Komitə sədri ölkə Prezidentinin sərəncamını şərh etdi…

Xəbər verildiyi kimi, bu gün ölkə Prezidenti  İlham Əliyev “Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında”  Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda qeyd olunur ki, son dövrlərdə ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən olan aqrar sektorda dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm işlər görülüb. Həyata keçirilən tədbirlər çərçivəsində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti on mindən çox müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən müasir tipli pambıqyığan və taxılbiçən kombaynlar, traktorlar, yedəklər və digər kənd təsərrüfatı texnikası alaraq respublikaya gətirib.

ilya-qurultay-11

Sərəncamda sonra qeyd olunur:

“Ölkənin kənd təsərrüfatı texnikası parkı müasirləşdirilmiş, dövlət büdcəsinin vəsaiti hesabına ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməklə həmin maşın və mexanizmlər fermerlərə satılmışdır. Görülən məqsədyönlü tədbirlər nəticəsində kənd təsərrüfatının ənənəvi sahələri sayılan pambıqçılığın, taxılçılığın, çəltikçiliyin, çayçılığın, bağçılığın və digər sahələrin dayanıqlı inkişafı təmin olunmuşdur, yeni yaradılan pambıq qəbulu məntəqələri və pambıq emalı zavodları isə hazırda avadanlıqla təchiz edilir. Bununla belə, uzun müddət istismarda olmuş kənd təsərrüfatı texnikasının bir hissəsinin texniki parametrlərinin və keyfiyyət göstəricilərinin müasir standartlara uyğun gəlməməsi səbəbindən, innovativ və yeni mütərəqqi becərmə texnologiyalarının tətbiqi ilə əlaqədar texnika parkının yenilənməsi, məhsul istehsalçılarının müasir kənd təsərrüfatı texnikasına tələbatının fasiləsiz və davamlı ödənilməsi sahəsində əlavə tədbirlər görülməsi zəruridir.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Taxılçılıq, pambıqçılıq, çəltikçilik, çayçılıq və bağçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.6.1-ci yarımbəndində göstərilmiş məbləğin 160,0 (yüz altımış) milyon manatı “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

eldar-2

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru Eldar İbrahimov məlum Sərəncamla bağlı Etikxeber.az-a açıqlamasında ölkə Prezidentinin addımını  alqışladığını və müsbət qiymətləndirdiyini bildirib:

“Bu, hər birimizin, xüsusilə, kənd təsərrüfatı, aqrar sektor ilə bağlı olan insanların hamısının ürəyindəndir. Bu,  çox mühüm və çox önəmli bir sərəncamdır, addımdır. Belə bir sərəncama görə dövlət başçısına minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk”. 

Komitə sədrinin sözlərinə görə, aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı dövlət büdcəsindən 160 milyon manat vəsaitin ayrılması ölkədə kənd təsərrüfatının, aqrar sektorun inkişafına çox müsbət təsir göstərəcək və çox böyük töhfə verəcək.

“Azərbaycanda aqrar sektorun, kənd təsərrüfatının inkişafına dövlət qayığısı göz önündədir. Ümummilli lider Heydər Əliyevin dövründən başlayan, yəni, kənd təsərrüfatının inkişafına dövlət dəstəyi siyasəti ölkə Prezidenti İlham Əliyevin 15 illik hakimiyyəti dövründə də uğurla davam etdirilib, bu dəstək daha da artırılıb. Məhz bunun nəticəsidir ki, dünyada iqtisadi böhranın, qlobal kataklizmlərin yaşanmasına baxmayaraq, Azərbaycanda dinamik və sürətli inkişaf mümkün olub, kənd təsərrüfatının, aqrar sektorun dirçəliş prosesi, mərhələsi yaşanıb və bu yöndə işlər uğurla davam etdirilməkdədir. Azərbaycan bu gün özünü kənd təsərrüfatı, yerli ərzaq, qida məhsulları ilə tam təmin edir. Ölkədə taxıla tələbat tam ödənilib. Həmçinin, pambıqçılıq, tütünçülük, çaycılıq, çəltikçilik, baramaçılıq və digər sahələrlə bağlı önəmli addımlar atılıb və atılmaqdadır. Bu yöndə bir sıra sərəncam və fərmanlar, dövlət proqramları qəbul olunub. Kənd təsərrüfatının, aqrar sektorun inkişafına həsr olunmuş ümumresublika müşavirələri keçirilib, ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən bu, yüksək səviyyəli dövlət tədbirlərində dövlət başçısı tərəfindən önəmli mesajlar verilib, mühüm tapşırıq və göstərişlər verilib.

Eyni zamanda, kənd təsərrüfatı, aqrar sektor ilə məşğul olan insanlar, kənd əməkçiləri torpaq vergisindən başqa bütün növ vergilərdən azad olunublar. Bununla yanaşı, ölkədə kənd təsərrüfatının inkişafı yönümündə yeni əkinə yararlı torpaq sahələri istifadəyə verilib və sairə. Yəni, Azərbaycan dövlətinin, ölkə Prezidentinin aqrar sektorun inkişafına münasibəti, diqqət və qayğısı, bu qayğının nəticəsində də  yaşanan inkişaf, intibah göz qabağındadır. Ancaq Sərəncamda da vurğulandığı kimi, uzun müddət istismarda olmuş kənd təsərrüfatı texnikasının bir hissəsinin texniki parametrlərinin və keyfiyyət göstəricilərinin müasir standartlara uyğun gəlməməsi səbəbindən, innovativ və yeni mütərəqqi becərmə texnologiyalarının tətbiqi ilə əlaqədar texnika parkının yenilənməsi, məhsul istehsalçılarının müasir kənd təsərrüfatı texnikasına tələbatının fasiləsiz və davamlı ödənilməsi sahəsində əlavə tədbirlər görülməsi zəruridir.Bu baxımdan da, ölkə Prezidenti bu məsələyə 160 milyon manat vəsait ayırıb. Hesab edirik ki, bu vəsait də  balaca vəsait deyil, çox böyük vəsaitdir və tezliklə bu yöndə-nəzərdə tutulan məqsədlərin reallaşdırılması istiqamətində böyük töhfəsini verəcək. Azərbaycanın kənd təsərrüfatının inkişafında, onun texniki təminatının təmin edilməsində növbəti mərhələ yaşanacaq, Azərbaycan həm də güclü, inkişaf etmiş kənd təsərrüfatı ölkəsi kimi, dünyaya nümunə olacaq”-deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Sosial, beşdən çox uşağı olan qadınlara verilən müavinətlər artırıldı – SƏRƏNCAM

Read Next

Düşmən yenə dinc dayanmır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir