Kirayədə çürüyən, çürüdülən Şəhid ailəsi: ŞƏHİD ADƏM ƏLİYEVİN AİLƏSİ ƏTRAFINDA OYUN OYNAYANLARIN OYUNLARINA NİYƏ SON QOYULMUR? NİYƏ ŞƏHİD AİLƏSİ EV TİKDİRMƏK ÜÇÜN İSTƏDİYİ TORPAQ SAHƏSİ İLƏ VƏ YA MƏNZİLLƏ TƏMİN OLUNMUR? – FOTOLAR

Adəm Əliyev…

Kürdəmirin ilk İkinci Vətən Müharibəsi Şəhidi…

Cəmi 20 yaşında, həyatının, ömrünün ən gözəl çağında və müharibənin elə ilk günlərində canını Vətən yolunda fəda edən 3 medallı Vətən sevdalısı…

Ailənin iki övladından, iki oğlundan biri…

Adəm tək və böyük qardaşı Ariflə birlikdə anaları-Kürdəmirli Akifə xanım Ağayeva tərəfindən uşaq yaşlarından təkbaşına böyüdülüb…

Ata qayğısı, ata diqqəti, ata nəvazişi nə olduğunu bilməyib, bilməyiblər…

Anası, anaları onu, onları saçını-saçılarını süpürgə edərək, minbir əzab-əziyyətlə, zülm-zillətlə böyüdüb boya başa-çatdırıb…

Özü də illərdir kirayələrdə, şəraitsiz evlərdə…

Heç vaxt şəxsi evləri, mənzilləri, isti ocaqları, sıcaq yuvaları olmayıb…

Artıq Adəmin Şəhidliyindən düz 1 il 3 ay 21 gün keçir…

Ancaq ailəsi-anası və bir müddət öncə səssiz-səmirsiz ailə həyatı quran tək qardaşı hələ də kirayədə və olduqca şəraitsiz evdə, ev adında daxmada yaşayır…

Yaşayır, yaşayırlar demək də düzgün olmaz, çürüyür, çürüdülürlər…

Bəli, bilə-bilə, göz görə-görə insafsızcasına…çürüdülürlər…

Ötən müddət ərzində nə Kürdəmir rayon İcra Hakimiyyəti, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, xüsusilə, Sosial Xidmətlər Agentliyi, nə də digər aidiyyatı qurumlar, səlahiyyət sahibləri bu ailə, dərdli Şəhid anası ilə düz-əməlli maraqlanıblar…

Sanki kimsənin vecinə deyil bu ailənin, Şəhid ailəsinin dözülməz durumu, acısı…

Sanki bu Şəhid ailəsi elə bu cür həyata məhkumdur və axıracan da məhkum olmalıdır…

Və dəfələrlə bu ailənin problem(lər)i işıqlandırılsa da, Etikxeber.az olaraq, işıqlandırsaq da, heç bir addım atılmayıb bugünədək aidiyyatı qurumlar və səlahiyyət sahibləri tərəfindən…

“YAŞAT” Fondu da Şəhid ailəsinə, Şəhid anasına bir dəfə və cəmi 2500 manat civarında maddi yardım edib…

Ancaq sonradan Şəhid anası tərəfindən bir neçə dəfə müraciət edilsə də, Fond tərəfindən bu ailəyə, Şəhid anasına maddi yardım göstərilməsindən imtina edilib…

Niyə, nə üçün?

Əksinə, kimlərsə bir ilə yaxındır bilərəkdən bu ailə ətrafında əsassız və xoşagəlməz söz-söhbətlər yaymaqla, şaiyələr uydurmaqla, donosçuluqla… məşğul olub və bu gün də məşğuldurlar çirkin fəaliyətləri ilə…

Gah iddia edilir ki, Şəhidin ailəsinə torpaq sahəsi verilib, ancaq ailə imtina edib…

Gah iddia edilir ki, Şəhidin anasına gözəllik salonu verilib, amma imtina edib…

Gah iddia edilir ki, Şəhidin ailəsinə mənzil təklif olunub, amma rədd cavabı verilib…

Gah iddia edilir ki, Şəhidin ailəsinə ikiotaqlı mənzil verilib, ancaq ailəsi bunu hamıdan gizlədir…

İddialar, uydurmalar, şaiyələr, iftiralar…

Niyə belə edilir?

Nədir məqsəd?

Niyə zülm-zillətlə, təkbaşına, kimsənin köməyi, dəstəyi olmadan böyütdüyü iki oğlundan birini Şəhid vermiş Anaya, Şəhid ailəsinə qarşı belə rəzil addımlar atılır?

Nədir bu Ananın günahı?

İki övladından birini Vətən yolunda qurban verməkdirmi, günahı?

Övladının Qələbə və Zəfər Şəhidi olmasıdırmı, günahı, qəbahəti?

Heç zaman öz Haqqını, öz Haqlarını tələb etməməsidirmi, Şəhid anasının günahı, suçu?

Niyə bir dəfə olsun belə bu ailəni, bu ananı çağırıb dinləyən yoxdur?

Çağırmaq, dinləmək, olanları, olmayanları…onların öz dilindən eşitmək bu qədərmi çətindir?

Niyə bu ailədən, bu Anadan əl çəkilmir, niyə bu Şəhid ailəsi ətrafında çirkin, pis oyunlar oynanılır və bu oyunlara son verilmir?

Kimlərsə bundan həzz, ləzzətmi alır?

Onlarda vicdan, Allah qorxusu yoxdurmu?

Suallar, suallar, suallar…

Bəli, artıq bu suallara cavab verilməli və bu Şəhid ailəsinə qarşı mənəvi repressiyaya, hörmətsizliyə, vicdansızlığa son qoyulmalıdır!

Ya oyun oynayanlar özləri oyunlarına son qoymalı, ya da onların oyunlarına son qoyulmalıdır!

Bu Şəhid ailəsi nəhayət, dinc, rahat buraxılmalı və nəhayət, Haqq etdikləri evlə, məzillə, işlə təmin olunmalıdırlar!

Yeri gəlmişkən, Şəhidin anası kirayə yaşadıqları Üzeyir Hacıbəyov küçəsində kimsənin yardımı, dəstəyi olmadan övladına tikdirdiyi “Şəhid bulağı”nın arxasındakı boş, istifadəsiz sahədə iki-üç sotluq torpaq, yer və orada övladının ruhunu, anılarını yaşatmaq üçün daxma, kümə qaraltmaq istəyir…

Amma ona da aylardır imkan verilmir…

Hər dəfə bir bəhanə gətirilir, hər dəfə saxta sənədlər ortaya atılır…

Hər dəfə Şəhid ailəsi, gözüyaşlı, ürəyidağlı Şəhid anası bir daha incildilir, bir daha mənən, ruhən öldürülür…

Artıq bunlara son qoymaq və Şəhid ailəsini ya istədiyi torpaq sahəsi ilə, ya da istəkləri nəzərə alaraq, mənzillə təmin etmək lazımdır.

Artıq söz, vəd, bəhanə vaxtı, məqamı deyil, artıq real, konkret addım(lar) atmaq zamanı, məqamıdır!!!

https://www.facebook.com/100005150613564/videos/pcb.1967985446716457/909803953240458

(Məsələni bundan sonra da diqqətdə saxlayacağıq)

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyevlə Mehriban Əliyeva Şəhidlər xiyabanını-ZİYARƏT ETDİLƏR – FOTOLAR- YENİLƏNİB

Read Next

Daha 1186 yeni yoluxma-DAHA 14 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir