KİV, dövlət dili, vətəndaşlıq haqqında qanunlara və İnzibati Xətalar Məcəlləsinə hansı-DƏYİŞİKLİKLƏR EDİLİR?

Kütləvi informasiya vasitələrinin dilinə dair yeni tələb müəyyənləşir.

Etikxeber.az-ın məlumatına görə, bu,Milli Məclisin (MM) iclasında müzakirəyə çıxarılan “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanunun 6-cı maddəsinə (Kütləvi informasiya vasitələrinin dili) təklif edilən əlavəyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.

Qeyd edək ki, indiyə qədər “Kütləvi informasiya vasitələri haqqında” qanunda sadəcə, Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələrinin dövlət dilindən istifadə etməsinə dair müddəa əksini tapmışdı.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Dövlət dili normalarını pozanların cərimələnməsi təklif olunur.

Bu müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə 533-1 maddəsində əksini tapıb.

Layihəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi qaydası dəyişir.

Bu isə “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qanuna əsasən, reklam verənin tələbinə ilə reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. İndiyə qədər bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin 1/3-dən çox olmamalı idi.

Təklif edilən dəyişikliyə əsasən, xarici dildə olan mətnin reklamın yerləşdiyi ümumi sahənin 1/3-dən çox olmamasına dair tələb ləğv edilir.

Layihəyə gör, bu halda xarici dildə olan mətn dövlət dilində olan mətnin tutduğu sahədən çox olmamalıdır.

***

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının məlumat verməməsinə görə cinayət məsuliyyəti ləğv edilir.

Bu da öz növbəsində “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. İndiyə qədər belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırdı. Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə bir ay müddətində yazılı məlumatın verilməməsi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılıb.

Bu gün Milli Məclisdə müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan 318-2-ci maddəsinin dekriminallaşdırılması, bu maddənin Cinayət Məcəlləsindən çıxarılması nəzərdə tutulub. Bununla əlaqədar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə də xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməməsinə görə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımasına dair cümlənin çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanı ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə bir sıra məsələlər əksini tapıb. Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə müvafiq qanun layihələrinin hazırlanması tapşırılıb.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bəzi həmkarlar ya qanunu oxumur ya da çıxış etmək xatirinə çıxış edir”-ZİYAFƏT ƏSGƏROVDAN İRAD

Read Next

Elmi dərəcəsi olan hərbi qulluqçulara əlavə yaşayış sahəsi verilməsi-TƏKLİF OLUNUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir