“Koronavirus adlı bəladan tam xilas olmaq üçün karantin rejiminin uzadılmasının tərəfdarıyam, amma…”-MİLLƏT VƏKİLİ TƏKLİFLƏRİNİ AÇIQLADI

Eldəniz SƏLİMOV: “Ciddi nəzarət altında bir sıra qapalı məkanların, restoranların, kefelərin, iri ticarət mərkəzlərinin açılmasına getmək olar. Eyni zamanda, çox istərdim ki, istər cəmiyyətdə, istər mediada, istər sosial şəbəkələrdə, istərsə elə parlamentin son növbədənkənar sessiyasında müzakirələrə səbəb olunmuş dövlət ali təsil məktəblərində ödənişli təhsil alan tələbələrin təhsil haqları ilə bağlı məsələyə bir daha baxılsın və güzəşt qrupuna salınan tələbələrin dairəsi bir qədər də genişləndirilsin…”

Mart ayının ortalarından ölkəmizdə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin, həmçinin, mənim də parlamentdə təmsil etdiyim Xaçmaz rayonu daxil olmaqla, 13 rayonda mövcud olan xüsusi sərt karantin rejiminin vaxtının bitməsinə cəmi 3 gün qalır.

Çox güman ki, bugünlərdə Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı öz qərarını verəcək.

Hesab edirəm ki, ümumiyyətlə, ölkəmizdə karatnin və xüsusi sərt karantin rejiminin tətbiq olunması çox düzgün addım idi. Buna ehtiyac varıydı.

Çünki bu ilin əvvəllərindən, yanvar-fevral aylarından dünyada bu bəla yaşanmağa başlayarakən, bir çox qabaqcıl, inkişaf etmiş ölkələr koronavirusun nələrə gətirib çıxara biləcəyini düzgün hesablamadıqları, ona dırnaqarası yanaşdıqları üçün sonradan çox ağır şəkildə bunun altını çəkdilər, ağır və acı fəsadlarını yaşadılar. Xüsusilə də İtaliya, İspaniya və digərləri.

Həmin ölkələr də daxil olmaqla, bir çöx ölkələrdə insanlıq dramı yaşandı və təəssüflər olsun ki, hələ də yaşanmaqda, ikinci dalğa özünü göstərməkdədir.

Ancaq çox əlamətdar haldır ki, vaxtında, zamanda Azərbaycan dövləti, xüsusilə, hər zaman vətəndaşının yanında olan, onun sağlamlığını, təhlükəsizliyini düşünən, hər şeydən üstün tutan ölkə Prezidenti cənab İlham Əliyevin düzgün, çevik, uzaqgörən addımları, qərarları sayəsində ölkəmiz bu bəlanın ağrılı, acılı, dəhşətli fəsadlarından uzaq dayana bildi.

Düzdür, ötən müddətdə 35 mindən artıq vətəndaşımız bu bəlaya yoluxdu, çox əfsuslar olsun ki, 500-dən çox vətəndaşımız həyatını itirdi, amma bununla belə, digər, xüsusilə, ən inkişaf etmiş, özlərini supergüc hesab edən ölkələrlə müqayisədə bizdə itkilər qat-qat az oldu.

Məhz vaxtında atılan düzgün addımların, zamanında alınan doğru qərarların nəticəsidir ki, son günlər istər yoluxmada, istərsə də, ölüm hallarında ciddi azalma, müsbət dinamika hiss olunmaqda, yaşanmaqdadır.

Odur ki, hər birimiz kimliyindən, hansı vəzifəni, statusu daşımağından asılı olmayaraq, bu müsbət dinamikanın qorunub, saxlanılmasına çalışmalı, heç bir halda may-iyun aylarında yaşananların təkrarlanmasına imkan verməməliyik.

Buna heç birimizin haqqı yoxdur. Bu qədər görülən işlərin, bu qədər çəkilən zəhmətlərin bir andaca yerə vurulmasına heç kimsənin haqqı çatmır.

Bu baxımdan, müsbət dinamikanı görüb, qəti şəkildə arxayınlaşmamalı, məsuliyyət hissini itirməməliyik, yenə də vətəndaş məsuliyyətimizlə, həmrəyliyimizlə Operativ Qərargahın qərarlarına, karantin qaydalarına birmənalı və istisnasız əməl etməli, tibbi maskalardan və əlcəklərdən yararlanmalı, sosial məsafəni mütləq şəkildə gözləməliyik.

Biz yalnız bu zaman birlikdə bu bəladan xilas ola, qurtula və güclü ola bilərik.

Ona görə hesab edirəm ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu hələlik istisna olmaqla, digər 10 rayon xüsusu sərt karantin rejimindən çıxarılmalı, ölkədəki ümumi karantin rejimi bir müddət də uzadılmalalıdır.

Həmçinin, rayonlara gediş-gəliş açılmalıdır, təbii ki, ciddi nəzarət yetirilməklə.

Bununla yanaşı, ciddi nəzarət altında bir sıra qapalı məkanların, restoranların, kefelərin, iri ticarət mərkəzlərinin açılmasına getmək olar.

Artıq məktəblərlə, təhsil müəssisələri ilə bağlı ilkin variantlar ortadır. Dünən bununla bağlı Təhsil Nazirliyi öz mövqeyini tam şəkildə açıqladı və hesab edirəm ki, onların mövqeyi qəbulediləndir. Təbii ki, son qərarı Operativ Qərargah verəcək.

Eyni zamanda, çox istərdim ki, istər cəmiyyətdə, istər mediada, istər sosial şəbəkələrdə, istərsə elə parlamentin son növbədənkənar sessiyasında müzakirələrə səbəb olunmuş dövlət ali təsil məktəblərində ödənişli təhsil alan tələbələrin təhsil haqları ilə bağlı məsələyə bir daha baxılsın və güzəşt qrupuna salınan tələbələrin dairəsi bir qədər də genişləndirilsin.

Bütün hallarda, koronavirus bəlasından birdəfəlik qurtarılması üçün karantin rejiminin hələlik bir müddət də davam etməsinin, uzadılmasının tərəfdarıyam.

09:15, 28 avqust

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Dövlət orqanlarının qapıları hər zaman vətəndaşlarımızın üzünə açıq olmalıdır, əks halda…”-SABİQ DEPUTAT YAZIR

Read Next

“Qlobal “Koronageyt”. Pandemiya- COVID-19 dövründə istefalar, yüksək vəzifəsini itirən rəsmilər. Dünyada və Azərbaycanda fərqli qavrama”-TAHİRƏ ALLAHYAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir