“Korrupsiyaya qarşı Mübarizə İdarəsi Baş Prokurorluğun tərkibindən çıxarılsın” – TƏKLİF

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna iki maddə əlavə edildi.

Etikxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deyib. O, qeyd edib ki, sözügedən qanuna 11-1.1 və 11-1.2 maddələri əlavə edilir. Bu maddələrdə göstərilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər. 11-1.2- ci maddədə isə qeyd olunur ki, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının (bundan sonra – idarə, müəssisə və təşkilatların) rəhbəri həmin idarə, müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə (bundan sonra – səlahiyyətli struktur bölmə) müəyyən edir.
Z. Əsgərov qeyd edib ki, bu əlavələr korrupsiyaya qarşı mübarizə barədə Milli Fəaliyyət Proqramının və müvafiq beynəlxalq konvensiyaların tələblərindən irəli gələn mühüm əlavələrdir.
Müzakirələr zamanı isə millət vəkili Fərəc Quliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Baş Prokurorluğun tərkibindən çıxarılmasını təklif edib. Onun sözlərinə görə, bu qurum birbaşa Prezidentə tabe olmalıdır: “Çünki həmin prokurorluq orqanlarının özünündə də korrupsiya faktları var. Mübarizənin şəffaflığını və o cümlədən, həmin qurumun müstəqiliyyini təmin etmək üçün bu addımı atmaq lazımdır. Bu, ancaq səmərə verə bilər”.

Millət vəkili Çingiz Qənizadə də qanun layihəsinin müzakirəsində AZAL-la bağlı bu günlərdə yaşadığı biabırçı olayı səsləndirib. O, bildirib ki, bu günlərdə bir günlük İstanbula səfər edib: “ Qayıdan zaman biznes klassda ön sırada oturmaq istədim. Gediş bileti də əvvəlcədən alınmışdı. Biznes-klassda 20 yerin cəmi 5 yeri dolu idi. 15 yer boş idi. Mənə dedilər ki, ön sırada əyləşmək üçün əlavə 30 dollar ödənilməlidir. Çıxış yerlərində əlavə yerlər üçün və geniş yerlərdə bu məbləğ sərnişinlərdən alınır.
Bu, biabrıçılıqdır. Hətta mən xarici vətəndaş olsam bir də AZAL-la uçmaram. Türkyədə dedilər ki, bu göstəriş Bakıdan gəlib. Biz də heç nə edə bilmərik, amma hər gün bununla bağlı nə qədər narazılıqlar olur. Xahiş etdilər ki, bu problemi qaldırım. 360 dollardan ötrü dilənçilik edirlər. Mən səsimi çıxartmasaydım, bu pul ödənilməli idi. Axı, mən biznes-klass üçün əvvəlcədən bilet almışam. Necə yəni, sonradan 30 dollar əlavə ödəməliyəm?”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.

Etikxeber.az

Read Previous

VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Read Next

Aydın Mirzəzadə: “Şəhid ailələrinə verilən müavinət 100 manata qaldırılsın”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir