Keçmiş həyat yoldaşları tərəfindən tərk edilmiş-ŞƏHİD ANALARI BAKIDA BİR ARAYA GƏLDİLƏR, ÖVLADLARINA VƏ ONLARA QARŞI HAQSIZLIĞA “ÜSYAN” ETDİLƏR… – FOTOLAR

Bu gün-10 iyul 2023-cü il tarixində keçmiş həyat yoldaşları tərəfindən tərk edilmiş, taleyin ümidinə buraxılmış bir neçə İkinci Vətən Müharibəsi Şəhidinin anası Bakı şəhərində bir araya gəlib, görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, Şəhid analarının bir araya gəlməsinə səbəb övladlarını (həm də həyat yoldaşlarını) tərk etmiş ataların “Şəhid atası” adı və statusundan yararlanmaları, sui-istifadə etmələri olub.

Şəhid anaları qeyd ediblər ki, övladlarını körpəykən tərk etmiş atalar, övladları və həyat yoldaşları üzərində heç bir haqqı olmayan bəzi atalar, bəzi ərlər Azərbaycan qanunvericiliyindəki boşluqlardan istifadə edərək, heç bir haqları olmadığı halda “Şəhid atası” statusu qazanaraq, həm Şəhidlərin, həm də Şəhidləri böyüdən anaların Haqqına gorməklə məşğuldurlar.

Şəhid analarının sözlərinə, bu, heç cür qəbuledilən, başadüşülən bir hal deyil və bunu heç bir halda qəbul etmək mümkün olmaz.

“Biz Şəhid anaları təkbaşına, minbir əzab-əziyyətlərlə, çətinliklərlə daxmalarda, kirayələrdə, “podvallar”da övladlar böyütmüşük. Həyat yoldaşlarımız bizi və balalarını taleyin ümidinə buraxıb gedib, öz keflərini sürüblər. Bir dəfə olsun belə balaları yadlarına düşməyib. Ancaq bizlər hər cür çətinliyə, məhrumiyyətə qatlaşaraq, dözərək, övladlarımızı böyütmüşük, onları bir qarnı ac, bir qarnı tox olsa da, bu Vətən, bu Dövlət üçün yetişdirmişik. İkinci Vətən Müharibəsi zamanı isə iki övladımızdan, iki oğlumuzdan birini, tək, nişanlı oğlumuzu Şəhid vermişik. Elələrimiz var ki, digər övladları da müharibə iştirakçısı olub. Övladımızı, övladlarımızı itirməklə, Şəhid verməklə böyük acı, kədər yaşamaşıq və bu gün də yaşamaqdayıq. Həyatımız, arzularımız məhv, çilik-çilik olub.

Bunlar-çəkdiklərimiz azmış kimi, ata adına layiq olmayan, ata adına ləkə gətirən bəzi üzdəniraq atalar övladlarımızın Şəhidliyindən sonra ortaya çıxmağa, olmayan haqlarından danışmağa, həm balalarımızın, həm də bizlərin Haqqına girməyə başlayıblar. Heç bir haqları olmadığı halda, Azərbaycan qanunvericiliyindəki boşluqlardan istifadə edərək, “Şəhid atası” statusuna yiyələnərək, ondan öz şəxsi məqsədləri üçün istifadə etməklə məşğuldurlar. Bunlar isə Şəhid anaları olaraq, bizi yaralayır, ağrıdır, məhv edir. Dərdimizin üstünə dərd gətirir. Biz bunu qəbul edə, buna razı ola bilmərik. Biz razı ola bilmərik, övladının, övladlarının üzərində heç bir haqqı olmayan “atalar” “Şəhid atası” statusundan istifadə etsinlər və balalarımızın ruhunu incitsinlər. Balalarımız da, bizlər də haqqımızı onlara halal etmirik və onların statusu əllərindən alınmalı, atalıq hüququndan məhrum edilməlidirlər”-deyə, Şəhid anaları bildiriblər.

Onlar bundan sonra öz haqlarının, eləcə də balalarının haqqının qorunması üçün hüquqi müstəvidə sonunacan mübarizə aparacaqlarını və haqq-ədalətin yerini tapması üçün əllərindən gələn bütün hər şeyi edəcəklərini dilə gətiriblər.

Qeyd edək ki, görüşdə Kürdəmirli Şəhid anaları-Adəm Əliyevin anası Akifə Ağayeva, Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, Ağsu-Bakılı Toğrul Ağalarlının anası Çiçək Ağalarova və onlara dəstək olmaq üçün gəlmiş Şuşa-Beyləqanlı Şəhid Dünyamın Tağızadənin anası Ziyafət xanım iştirak ediblər.

Eyni zamanda, üzrlü səbəblərdən görüşdə iştirak edə bilməsələr də, Bərdəli (Bakılı) Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Siyəzənli (Bakılı) Rəşid Həmidovun anası Tənzilə Həmidova, o cümlədən, Ağdam və Sumqayıtlı eynitaleli Şəhid anaları da öz dəstəklərini ifadə ediblər.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabirabad Mərkəzi Xəstəxanasının direktor müavini şantaj olundu VƏ ONDAN 15 MİN MANAT PUL TƏLƏB EDİLDİ – DİN MƏLUMAT YAYDI

Read Next

“Birgə səylərimizlə qardaş ölkələr və etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq”-ƏLİYEV MİRZİYOYEVİ TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir