Kinomuzun “Ulduz”u və “Maya bacı”sı-DÜNYAYA BİRDƏFƏLİK “ƏLVİDA” DEDİ…

Tanınmış azərbaycanlı aktrisa və pianoçu Tamilla Rüstəmova vəfat edib.

Etikxeber.az xəbər verir ki, böyük bəstəkar Səid Rüstəmovun qızı olan Tamilla Rüstəmova Azərbaycan kino sənətində “Böyük dayaq” filmindən Maya və “Ulduz” filmindən Ulduz obrazları ilə yaddaşlarda qalıb.

Tamilla Rüstəmova uzun sürən xəstəlikdən sonra ötən gün yaşadığı Moskva şəhərində 84 yaşında dünyasını dəyişib.

Tamilla Rüstəmovanın vəfatı xəbərini onun bacısı qızı Nərmin xanım Modern.az saytına təsdiqləyib. Bildirib ki, xalası uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirdi:

“Xalam Moskvada dəfn olunacaq. Pandemiya vəziyyətilə əlaqədar cənazəni Azərbaycana gətirmək mümkün deyil”.

Müsahibimiz əməkdaşımızla söhbət əsnasında bildirib ki, Tamilla Rüstəmova Moskvada  yeganə qızı və nəvəsi ilə yaşayırdı.

Aktrisanın əri, milliyətcə latış Olgerd Krastınş 2003-cü ildə vəfat edib.

Nərmin xanım onu da bildirib ki, Tamilla Rüstəmovagil iki bacı, iki qardaş olublar.

“Onun hər iki qardaşı rəhmətə gedib. Hazırda Rüstəmovlar ailəsinin yalnız ən kiçik övladı – mənim anam Rəna Rüstəmova həyatdadır”.

Qeyd edək ki, Tamella Rüstəmova 1936-cı ildə dünyaya göz açıb. 1959-cu ildə Qnesinalar adına Musiqi İnstitutunu fortepiano ixtisası üzrə bitirib. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək, Riqaya köçüb. Aktrisa ərə gedəndən sonra Rüstəmova-Krastınş soyadı daşıyırdı. Bir müddət sonra onlar Moskva şəhərinə köçüblər.

Onun ən yaddaqalan obrazları “Ulduz” filmində Ulduz və “Böyük dayaq” filmində Maya rollarıdır.

T.Rüstəmova “Ulduz” və “Böyük dayaq” filmlərindən başqa “Zirvə” və “Axırıncı aşırım” filmində də çəkilib.

Onu da qeyd edək ki, T. Rüstəmova sənətdən-kinodan, o cümlədən, ilk dəfə Azərbaycanı tərk edib köçəndən və yenidən Vətənə dönəndən sonra mətbuata ilk və son müsahibəsini 1997-ci ilin əvvəllərində “525-ci qəzet”-ə vermişdi…

Allah rəhmət etsin!

https://oxu.az/culture/301356

Etikxeber.az

Read Previous

“Dünyanı cənginə almış olan pandemiyaya baxmayaraq, qonşu Ermənistan təcavüzkarlıq əməllərindən əl çəkmir və…”-ELNUR ALLAHVERDİYEV – FOTOLAR

Read Next

Ədalət Vəliyevlə Elşən Musayev nəyi-MÜZAKİRƏ ETDİLƏR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir