“Komplekslərdən uzaq olmağı bacarmalıyıq…” – MİLLƏT VƏKİLİ

ELDƏNİZ SƏLİMOV:…Deputat da insandır, o da istəsə piyada gəzə, dolaşa, istəsə ictimai nəqliyyatdan istifadə edə, istəsə şəxsi avtomobilindən yaralana bilər. Burada artıq başqa məsələ axtarmağa ehtiyac yoxdur, bunlardan əl çəkməliyik. Mən özüm də yeri gələndə piyada gəzirəm, yeri gələndə isə öz şəxsi avtomobilimdən istifadə edirəm. Həm də mən Bakıda deyil, rayonda yaşayıram, daha çox öz bölgəmdə oluram. Ona görə şəxsi nəqliyyat vasitəsindən istifadə etmək bir növ şərtdir…

Etikxeber.az deputat Eldəniz Səlimovun  Sonxeber.az-a müsahibəsini təqdim edir:

– Eldəniz bəy, zəhmət olmasa ilk öncə özünüz və ixtisasınız barəsində qısa məlumat verərdiniz?

 – Mən, Səlimov Eldəniz Adil oğlu 1976-cı ilin oktyabr ayının 2-də Xaçmaz şəhərində anadan olmuşam. 1983-93-cü illərdə Xaçmaz şəhəri 45 saylı orta məktəbdə oxumuşam və orta məktəbi tərifnamə ilə bitirmişəm. 1993-98-ci illərdə Dağıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin əyani şöbəsini bitirmişəm. 2000-ci ildə Vergilər Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi vəzifəsinə işə qəbul olunmuşam. 2002 -ci ilin yanvar ayından 1 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ), 2002-ci ilin noyabr ayından 2010-cu ilədək 3 saylı Ərazi Vergilər İdarəsində böyük dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifəsində işləmişəm. Bundan sonra bir müddət bank sektorundə rəhbər vəzifədə çalışmışam.

2014-cü ilin əvvəlindən 2015-ci ilin parlament seçkilərinə kimi isə Xacmaz rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndə vəzifəsində işləmişəm. 2000-ci ildən, 24 yaşımdan hakim patiyanın – YAP-ın üzvüyəm. 2015-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Xaçmaz rayonunun sosial-iqtisadi həyatında xitmətlərə görə “Tərəqqi” medalı ilə təltif olunmuşam. 2015-ci ilin noyabr ayında isə Xaçmaz rayonundan 5-ci çağırış Milli Məclisin üzvü seçilmişəm. Xaçmazı parlamentdə təmsil edən iki millət vəkilindən biriyəm. Hazırda parlamentin Aqrar siyasət komitəsinin üzvüyəm.

– Bilirik ki, seçicilərinizlə mütəmadi görüşürsünüz. Seçiciləriniz daha çox hansı problemlə bağlı sizə müraciət edir?

– Bilirsiniz, insanlar müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü olduğu üçün istəkləri, arzuları da müxtəlif olur, bir-birindən fərqlənir. Təbii ki, bunları da səbrlə, anlayışla qarşılamaq lazımdır. Yanına böyük ümidlərlə gələn insanların xahişlərini geri çevirmək, onları qəlbini qırmaq da düzgün olmaz. Sadəcə nəyi etmək mümkündürsə, onu reallaşdırmaq, baş tutması mümkün olmayan, həllinə sənin gücün yetməyən və yetməyəcək xahişə gələn, problemlərinin anında həll olunmasını istəyən insanlara da bunları anlayışlı şəkildə səbrlə başa salmaq lazımdır. Kimliyindən, müraciətin xarakterindən asılı olmayaraq, heç kəsə kobud rəftar etmək, onu kənara atmaq olmaz. Bu, millət vəkilliyi ilə uyğun gələn məqamlar deyil. Deputat millətinin vəkilidir və vəkili də olmalıdır. Bu adı uca tutmalı, şərəflə daşımalıdır. Odur ki, mənə edilən müraciətlərə də səbrlə, həssaslıqla, diqqətlə yanaşmağa çalışıram. Nəyi etmək mümkündürsə, nəyə gücüm çatırsa, onu da etməyə, əlimdən gələn köməkliyi də əsirgəməməyə səy göstərirəm. Təbii ki, elə məsələlər və məqamlar da olur ki, onların həlli mənim imkanlarım və səlahiyyətlərim daxilində olmur. Ancaq bütün hallarda çalışıram ki, mənə edilən müraciətlərin həllinə nail olum, həmin müraciətlərin həllini diqqət mərkəzində saxlayım.

– Bildiyiniz kimi, ölkə Prezidenti tərəfindən son zamanlar köklü struktur dəyişiklikləri aparılır. Bir çox gənclər yüksək vəzifələrə gətirilir. Gənclərə göstərilən bu etimad dövlətimizə nələri qazandıracaq?

– Əvvəla onu deyim ki, bütün növ islahatlar, xüsusilə də son zamanlar sistemli, ardıcıl şəkildə aparılan sruktur islahatları dövrün, zamanın tələbindən irəli gəlir. Deməli, bu anda, bu məqamda məhz islahatlara ehtiyac var. Yəni nə vaxtından əvvəl, nə də gec, hər bir məsələ öz anında olmalıdır və olur. Azərbaycan dövləti, ölkə Prezidenti cənab İlham Əliyev də məhz anında, ehtiyac duyulduğu məqamda bu proseslərə start verir və onlar da bir-bir uğurlu həllini tapır. Həm də bu islahatlar kənardan kimlərinsə arzu, istəyi və diqtəsi ilə deyil, məhz öz istəyimiz, seçimiz əsasında aparılır.

ELDENIZ-3

Eyni zamanda, bu prosesdə gənclər də mühüm yer alır, onların da dövlət idarəetməsində iştirakı diqqət mərkəzinə gətirilir. Zaman-zaman da bu istiqamətdə gərəkən addımlar atılır. Çünki Azərbaycan dünyanın azsaylı, yeganə dövlətlərindəndir ki, gənclər siyasəti dövlət siyasətinə, onun prioritetlərindən birinə çevrilib. Ulu öndərimizdən dövründən əsası qoyulan bu proses son 16 ildə də uğurla davam etdirilməkdə və öz müsbət nəticələrini verməkdədir.

Bu baxımdan, gənclərə göstərilən etimad yerində, məqamında olan etimaddır və bu etimadın bütün hallarda dövlətimizə xeyri var və olacaq. Əgər bu etimada gərək duyulmasaydı, bu yöndə addımlar da atılmazdı. Deməli, gərək duyulur və öz müsbət nəticəsini də ortaya qoyulur…

– Eldəniz bəy, təəssüf ki, son zamanlar ölkəmizin uğurlarını qəbul etməyən qüvvələrin əlində maşa rolunu oynayan bəzi qüvvələr yenidən aktivləşib. Sosial şəbəkələrdə aparılan söyüş kampaniyasına dövlət tərəfindən hansı əsaslı tədbir görülməlidir?

– Bu məsələyə mətbuata açıqlamalarımda dəfələrlə münasibət bildirmiş, öz mövqeyim ifadə etmişəm. Yəni, bu mövqedə, bu fikirlərdə dəyişən heç nə yoxdur. Təbii ki, bu, hər birimizdə, ölkəsinə, vətəninə bağlı olan, onun inkişafı, tərəqqi etməsi üçün çalışan hər bir vicdanlı insanda çox böyük təəssüf , etiraz və qəzəb hissi doğurur. Azərbaycanda 1993-cü ilin iyunundan bu yana, eləcə də son 16 ildə görülən ölçüyəgəlməz işlər hamının gözləri qabağındadır. Azərbaycan bu illərdə sürətli, dinamik, sıçrayışlı inkişaf yolu keçib, dünyanın lider dövlətlərindən birinə çevrilib. Bu haqda saatlarla, günlərlə danışsaq belə, vaxt çatmaz. Həm də atalarımız yaxşı deyib ki, görünən dağa nə bələdçi?!

Ona görə yaxşı olardı ki, ölkəmizdə görülən bu möhtəşəm işləri anti-Azərbaycan dairələrin əlində alətə çevrilən, müstəqil inkişafımıza qarşı həmin dairələr tərəfindən təzyiq, təsir mexanizmi kimi istifadə edilən, edilməyə çalışılan bəzi sapı özümüzdən olan baltalar da görsünlər, duysunlar, anlasınlar. Bilsinlər ki, heç kim, heç bir qüvvə artıq Azərbaycanla zor, təzyiq, təhdid, diktə dili danışa bilməz. Bu yöndə cəhdlər yersiz və əbəsdir. Atdıqları bumeranq kimi yalnız özlərinə dəyəcək, özlərini əzib keçəcək. Daha bir atalar məsələmizdə deyildiyi kimi, yel qayadan heç nə apara bilməz və bilməyəcək. Ona görə yaxşı olardı ki, onlar da səhvlərini, yanlışlarını nəhayət, anlasınlar, oyuncaq kimi istifadə edilməkdən qurtulsunlar və düz yola gəlsinlər. Yoxsa, onlar üçün sonra çox gec olacaq. Sosial şəbəkələr vasitəsilə şər, böhtan kampaniyası aparmaq, insanları təhqir etmək, mənəvi terrora məruz qoymaq yolverilməzdir. Bütün bunların qarşısı qanun çərçivəsində alınmalıdır. Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər. Bu reallıq dünya ölkələrində də narahatlıq doğurur və bunun qarşısını almaq üçün lazımi addımlar atılır. Azərbaycanda da bu yöndə tədbirlər görülməlidir. Bu yöndə qanunvericliyin tələbləri var, onların icrası öz həllini tapmalıdır.

– Dövlət və xalq arasında münasibətlərin bu qədər sıx olmasında təbii ki, Yeni Azərbaycan Partiyasının xidmətləri danılmazdır. Xalqımız hər zaman seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyir. Başqa partiyalardan fərqli olaraq Yeni Azərbaycan Partiyası bu inamı və etibarı necə qazanıb?

– Çünki YAP xalqının istəyindən yaranıb. O, Azərbaycan xalqının siyasi sifarişi olub. O məsələnin ki, kökündə xalqın istəyi, xalqın ruhu var, o daim yaşayacaq, daim bütün maneələri dəf edəcək, bütün çətinlikləri aşacaq, daim uğurlar əldə edə-edə öz hədəflərinə doğru yürüyəcək və bir-bir o hədəflərinə çatacaq. Yəni demək istəyirəm ki, YAP-n təməlində, bünövrəsində Azərbaycan xalqının istəyi, onun ruhu var. Təbii ki, ən böyük və ən əsas uğurlardan biri də bu partiyanın qurucusu və yaradıcısı ilə bağlı məsələdir. Bu partiyanın qurucusu və yaradıcısı dahi şəxsiyyət Heydər Əliyevdir. Bütün uğurların kökündə dayanan əsas və başlıca məqamlardan biri və birincisi də budur. Eyni zamanda, bu gün bu partiyanın İlham Əliyev kimi dünyamiqyaslı siyasətçi və müdrik dövlət xadimi olan bir lideri var. İlham Əliyevin son 16 ildə apardığı siyasət, gördüyü titanik işlərə YAP-a olan inamı, etibarı bir qədər də artırıb, möhkəmləndirib. YAP yarandığı gündən nələri vəd edibsə, onu da edib. İnsanlarla hər zaman səmimi, iç-içə olub, yalançı, boş vədlərlə çıxış etməyib. İddiaları ilə imkanlarını düzgün hesablamağı bacarıb. Yəni, YAP xalqın, Azərbaycan xalqının partiyasına çevrilib. Xalqın partiyasının isə uğurları daimi və əbədidir.

– Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bələdiyyə seçkilərində gənclərə üstün veriləcəyi ilə bağlı fikirlər səsləndirmişdi. Bu barədə fikirlərinizi bilmək istərdik.

ELDENIZ-1

– Artıq Azərbaycanda bələdiyyə, yerli özünüidarəetmə təsisatının yaranmasından düz 20 il ötür. İlk dəfə Azərbaycanda 1999-cu ildə bələdiyyə seçkiləri keçirilib və həmin vaxtdan bələdiyyələr formalaşdırılmağa başlayıb. 20 il tarix üçün nə çox, nə də az müddət deyil. Bu illər ərzində bələdiyyələrin uğurları da olub, çatışmazlıqları da. Amma əsas odur ki, Azərbaycanda bələdiyyə təsisatı artıq oturuşub, öz təsdiqini tapıb. Bələdiyyələrin inkişafı ilə də bağlı istər dövlət, istərsə qanunvericilik səviyyəsində gərəkən nələr varsa, hamısı bir-bir atılıb və aılmaqdadır. Ötən dövrdə artıq 4 çağırış bələdiyyə seçkiləri keçirilib və dekabr ayında bələdiyyələrə növbəti- 5-ci seçki keçiriləcək. Qeyd edim ki, hər seçkidən-seçkiyə də bələdiyyələrdə qadınların və gənclərin sayı artmaqdadır. Hazırda bələdiyyələrdə təmsil olunan qadın və gənc bələdiyyə üzvlərinin sayı çəkisi yetərincədir. Deməli bu siyasət öz effektini, öz bəhrəsini verir. Belə olan halda, niyə həmin müsbət təcrübə davam etdirilməsin?!

Bu baxımdan, partiymızın İcra katibi və sədr müavini hörmətli Əli Əhmədovun fikirləri, mövqeyi məhz bu müsbət təcrübəyə əsaslanır. Əli müəllimin də dediyi kimi, partiya öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər.

Əli müəllim son açıqlamalarından birində bu məsələyə geniş şəkildə toxunaraq “2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizəd qismində iştirak etsin və özlərini sınasınlar. Bununla da ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər” – deyərək, bir daha hakim partiyanın, partiya rəhbərliyinin Azərbaycan gənclərinə və gəncliyinə necə dərin etimad və etibarının olduğunu bəyan etmişdi. Elə bilirəm ki, bu məsələdə əlavə şərhə də ehtiyac qalmır.

– Milli Məclisin Aqrar siyasət, həmçinin, Gənclər və idman komitəsini komitəsinin üzvüsünüz. Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirmək üçün sizcə daha hansı addımlar atılmalıdır? Sizin bu sahə ilə bağlı təklifləriniz nədir? Həmçinin, gənclər siyasəti ilə bağlı daha nələr edilməlidir qanunvericilik səviyyəsində?

– Bir dəfə qeyd etmişəm, yenə də demək istəyirəm ki,  Aqraq siyasət komitəsi parlamentin ən mühüm və ən fəal, ən işlək komitələrindən biridir. Bu komitədə ölkəmizlə, onun inkişafı ilə bağlı elə bir məsələ olmur ki, müzakirə olunmasın. Komitəmizin iclaslarında, fəaliyyətində ölkəmizi, insanlarımızı maraqlandıran bütün məsələlərlə bağlı geniş və ətraflı müzakirələr, fikir mübadilələri aparılır. Komitəmizə də çox təcrübəli, çox müdrik və ağsaqqal bir insan – Eldar İbrahimov rəhbərlik edir. Onun rəhbərlik etdiyi komitənin üzvü olmaqdan da qürur hissi keçirirəm. Komitəmiz ölkənin kənd təsərrüfatının, aqrar sektorun inkişafına da nələr lazımdırsa, onu etməyə, bu yöndə qanunvericilik bazasını da zənginləşdirməyə çalışır.

Hər sessiyada da demək olar ki, ölkəmizin arqar sektorunun inikaşafına kömək edəcək, töhfə verəcək qanun layihələri, müvafiq qanunlara dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktları hazırlanır, müzakirələrə çıxarılır, plenar iclaslara tövsiyə olunur və qəbul olunur. Bu yöndə işlər gələcək dövrlərdə də davam etdiriləcək. Hazırda da bir neçə yeni qanun layihəsi, o cümlədən, qida təhlükəsizliyi, kənd təsərrüfatında sığortanın stimullaşdırılması , meliorasiya və irriqasiya ilə bağlı yeni qanunvericilik aktları üzərində çalışılır ki, onlar da aqrar sektorun, kənd təsərrüfatının inkişafına öz müsbət töhfəsini verəcək.

Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, artıq bir neçə aydır həm də Milli Məclisin Gənclər və idman komitəsinin üzvüyəm. Bu komitə də parlamentin ən fəal, ən işgüzar komitələrindəndir. Komitənin sədri, deputat həmkarım Ülvi Quliyevlə də çox gözəl, səmimi, dostluq münasibətlərimiz var. Çox fəal, çox bacarıqlı, çox qabiliyyətli və işgüzar bir insandır. Bir sözlə, belə bir komitədə də təmsil olunmaqdan məmnunluq duyuram.

Bildiyiniz kimi, elə bugünlərdə “Gənclər siyasəti haqqında” qanuna mühüm dəyişikliklər edildi. Mövcud qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi üç oxunuşdan keçdi və sonda bütövlükdə qəbul olundu. Bu haqda mətbuata açıqlamalarımda da ətraflı danışmışam, ona görə indi bu haqda geniş danışmağa ehtiyac duymuram. Bu dəyişikliklər çox mütərəqqi dəyişikliklərdir və ölkədə gənclərin rolunun, inkişafının artırılmasına, gücləndirilməsinə mütləq öz müsbət töhfələrini verəcək.

ELDENIZ-5

– Milli Məclisdə təmsil olunan deputat həmkarlarınızla münasibətlər necədir?

– Təbii ki, normal. Necə də olmalıdır ki?! Bütün həmkarlarımla normal, səmimi münasibətlərimiz var. Aralarında hətta, dostluq, yoldaşlıq etdiklərim də var. Yəni, bütün həmkarlarıma hörmətlə, ehtiramla yanaşmağa çalışıram, təbii ki, onlar da mənə eyni münasibəti sərgiləyirlər. Yəni, hamısından razıyam.

– Bəzi deputatlar jurnalistlərlə əməkdaşlıqdan qaçır. Sizcə bu nədən qaynaqlanır?

– Əvvəla, mən o fikirdəyəm ki, istər bir neçə çağırış parlament üzvü olan həmkarlarım, istərsə də yeni seçilən həmkarlarım kifayət qədər mediaya açıqdırlar. Medianı, cəmiyyəti maraqlandıran istənilən sualı, məsələni cavablandırmağa çalışırlar. Həm də hər gün mediada olmaq olmaz ki? Millət vəkilləri çox ciddi işlərlə məşğuldurlar, bəzən sadəcə, vaxtları, imkanları çatmır ki, mediada görünsünlər. Onları da başa düşmək, anlayışla qarşılamaq lazımdır. Həm də hər kəs özünə cavabdehdir, öz adından danışmalıdır. Mən bu məsələdə kiminsə adından danışa bilmərəm ki?! Şəxsən mən özüm mediaya açıq insanam və ciddi, peşəkar medianı, jurnalistləri yüksək qiymətləndirir, onları hər zaman dinləməyə, onları maraqlandıran məsələləri daim zamanım, imkanım daxilində cavablandırmağa çalışıram.

– Gənc yaşda siz kifayət qədər uğurlar əldə etmisiniz? Uğurlarınızı sirlərini deyə bilərsinizmi?

– (Gülür). Əslində burada sirr yoxdur. Uğurun başlıca cəhəti məsuliyyətdir, tələbkarlıqdır, özünütənqiddır, ciddi çalışmaqdır, işgüzar olmaqdır, heç bir çətinlikdən, problemdən çəkinməmək, qorxmamaqdır. Yəni uğur həm ağlı, həm də riski tələb edir. Bunlar hər ikisi olanda, eləcə də işə məsuliyyətli, vicdanlı, tələbkar yanaşma olanda uğur da olur. Həm də bu bir qismət, tale işi, alın yazısıdır.

– Bir neçə deputatlarımız var ki, ictimai nəqliyyatdan istifadə edirlər. Siz necə ictimai nəqliyyatdan istifadə edirsinizmi?

– Burada da qeyr-adi heç nə yoxdur. Bəzən görürsən ki, bu məsələni də tənqid hədəfinə çevirirlər ki, filan deputat niyə ictimai nəqliyyatdan istifadə edir və s. Mən bu cür düşünün insanları görəndə və yaxud bu yöndə fikirlərlə tanış olanda çox təəssüf və təəccüb edirəm. Biz artıq komplekslərdən uzaq olmağı bacarmalıyıq. Deputat da insandır, o da istəsə piyada gəzə, dolaşa, istəsə ictimai nəqliyyatdan istifadə edə, istəsə şəxsi avtomobilindən yaralana bilər. Burada artıq başqa məsələ axtarmağa ehtiyac yoxdur, bunlardan əl çəkməliyik. Mən özüm də yeri gələndə piyada gəzirəm, yeri gələndə isə öz şəxsi avtomobilimdən istifadə edirəm. Həm də mən Bakıda deyil, rayonda yaşayıram, daha çox öz bölgəmdə oluram. Ona görə şəxsi nəqliyyat vasitəsindən istifadə etmək bir növ şərtdir.

– Uzun illərdir ki, Dağlıq Qarabağ problemi həll edilmir. Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların köməyindən imtina etmək olarmı?

– Azərbaycan dövləti sülh və danışıqlar prosesinə daim üstünlük verib və işğalçı, təcavüzkar ölkədən fərqli olaraq, hər zaman da bu xəttinə sadiq qalıb. Danışıqlar prosesinin davam etdirilməsində, sülhə məhz danışıqlar yolu ilə çatılmasında maraqlı olduğunu, xoş, sülhməramlı mövqeyini nümayiş etdirib və bu gün də belədir. Hələ ki, danışıqlar, sülh limiti bitməyib. Bu məsələdə beynəlxalq təşkilatların rolundan, onların tribunasından da istifadə etmək, yararlanmaq lazımdır. Düzdür, beynəlxalq təşkilatlardan, xüsusilə də, ATƏT və onun Minsk qrupundan, həmsərdlər institutundan Azərbaycan cəmiyyətində haqlı narazılıq var. İnsanlar bu qurumların vasitəçilik fəaliyyətindən ciddi şəkildə narazıdırlar və bu məqamlar dəfələrlə dövlət başçımızın özü tərəfindən də ən sərt şəkildə ifadə olunub. Amma bununla belə, hesab edilir və hesab edirəm ki, Qarabağ münaqişəsinin həllində onların da iştirakından istifadə etmək lazımdır. Təbii ki, bunlar nəticə verməsə, Azərbaycanın istənilən yolla münaqişəni həll etmək haqqı, gücü və qüdrəti var. Aprel hadisələri bir daha bunu göstərdi…

– Xaçmaz rayonu hansı adət-ənənələrinə görə digərlərindən fərqlənir?

– Təbii ki, xalqımıza məxsus olan bütün qədim və gözəl milli, özünəməxsus adət-ənənələr Xaçmazda da var. Bu ənənələr əsrlərdir bu bölgədə də qorunub, saxlanılır, yaşadılır, nəsilllərdən-nəsillərə ötürülür. Ona görə də bu məsələyə ayrılıqda deyil, tam baxmaqda fayda görürəm. Hamımız tamıq, vahidik, eyniyik. Bununla belə, Xaçmaz Azərbaycanın bir çox xalqların, milli azlıqların, etnik qrupların nümayəndələrinin yaşadığı bölgələrdən birdir. Burada onlarla xalqın, milli azlıqların nümayəndəsinə rast gəlmək mümkündür və əsrlərdir ki, bu insanlar qarşılıqlı anlaşma, dostluq, qardaşlıq mühitində yaşayır. Kimsə də bu müddətə qədər onların birgəliyini poza bilməyib, bundan sonra da poza bilməyəcək. Eyni zamanda, hər bir xalqın, hər bir etnik qrupun özünəməxsus adət-ənənələri var. Azərbaycan dövləti də daim bu ənənələrin qorunub, yaşadılmasına öz dəstəyini verib və verməkdədir. Amma dediyim ki, mən bu məsələyə tam baxıram, bunda daha çox fayda görürəm. Bu bizim həm üstünlüyümüz, həm də zənginliyimizdir.

– Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

– Açığnı deyim ki, boş vaxtım o qədər də olmur. Çünki böyük bir rayonu parlamentdə təmsil edirəm. Yəni Milli Məclisin yığıncaqları və digər vacib tədbir olmayan günlərdə vaxtımın çoxu insanlarla, seçicilərlə bir aradan olmaqdan keçir. Vaxtımı daha çox onlara ayırmağa çalışıram, çünki, bu mənim vəzifəm, borcumdur, məni o insanlar bu mərtəbəyə qaldırıblar. Boş vaxtlarımda isə ailəmlə, yaxnlarımla, dostlarımla birlikdə olmağa çalışıram, mütaliə edirəm və sair.

Etikxeber.az

Read Previous

Sınaq imtahanlarına qeydiyyat aparılır: yeni test tapşırıqlarından istifadə olunacaq – DİM

Read Next

“Bu, Avropa İttifaqının marağında olan məsələ deyil…” – SƏMƏD SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir