“Kimlərsə Türkiyəyə dərs vermək fikrinə düşməsin, çünki…” – MİLLƏT VƏKİLİ

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  Türkiyə ilə bağlı son qərarı çox yanlış və çox ədalətsiz bir qərardır. Heç kimin, heç bir qüvvənin və heç bir beynəlxalq qurumun da haqqı yoxdur ki, Türkiyə ilə belə bir rəftar etsin. Türkiyə oturuşmuş, demokratik dəyərləri mənimsəmiş, əxz və bunu praktikada əyani şəkildə sübut etmiş bir ölkədir. Ona görə, indi kimlərsə Türkiyəyə dərs keçmək, dərs vermək fikrinə düşməsin. Çünki Türkiyə tələbə deyil ki, kimsə və ya kimlərsə ona müəllimlik etsin. Əslində Türkiyə ona dərs verib, müəllimlik etmək sevdasında düşənlərə əla dərs verə və müəllimlik edə bilər. Buna onun daha çox haqqı var”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov AŞPA-nın Türkiyədə monitorinqi bərpa etmək qərarını şərh edərkən bildirib.

Türkiyənin AŞPA-nın əsas təsisçilərindən və qurucularından biri olduğunu xatırladan millət vəkilinin sözlərinə görə, qardaş ölkə təkcə həmin qurumla deyil, bütün beynəlxalq təşkilatlarla və digər dövlətlərlə bərabərhüquqlu münasibətin tərəfdarıdır.

“Ancaq çox təəssüflər olsun ki,  bu gün hadisələr, proseslər başqa məcrada cərəyan edir. Son qərar da bunu bir daha açıq-aşkar ortaya qoyur”- deyən E. Səlimov bildirib ki, AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz və qərəzli qərarı Azərbaycanda da haqlı narazılıq və kəskin etiraz doğurub:

“Başqa cür də ola bilməz. Biz Azərbaycan cəmiyyəti olaraq, AŞPA-nın qardaş və dost Türkiyəyə qarşı son dərəcədə ədalətsiz qərarına sakit, səssiz qala bilmərik. Biz bu qərarı kəskinliklə qınayır, pisləyir və AŞPA-nı öz yanlış qərarından çəkinməyə çağırırıq”.

Daha sonra Türkiyənin respublika kimi 100 illiyini qeyd etməyə hazırlaşdığını diqqətə çatdıran deputat bir daha deyib ki, ötən müddətdə böyük çətinliklərə, çoxlu maneələrə və əngəllərə baxmayaraq, Türkiyə özünün oturuşmuş demokratik cəmiyyətini qurub.

“Kiminsə də kənardan baxıb buna qiymət verməsinə ehtiyac yoxdur. Ona görə də düşünürəm ki, AŞPA-nın bu qərarı heç bir məntiqə sığmır”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

“Ermənistandakı “seçkilər” əslində “siyasi korrupsiya”dır…” – RAFAEL HÜSEYNOV

Read Next

RƏSMİ: Qanun Prezident Administrasiyasını ləğv edə bilməz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir