Kimlərinsə səfərindən imdad gözləyənlər, nəsə umanlar… – DEPUTAT

Almaniya kansleri Angela Merkelin regiona, o cümlədən, ölkəmizə gözlənilən səfərini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu, münasibətlərin, qarşılıqlı əməkdaşlığın, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına və sürətləndirilməsinə öz töhfəsini verə bilər və verəcək.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.

tahirrr

Onun sözlərinə görə, bəzi məqamlar nəzərə alınmasa, Azərbaycanla Almaniya arasında son 27 illik müstəqillik dövründə münasibətlər ən üst səviyyədə olub.

O, qeyd edib ki, xüsusilə Qarabağ məsələsində bəzi Qərb ölkələrindən, o cümlədən, illərdir Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərlərinə götürən və heç kimi həmsədrlər formatına yaxın buraxmayan həmsədr dövlətlərdən fərqli olaraq, Almaniya Ermənistan-Azərbaycan münaqişəsində ədalətli mövqeyi ilə seçilib, tanınıb.

Millət vəkilinin fikrincə, Almaniya hər zaman Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini istəyib, bu yöndə dəstəyini nümayiş etdirib:

“Hətta bu ölkə Qarabağ münaqişəsinə Bundestaq səviyyəsində hüquqi-siyasi qiymət verib, Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamə qəbul edib.

Yəni, bu, Almaniyanın ölkəmizlə münasibətlərə, sülhə və təhlükəsizliyə böyük önəm verməsinin göstəricisi sayıla bilər və belə də qiymətləndirilir. Son 27 ildə dəfələrlə hər iki ölkənin rəhbərliyinin qarşılıqlı səfərləri olub və bu səfərlərdə çox əhəmiyyətli sazişlərə imza atılıb.

Bunlar nəticə etibarilə iki ölkənin milli mənafe və maraqlarına cavab verib, münasibətlərin yüksələn xətlə inkişafına səbəb olub”.

Bununla yanaşı, millət vəkili bu yerdə bir məqama diqqət yetirməyi vacib sayıb.

“Bəzən görürsən ki, hansısa nüfuzlu, aparıcı Qərb dövlətlərindən birinin dövlət və ya hökumət başçısının səfəri xəbəri yayılar-yayılmaz bəzi çevrələrdə, dairələrdə qəribə sevinc hissləri baş qaldırır.

Onlar mətbuatda, sosial şəbəklərdə bunu sevinclə, hay-küylə, isterika ilə qarşılayaraq, sanki onlara dəstəyin nəticəsi kimi qiymətləndirirlər.

Yazırlar, iddia edirlər ki, filankəs Azərbaycana demokratiya dərsi keçməyə, insan hüquqlarının təmin olunması ilə bağlı mesajlar verməyə gəlir, bundan sonra Azərbaycanın demokratiyanı qəbul etməkdən savayı yolu qalmayacaq, filankəs gəldi, filan şəxs azadlığa buraxıldı və sair və ilaxır.

Bunlar adamda gülüş və istehza doğurur. Çünki onlar hələ də anlamır və ya anlamaq istəmirlər ki, Azərbaycan artıq onların təsəvvüründəki Azərbaycan deyil, Azərbaycan 1993-cü ilin yayından indiyədək heç kimin sözü, təzyiqi, təhdidi, diktəsi ilə oturub-durmur, qərar vermir.

Azərbaycana artıq təzyiq, diktə cəhdləri keçmir. Demokratiya da, insan hüquq və azadlıqlarının təminatı da Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin öz könüllü seçimidir.

mey-merkel

trump-merkel

merkel

Biz kiminsə sözü ilə demokratiya, inkişaf, inteqrasiya yolunu tutmamışıq, bu, özümüzün istəyimiz və seçimimizdir. Burada nə Trampın, nə Meyin, nə Makronun, nə Merkelin, nə də Qərb liderlərinin və Qərb təsisatlarının rolu və iştirakı var. Burada əsas olan Azərbaycan xalqı, Azərbaycan dövləti, onun istəyi və seçimidir.

Həm də həqiqətənmi, həmin Qərb ölkələrində demokratiya, insan hüquq və azadlıqları ilə bağlı hər hansı problem yoxdur? İraqdan, Suriyadan olan miqrantlara, qaçqınlara münasibət göz qarşısındadır.

Qardaş Türkiyə illərdir dörd milyondan artıq suriyalı qaçqına qucaq açdığı halda, o boyda qoca Avropa, Qərb 1-2 milyon qaçqını yola vermək iqtidarında və niyyətində deyil, miqrantlara, qaçıqınlara ən aşağılayıcı tərzdə münasibət sərgilənir.

Və yaxud, bəzi Qərb liderlərini götürək, başqalarına dərs keçirlər, monarxiyadan, filandan danışırlar, amma baxıb görürsən ki, seçkilərlə də olsa belə, özləri illərdir hakimiyyətdədirlər, kürsülərini buraxmaq istəmirlər, sanki vəzifə, kürsü bunların boyuna biçilib.

Bəyəm, budurmu demokratiya nümunəsi, demokratiya, inkişaf modeli? Onlar başqalarını “bəzəmək” əvəzinə, elə ilk öncə özlərindən başlasınlar, özlərini necə deyərlər, “silib-spürsünlər, təmizləsinlər”…

Ona görə də kimlərinsə səfərindən imdad gözləyənlər, nəsə umanlar, yanlış hesablar aparanlar çox yanlış və zərərli yoldadırlar.

Bundan da ilk zərər çəkən elə özləridir, özləri olacaqlar. Odur ki, gözlərini yaxşı açsınlar, ətraflarına ayıq gözlə baxsınlar və yanlış yoldan dönsünlər. Azərbaycan nə merkellərin, nə meylərin, nə makronların, nə də digərlərinin sözləri ilə oturub-durandır.

Azərbaycan yalnız Azərbaycan xalqının və Azərbaycan dövlətinin sözü ilə oturub- durur, hərəkət edir”.

Etikxeber.az

Read Previous

9 milyon 936 min 134 nəfər – AZƏRBAYCAN ƏHALİSİNİN SON SAYI

Read Next

Avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib – BNA-dan RƏSMİ AÇIQLAMA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir