“Kommunikasiyaların açılması, ticari-iqtisadi və digər əlaqələrin qurulması iqtisadi baxımdan da Cənubi Qafqazda üstün olan Azərbaycanın şəksiz hegemonluğuna gətirəcək”-MUSA QASIMLI BELƏ DÜŞÜNÜR

Dünyanın müharibə və sülh tarixinin təcrübəsi göstərir ki, hərb meydanında qalib gələn dövlət xadimləri adətən masa arxasında da özlərini qalib aparıblar. Bəzən isə döyüş meydanında qalib gələnlər masa arxasında güzəştə gediblər və ya itiriblər. Xalqımızın böyük şansıdır ki, qurduğu dövlətə həm hərb elminə mükəmməl hakim olan qalib sərkərdə, həm dünya işlərini incəliyinə qədər bilən mahir diplomat, həm də zəmanəmizin görkəmli dövlət xadimi İlham Əliyev rəhbərlik edir. Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi istənilən toplantıda xalqımızın və dövlətimizin maraqlarının ən üstün səviyyədə qorunmasına tam əminlik həmişə olub, bu gün də var və gələcəkdə də olacaq. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan baş nazirinin üçtərəfli görüşü bu əminliyi bir daha təsdiq etdi.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında millət vəkili, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, görüş haqqında çox yazmaq və təhlil etmək olar:

“Yalnız bir neçə xüsusi vurğulamaq istəyirəm. İlk növbədə, müharibədən sonra birinci dəfə keçirilən görüşün iştirakçılarının “bədən dili” diqqəti cəlb etdi. Bütün beynəlxalq toplantılarda olduğu kimi, bu görüşdə də İlham Əliyevin “bədən dili” yalnız qürur hissi yaratdı. Döyüş meydanından qalib çıxan sərkərdənin görüş salonuna daxil olması, Vladimir Putin tərəfindən isti qarşılanması fəxr ediləsi idi. Ermənistan baş nazirinin görüş salonuna daxil olması, masada oturuşu bərbad idi və bu, onun fəaliyyəti nəticəsində boynuna çoxdan biçilmişdi. Döyüş meydanında rüsvayçı şəkildə məğlub olmuş, ordusu dağılmış, beli bükülmüş baş nazirdən onsuz da başqa şey gözləmək olmazdı.

Görüşdə müzakirə edilən məsələlərə münasibətdə tərəflərin mövqeyi Azərbaycanın üstünlüyünü göstərdi. Ermənistan tərəfinin döyüş meydanında itirdiklərinin əvəzini masa arxasında hiyləgərliklə qaytarmağa cəhd etdiyi kimsədə şübhə doğurmur. Lakin Prezident İlham Əliyevin qəti mövqeyi həmin istəkləri dəfn etdi. Ötən il noyabrın 10-da imzalanmış Bəyanatdan sonra Ermənistanın Azərbaycan ərazilərinə göndərdiyi terrorçuları geri almaq cəhdləri iflasa uğradı. Bununla Azərbaycan tərəfi bir daha sübut etdi ki, Ermənistan 10 noyabr tarixli Bəyanatı kobudcasına pozur, terrorçuları Azərbaycan ərazisinə yollayır və terroru himayə edir. Bu, Ermənistana vurulan ağır zərbə oldu. Beləliklə, Nikol Paşinyan döyüş meydanında olduğu kimi, masa arxasından da İrəvana əliboş qayıtdı”.

Millət vəkili bildirib ki, görüşün yekununda imzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlər regionun gələcəyinə dair Prezident İlham Əliyev konsepsiyasının üstünlüyünü və həyatiliyini göstərdi. Bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğurudur. Çünki nəqliyyat-kommunikasiya sistemlərinin açılması, ticari-iqtisadi və digər əlaqələrin qurulması iqtisadi baxımdan da Cənubi Qafqazda üstün olan Azərbaycanın şəksiz hegemonluğuna gətirəcək:

“Regionun digər ölkələri və xalqları öz maraqları naminə Azərbaycanın yanında yer almağa çalışacaqlar. Ermənistanın və erməni xalqının da normal gələcəyi Azərbaycanın yanında olmaqdan keçir. Başqa yollar bəri başdan uğursuzluğa məhkumdur. Beləliklə, Moskva görüşünün nəticələri Prezident İlham Əliyevin hərb diplomatiyasının siyasi və iqtisadi diplomatiya ilə uğurlu davamıdır”.

Etikxeber.az

Read Previous

“Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, onlara baha başa gələ bilər”-XİN-DƏN XƏBƏRDARLIQ

Read Next

“Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”-PREZİDENT – İLHAM ƏLİYEV, MEHRİBAN ƏLİYEVA VƏ LEYLA ƏLİYEVA ŞUŞADA – YENİLƏNİB – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir