Regionlarda səhiyyə xidməti yüksək səviyyədə təşkil edilib. Lakin zəruri hallarda regionlarda təcili tibbi yardıma ehtiyacı olan şəxslər ixtisaslı mütəxəssislər tərəfindən paytaxta çatdırılır. Yerində keçirilən konsiliumun qərarından asılı olaraq xəstənin Bakıya köçürülməsi təşkil edilir.

Etikxeber.az xəbər verir ki, bu barədə noyabrın 4-də Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) fəaliyyətinə həsr olunmuş mətbuat konfransında məlumat verilib. Tədbirdə bildirilib ki, səhiyyə nazirinin 2005-ci il 1 dekabr tarixli “Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin (sanaviyasiya) təkmilləşdirilməsi barədə“ əmrinə əsasən, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi (sanaviyasiya) ləğv edilərək funksiyaları Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına verilib.

Qeyd olunub ki, səhiyyə nazirinin 24 iyul tarixli əmri ilə TTTYS-nin regional məntəqələrinin yaradılması isə yol-nəqliyyat hadisələri və digər qəza hallarında zərərçəkmişlərə təcili, təxirəsalınmaz və konsultativ tibbi yardım göstərilməsinə lazımi şərait yaradır.

Vurğulanıb ki, hazırda TTTYS-nin respublika üzrə 12 regional məntəqəsi var. Məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərirlər. Həkimlər mütəmadi olaraq təkmilləşmə kurslarına göndərilir və sertifikasiya imtahanlarında yüksək nəticələr əldə edirlər. Təcili yardım məntəqələrinin maddi-texniki bazası da müasir və dünya standartlarına uyğun qaydada təşkil edilib. Belə ki, regional məntəqələr bütün lazımi tibbi avadanlıqlar, sarğı materialları və dərman preparatları ilə, habelə son model “Mersedes” markalı reanimobillərlə təmin olunub. Bu da müraciət edənlərə vaxtında və lazımi qaydada tibbi yardım göstərməyə imkan yaradır.

Bildirilib ki, 2007-ci ilin əvvəlindən 2016-cı ilin iyul ayına qədər yol qəzasına düşmüş 15192 nəfərə təcili tibbi yardım, 13428 nəfərə konsultativ tibbi yardım göstərilib. Təkcə bu ilin birinci yarısında 659 çağırış daxil olub. Bunlardan yol-nəqliyyat hadisələrinin sayı 624, terapevtik və digər travmaların sayı 35, baxılmış xəstələrin sayı 712, xəstəxanalara yerləşdirilənlərin sayı 12, yerində tibbi yardım alanların sayı 37 olub.