Keyfiyyətsiz ərzaqla bağlı Bakı meriyasından – ETİRAF…

Bakı Şəhər İcra Hakimiyyətindən alınan məlumata görə, ötən gün paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilib.

Bu barədə Etikxeber.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı yerlərdən daxil olan məlumatlara əsasən, dərhal Bakı Şəhər İcra hakimiyyəti və Məktəbəqədər Təhsil və Uşaq Evləri İdarəsinin əməkdaşları müxtəlif uşaq bağçalarında olub, həmin ərzaqların qida hazırlanmasına verilməsinin qarşısı alınıb, onların tam şəkildə geri qaytarılaraq yerinə keyfiyyətə uyğun ərzaqlarla əvəz olunması təmin edilib.

Məsələnin ciddiliyi nəzərə alınaraq şəhər icra hakimiyyətində operativ müşavirə keçirilib, məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatının vəziyyətinin yerində araşdırılması üçün komissiya yaradılıb, bu işlərdə prinsipiallıq göstərməyən bir neçə bağça müdirəsinə töhmət verilib, eyni zamanda, Bakı Şəhər Məktəbəqədər Təhsil və Uşaq Evləri İdarəsinin rəhbərliyi ciddi xəbərdarlıq edilib. Müşavirədə xüsusi olaraq qeyd olunub ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir. Bununla əlaqədar Yeni il ərəfəsində bağçalara verilən ərzaqların keyfiyyəti və çeşidlərinin artırılması üçün əlavə tədbirlər görülür.

Eyni zamanda, Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumların rəhbərləri şəhər icra hakimiyyətinə dəvət olunaraq onlara məsələ ilə bağlı xəbərdarlıq edilib.

Hazırda komissiya tərəfindən bağçalardakı ərzaqların keyfiyyətinin yoxlanılması ilə bağlı reydlər keçirilir.

Etikxeber.az

Read Previous

2018: uğur və nailiyyətlər ili – MEHDİ ABDULLAYEV YAZDI

Read Next

Vəzifəli şəxs cərimələndi – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir