Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayan keçmiş Xüsusi Təyinatlı, İkinci Vətən Müharibəsinin iştirakçısı, Qazi Zakir Sənan oğlu Vəliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlanıb.
Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:
“Cənab Müzəffər Ali Baş Komandan!
Yazı Sizə bildirmək istəyirəm ki, mən-Zakir Sənan oğlu Vəliyev Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayıram. Ailənin iki övladından, iki qardaşdan biriyəm. 2021-ci ilin əvvəllərinə kimi Azərbaycan Ordusunda, Xüsusi Təyinatlı Qüvvələrdə MAXE kimi fəaliyyət göstərmişəm. Bir hərbçi, bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrdindən tarixi Qələbə və Zəfərimizəcən də döyüşlərdə olmuşam, yaralanmışam, travma almışam, amma yenə də döyüş yoluma davam etmişəm.
Müharibə zamanı Şuşayacan döyüş yolu keçmişəm. 8 medalla təltif olunmuşam və bunlara görə Müzəffər, Qələbəmizin banisi olan Ali Baş Komandanımız kimi Sizə minnətdaram. Özüm həm də kollec (texnikum) təhsilliyəm, nişanlıyam, yaxın aylarda toyum olacaq. Ordudan təxris olunduqdan sonra-ötən iki il ərzində də demək olar ki, normal bir işlə təmin olunmamışam. Bu iki il ərzində də susmuşam, danışmamışam. Çünki hay-küy, çığır-bağır mənim xarakterimə uyğun deyil.
Amma mən də insanam, gələcəyin ailə başçısıyam. Ailəmizin də maddi durumu yaxşı deyil. Mənim də yaşımın o vaxtı deyil ki, valideyn əlinə baxım, əksinə, onlara mən kömək etməliyəm. Amma necə, hansı pulla, hansı qazancla? Özüm də Qaziyəm, üçüncü qrup müharibə-Qarabağ əliliyəm. Səhhətim də yerində deyil, tez-tez problemlər yaranır. Vaxtaşırı müalicə-müayinə olunmalıyam. Amma yenə deyirəm ki, hansı pulla, hansı vəsaitlə? 8 medallı bir Qaziyə belə münasibət normaldırmı, düzgündürmü, ədalətlidirmi?”

Müraciətdə sonra qeyd olunur:
“Çox hörmətli İlham Heydər oğlu!
Sizə müraciət ünvanlamaqda da məqsədim yaşadığım vəziyyətə, durumuma diqqət yönəltməkdir. Ötən müddət ərzində işlə bağlı saysız müraciətlərimə cavab verilməyib, hər dəfə yola verilmişəm aidiyyatı qurumları və şəxslər tərəfindən. Bu gün fəhləliklə məşğul oluram. Mən Qaziyəm, əliləm, səhhətim imkan vermir ağır işdə işləməyə, fəhləlik etməyə.
Ona görə Sizdən xahiş və rica edirəm ki, mənim normal bir işlə təmin olunmağım üçün müvafiq qurumlara və şəxslərə göstəriş və tapşırıqlarınızı verəsiniz. Sizin bu məsələyə müdaxiləniz olmasa, yenə də normal işlə təmin olunmayacağam, yenə də yola veriləcəyəm. Çox xahiş və rica edirəm ki, səlahiyyətləriniz daxilində mənim iş məsələmə köməklik göstərəsiniz.
Eyni zamanda, bir çox Qazi evlə-mənzillə təmin olunduğu halda, bu məsələdə də kənarda qalmışam, evlə-mənzillə təmin olunmamışam. Odur ki, Sizdən təkrar-təkrar xahiş edirəm-mənim məsələmi nəzarətinizə götürəsiniz və öz dəstəyinizi əsirgəməyəsiniz. Hər zaman da Ali Baş Komandan kimi Sizin əmrlərinizi yerinə yetirməyə hazıram.
Öncədən Sizə dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, ailənizi, Qalib Azərbaycanımız, Rəşadətli Ordumuzu qorusun!”
Etikxeber.az