“Fazil Mustafaya qarşı silahlı hücumu pisləyir və lənətləyirəm”-ELDAR İBRAHİMOV

Uzun illərdir ali qanunverici orqan olan Milli Məclisdə birgə fəaliyyət göstərdiyim deputat həmkarım, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafaya qarşı silahlı hücumdan çox üzüldüm, çox böyük və dərin narahatçılıq hissi keçirdim.

Bu hadisəni, silahlı hücumu qətiyyətlə pisləyir, qınayır və lənətləyirəm.

Belə bir hadisə, qanlı olay yolverilməz və qəbuledillməzdir.

Kimsə və kimlərsə bununla Azərbaycandakı sabitliyi, ölkəmizin, insanlarımızın əmin-amanlığını poza bilməz.

İndiki-güclü, qüdrətli, Qalib Azərbaycanla ötən əsrin zəif, gücsüz, 90-cı illərin Azərbaycanını səhv salmaq olmaz və səhv salınmamalıdır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından və Onun layiqli davamçısı indiki ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyət estafetini qəbul etməsindən ötən 20 il ərzində Azərbaycan nəninki yerləşdiyi bölgənin, coğrafiyanın, bütövlükdə dünyanın lider dövlətlərindən birinə, siyasi, iqtisadi, mədəni, humanitar, dini dialoq və tolerantlıq məkanına, sabitlik adasına çevrilib.

Kimsə 90-ci illərin əvvəllərində olduğu kimi indi bizimlə zor, təhdid, diktə dilində danışa bilməz və bu, mümkün də deyil.

Çünki artıq qarşılarında güclü, qüdrətli, “Dəmir Yumruq”lu Azərbaycan, dəmir siyasi iradəli dövlət başçısı var.

Azərbaycanla ancaq bərabərhüquqlu əməkdaşlıq və tərəfdaşlıq, səmimiyyət, konstruktivlik ruhu çərçivəsində danışmaq mümkündür.

Qütbündən, hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq, hər bir kəs, hər bir qüvvə, hər bir güc Azərbaycan reallığını qəbul etməli və bu reallıqla hesablaşmalıdır.

Yenə də təkrar olaraq qeyd etmək, altını cızaraq vurğulamaq istəyirəm ki, kimlərsə artıq boş xəyallarla, “bulanıq suda balıq tutmaq” sevdası, 90-ci illərin əvvələrini yenidən başqa bir biçimdə və dizaynda geriyə qaytarmaq kimi səfsəfələrlə yaşamasın və yaşamamalıdır.

Hər kəs reallığı qəbul etsin və ona uyğun davranmağa, səmimi olmağa çalışsın.

Bəli, bu gün ölkənin, insanlarımızın, vətəndaşlarımızın təhlükəsizliyini, asayişini ən yüksək şəkildə təmin edən, bunun üçün isti-soyuq, gecə-gündüz bilmədən çalışan, fədakarlıq göstərən güc srtukturlarımız, hüquq-mühafizə orqanlarımız var.

İnanıram və qəti əminəm ki, son hadisəni-Fazil Mustafaya qarşı silahlı hücumu törədən və ya törədənlər, icra, sifariş edən və ya edənlər tezliklə aşkarlanacaq, üzə çıxarılacaq və öz layiqli cəzalarını alacaqlar.

Kimsə bundan şübhə etməsin və edə də bilməz!

Ölkəmiz, təhlükəsizliyimiz əmin əllərdədir!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq müşahidə olunur-BAKIDA

Read Next

“Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımlar Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirir”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir