vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik deyib.

“Azərbaycanın şəhidi bizim də şəhidimizdir” – deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq.

Kahramanmaraş bələdiyyə başqanına təşəkkürünü bildirən millət vəkili çıxışında “Son zamanlar qardaş Türkiyədə terror  aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır” – deyib: “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq”.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi mesajlara xüsusi toxunan millət vəkili “Cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da düşmana da çox önəmli mesaj oldu”– deyib.

Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Kahramanmaraşın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib.

Kahramanmaraş bələdiyyə başqanı Mehmet Fatih Erkoç Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.

O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını qeyd edib. Kahramanmaraş bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı  haqda  danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Kahramanmaraşın da yer alacağını bildirib:

“Azərbaycan insanına Kahramanmaraşı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”.

Kahramanmaraş bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Kahramanmaraş bələdiyyə başqanı Mehmet Fatih Erkoç Azərbaycana mütləq səfər edəcəyini də bildirib.

Etikxeber.az

Read Previous

Silahlı Qüvvələrin təlimlərinə 60 mindən çox şəxsi heyət cəlb olunacaq

Read Next

Tənbəki çubuqlarının, qəlyanların, alışqanların reklamına QADAĞA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir