Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yəqin xatırlayarsınız, 3-4 il əvvəl Lamiyə Quliyeva adlı məhbusun qadın kolonunda övladı olmuşdu.
O vaxt Penitensiar Xidmət Lamiyənin “hava-damcı yolu ilə” ana olması haqqında sərsəm bir açıqlama ilə tibb elminin min illik nailiyyətlərinin üstündən “xətt çəkdi”. Şəhid pilotumuz Rəşad Atakişiyevin idarə etdiyi qırıcı təyyarənin quşla toqquşması nəticəsində qəzaya uğraması barədə Müdafiə Nazirliyinin yaydığı bəyanat mənə həmin o açıqlamanı xatırlatdı.
…On gün öncə Ural Hava Yollarına məxsus sərnişin təyyarəsinin havaya qalxarkən hər iki mühərrikinə quş girməsi nəticəsində qarğıdalı tarlasına məcburi eniş etməsi bunlara ilham verib və fikirləşiblər ki, quş versiyası ilə insanları aldada biləcəklər.
Rusiya təyyarəsinin qara qutusunu bütün efirlərdə səsləndirdilər.
Təyyarə havaya qalxan ilk saniyələrdən, pilotun dispetçerə dərhal “PAN, PAN, PAN” qəza xəbərdarlığı göndərməsinədək, öncə birinci, sonra ikinci mühərrikin quş daxil olması nəticəsində sıradan çıxmasını xəbər verməsindən məcburi enişin bitməsinədək, kapitanın təcili yardım istəməsinədək, hətta eniş bitəndən sonra pilotun dispetçerə “qəza evakuasiyasına başlayrıq, bizə maneə olmayın” deməsinədək bütün danışıqlar rus cəmiyyətinə təqdim olundu və dünya gerçəkdə nələrin baş verdiyini gördü.
Bəs bizim qırıcı təyyarənin qara qutusunu niyə gizlətdilər?!
…Qara qutunu təqdim edin, hər kəs baş verənləri özü eşitsin. Hərbi Paradda Ali Baş Komandanın uçduğu təyyarəni idarə etmək həvalə olunmuş Rəşad Atakişiyev kimi təcrübəli bir pilot, polkovnik-leytenant necə olub ki, yerə qəza xəbərdarlığı göndərməyib?
Katapultu işə salıb özünü xilas etməyib?!
Rəsmi mövqeyə görə quş təyyarə ilə toqquşan zaman pilot ağır xəsarət alıb və buna görə də nə katapultu işə sala bilib, nə dispetçerə qəza xəbərdarlığı göndərib.
Rusiya təyyarəsi quşla toqquşma nəticəsində qəzaya uğramamışdı, quşun mühərrikə daxil olması nəticəsində mühərrik sıradan çıxdığı üçün məcburi eniş etmişdi.
MİG-29-la bağlı rəsmi versiyaya görə quşla toqquşduğu üçün təyyarə qəzaya uğrayıb.
Bunlar tamamilə fərqli vəziyyətlərdir.
Siz təsəvvür edirsinizmi, o hansı ölçüdə, hansı çəkidə bir quşdur ki, qırıcı təyyarə ilə toqquşub onu darmadağın edir, pilota elə ağır xəsarət yetirir ki, o hətta qəza xəbərdarlığı edə, katapultu işə sala bilmir?!
Bakının səmalarında “Yur dövrünün park”-ında və başqa elmi-fantastika filmlərində gördüyümüz 4-5 tonluq əcaib-qəraib məxluqlar uçur da bizim onlardan xəbərimiz yoxmu?!
…Nağılları gedin nəvələrinizə danışın, bizlik deyil!
Gültəkin HACIBƏYLİ,
Sabiq deputat
Etikxeber.az