Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Nənələrin xəstəliyi”ndən yeniyetmələrə qədər uzanan problem
QHT sədri “ürək dərmanı” kimi tanınan damçıların təhlükəsindən danışır
Azərbaycanda “korvalol” adlanan dərman preparatının ləğvinin vacibliyinə dair fikirlər nə vaxtdır, səsləndirilir.
Əsasən, “ürək dərmanı” kimi tanınan bu preparatın əslində ürək problemlərinin həllinə heç bir təsiri olmadığı, sadəcə, sovet dövründən qalma klassifikasiya ilə “sakitləşdirici” adını aldığı vurğulanır.
Bununla bağlı Etikxeber.az-a danışan “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva bildirir ki, karvolol narkotik tərkibli preparatdı və hazırda onun narkotik istifadəçiləri, xüsusilə yeniyetmələr və gənclər arasında istifadə təhlükəsi mövcuddur.
Təşkilat rəhbərinin sözlərinə görə, korvalol ağır narkotiklərə keçidin, yaxud narkotik ağrıları nəticəsində yuxusuzluq problemi yaşayanlara dəstəyin sinonimidir:
– Hələ sovet səhiyyəsi bu dərmanı “ürək dərmanı” kimi xəstələrə tövsiyyə edirdi. Yalnışlıq yox idi: preparat həqiqətən insanı sakitləşdirirdi. Amma necə? Tərkibindəki narkotikin – fenobarbitalın sayəsində insanlar yuxuya gedir, sadəcə, günün yorğunluğunu çıxarırdı. Elə sovet səhiyyəsinin də vəzifəsi səhərdən-axşamadək ağır beşillik planları yerinə yetirən insanların axşam yorğunluğunu aradan qaldırmaq və səhər yenidən ağır iş həyatına hazırlamaq üçün insan orqanizmini dərmanların müdaxiləsiylə idarə etməkdən ibarət idi. Bu dərman ümumiyyətlə, keçmiş sovetlərin “”yuxu tarixi” hesab edilir. O zamanların səhiyyəsi çox yaxşı bilirdi ki, korvalolun tərkibindəki fenobarbital asılılıq yaradacaq, amma lirika, tramadol kimi onun da açıq satışına və istifadəsinə icazə verməklə, insanlara ağrını idarə etmək yoluyla işdə, istehsalat sahələrində dözümlülük faizini yuxarı qaldırmağa çalışdılar. Nəticəsini də görürük: lirika və tramadol apteklərdən dizayner formada qara bazara keçib, korvalolu isə gənclər bir şüşəsini birbaşa içir.
– Korvalola əsasən, yaşlı adamların cibində rast gəlmək olardı, olurdu, ona “qocalıq qoxusu” da deyirdilər. Necə olurdu ki, onlar asılılıq ağrıları çəkmirdi?
– Bəli, bəzən evlərin girişində nanənin, pişiyotu kökünün (valerian) kəskin qoxusu olurdu. Heç kim buna təəccüblənmirdi, çünki yaşlı adamları ürək xəstəsi kimi qəbul edirdilər. Bu adamların heç vaxt ürəyi ağrımırdı, onlar narkotikə öyrəşdiyi üçün “lomka” keçirir və hamı bunu təşviş, həyəcan sayaraq təkrar-təkrar korvalol içirtməyə çalışırdılar. Sovet dövründən qalma böyük bir nəsil var idi ki, onlar korvalol asılısıdı. Çox təəssüf ki, son illərdə gənclərimizdən də bu kəskin nanə qoxusu gəlir, çünki bütün dünya korvalolu narkotik tərkibinə görə qadağan etsə də, Azərbaycanda bu preparat açıq satışda və çox ucuz qiymətədir. Onun istifadəsinə göstərişdə bir-necə damcı nəzərdə tutulsa da, dizayner narkotiklərinin hazırlanmasında bir necə şüşə korvalol istifadə olunur.
– Axı, tarixə baxsaq, korvalol əslində sovetlərin yox, alman səhiyyəsinin kəşfiydi…
– Düzdür, preparatın tarixi 1930-cu illərə dayanır və onu alman laboratoyalarında kəşf ediblər. Amma sonradan almanlar özü bir sıra Avropa, Asiya ölkələri və Amerika bu dərmanın zərərli təsirini aşkara çıxararaq istifadəsinə qadağa qoyub. Çünki dərmanın kəşfi zamanı barbituratların insan ağrılarının idarə edilməsində rolu nəzərdə tutulsa da, onun asılılıq elementi araşdırılmamışdı. Bilirsiniz, dünya səhiyyəsi ağrıların idarəsi üçün həmişə axtarışda olub: müharibələrdə yaralanan insanlar, tibbi manupulyasiyalar edənlər üçün mükəmməl ağrıkəsicilərin kəşfi dərman biznesinin insanpərvər yönüdü. Amma preparatın ağrını müntəzəm dəf edərkən bunu psixostimulyatora çevirə biləcəyi isə zamanla ortaya çıxır. Bu zaman tibb elmi yenə axtarışlarını davam etdririr və əvvəlki yalnışını düzəltməyə çalışır: ya preparatın istehsalını dayandırır, ya da açıq satışına məhdudiyyət qoyur. Məsələn, lirika, tramadol kimi. Bu baxımdan karvolol dünyanın əksər ölkələrində qadağan olunub, istehsalına və satışına yol verilmir. Keçən il Pribaltika ölkələri də bu qərarı qəbul etdi. Korvalol ilə siz artıq səyahət edə bilməzsiniz. Eyni zamanda, korvalol ilə maşın idarə etmək də mümkün deyil: fenibarbituralın təsiri orqanizmdə uzun müddət qaldığı üçün istənilən narkotik testində dərhal aşkara çıxır.
– Korvalolla yanaşı, əsəb sakitləşdirici kimi valokardin də həkimlər tərəfindən çox təyin edilir…
– Onların ikisinin də tərkibi eyni psixotrop molekullardi: fenobarbital və etilbromizolvalerianat. Əlavə olaraq nanə efir yağı vurulur tərkibinə. Sadəcə, adı, istehsal tarixi və ölkəsi fərqlidi. Valokardin 1934-cü ildə Almaniyada sakitləşdirici və yuxu dərmanı olaraq istehsal edilməyə başlanılıb, korvalolu isə 1960-cı ildə Kiyev kimyəvi maddələr zavodunda alman trankvlizatorunun anoloqu kimi hazırlamağa başlayıblar. Siz tərkibə baxın: fenobarbital – psixi və fiziki asılılıq yaradaraq zamanla insanı dozanı artırmağa məcbur edən molukuldu. İkinci komponent – brom isə illərlə bədəndə yığılaraq orqanizmin ümimi və qaraciyərin ayrıca olaraq toksikasiyasına səbəb olur. Dərmandan imtinanın sindromlarına baxanda da onun narkotik olduğu rahat ortaya çıxır: psixoz, sayıqlamalar, təşviş, qarabasma, qıcolma və s.
– Bəs niyə bizim ölkə bu preparatın istifadəsini heç olmasa, məhdudlaşdırmır?
– Burada çox anlaşılmaz məqamlar var. Bu məsələ vətəndaş cəmiyyəti təşkilatları tərəfindən qaldırılanda korvalol “tərəfdarları” müxtəlif “hüquqi, sosial və tibbi səbəblər”i ortaya qoydu. Gah dedilər bu, insanların çoxillik vərdişidi və sosial tələbat var: çünki korvalol bizim insanların “hər dərdə dəva”sı kimi qəbul olunub, məsələn, ürəkağrısı, stress, yuxusuzluq və s. Amma dediyim kimi, bu, əslində narkotikin təsiri nəticəsində yaranan asılılıq simptomlarıdı. Onun əvəzinə asılılıq yaratmayan sakitləşdiricilərdən çox rahat istifadə etmək olardı.
Digər tərəfdən iddia edildi ki, korvalolun qəfildən tam qadağan edilməsi əhali arasında ciddi narazılıq və apteklərdə ajiotaj yarada bilər. Əvvəla, digər ölkələr bu prosesi həyata keçirəndə heç bir sosial problem yaşanmayıb. Açıq satışa qadağa qoyulsa belə, resept əsasında istifadəni tətbiq etməklə də prosesə start vermək olar. Bundan başqa, bəzi “tərəfdarlar” dedi ki, korvalolun tərkibində narkotik çox kiçik dozadadı (1 ml-də cəmi 18.26 mq) və bu da asılılıq yaratmır. Dövlət tərəfindən tənzimlənən “Güclü təsir edən və zəhərli maddələrin siyahısı”na əsasən, bu miqdar həqiqətən birbaşa qadağaya yox, yalnız nəzarətli satışa tabedi.
Amma insanlar bunu narkotik üçün istifadə edəndə bir şüşə almır ki. Tramadolu yada salaq: həkimlər əzələ ağrısı üçün onun 0,25 qram tərkibdə və həftədə dəfə olmaqla qəbulunu təyin etsə də, narkotik istifadəçiləri gündə 3 dəfə ovucla içirdi, eyforiya tutmaq üçün. Hələ üstəlik, qara bazara dizayner formada – 200, 400 qram olan variantı yol tapmışdı. Axırda birdəfəlik qadağan etdilər. İndi burada da korvalolun tərkibi dərmanın içliyində açıq-aşkar yazırlırsa, biz hansı narkotik istifadəçisinə deyə bilərik ki, 1 şüşədən artıq alma və yalnız 2 damçı iç? Gülməli deyilmi? Xüsusən, yeniyetmələrin açıq aptek təhlükəsiylə üz-üzə olduğunu anlamaq üçün lirika, tramadol kimi gərək korvalol “bum”u da yaşayaq?
– Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu barədə rəyi nəzərə alınır?
– ÜST də ikimənalı davranır: birbaşa rəsmi qadağa qoymur. Bəzi ölkələrin təcrübəsi olsa da qlobal icbari qadağanı tətbiq etmir. Elə buna əsaslanan korvalol istehsalçısı olan dərman şirkətləri insanları, xüsusilə yeniyetmələri çox asanlıqla narkotik asılılığının astanasına gətirməyi bacarır. Necə? Düşünün: yeniyetməlik dövrü necə keçir? Həyəcan, emosionallıq, yuxu rejimi pozulur, uşaqlar ipə-sapa yatmır və həkimlər onların sakitləşməsi, rahat yatması üçün çox ucuz “ürək sakitləşdirici” təyin edir. Siz bizim apteklərdə satılan bu preparatın istifadəsinə göstərişlərə və tərkibə baxmısınızmı? Açıq-aşkar yazılır ki, narkotik tərkiblidi. Buna alışan yeniyetmənin daha ağır narkotiklər üçün bünövrəsi qoyulmurmu? Karvolol artıq çoxdan “nənələrin dərmanı” ampluasından çıxıb. Bunu anlamaq çətindi?
Mənim fikrimcə, karvolulun təhlükəsi açıq-aşkar ortada olsa da, iqtisadi əlçatanlıq səbəbiylə ölkəmizin ən ucuz sakitləşdirici kimi populyarlığını saxlayır və satışdan çıxarılmır. Bəli, “tərəfdarlar” məhz iqtisadi amili önə çəkməyi bacarır. Neçəyədi hazırda korvalol? Təxminən 1 manat. Alternativ müasir antidepressant və ya trankvilizatorlar isə bahadı, bəziləri hətta ciddi qırmızı reseptlə satılır. Onun üçünmü bu ucuz aptek narkotikini bazarda saxlayırıq?
– Əgər hazırda korvalolun qadağan edilməsi kimi radikal addımın atılması müvəqqəti olaraq yubanırsa, heç olmasa, onun təhlükəsi barədə məlumatlandırma aparıla bilər?
– Korvalolu “yaşadan” yeganə amil onun ucuz olmasıdır,mənim fikrimcə. Amma gəlin araşdıraq: bu ucuzluq bizə nəyə başa gəlir? 1ml məhlulun tərkibinə baxaq:
Alfa-bromizovalerian turşusunun etil efiri (20 mq) – “sakitləşdirici və spazmolitik təsir göstər”diyi yazılır. Fenobarbital (18.26 mq) – “mərkəzi sinir sistemini sakitləşdirir, yuxugətirici effekt verir” – yazılır. Nanə yağı (1.42 mq) – damarları genişləndirir və refleksiv spazmları aradan qaldırır. Nə qədər “təhlükəsiz” görünür, elə deyilmi? İstifadəsinə göstərişdə də korvalolun simptomatik vasitə olduğu qeyd edilir, yəni, bu, qeyd olunan xəstəlikləri – yüksək qıcıqlanma və nevrozlar, yuxusuzluq və yuxu pozğunluqları, taxikardiya (ürəkdöyünmə) və ürək nahiyəsində kəskin olmayan spazmlar, stress və həyəcan hallarını müalicə etmir! Yalnız simptomları aradan qaldırır və beləliklə, insanı əsas problemdən yayındıraraq sadəcə, yuxulu, “tərəvəz effekti” formasına salır. Yuxarıda qeyd etdiyim kimi, istifadənin dayandırılması da psixoza, sayıqlamalara, qarabasma və əzələ ağrılarına səbəb olur.
O ki qaldı, maarifləndirməyə, elə dərmanın içliyində yazılanlar həyəcan siqnalı deyilmi? “Tərkibindəki fenobarbital maddəsi güclü asılılıq yarada bildiyindən və qaraciyərə toksiki təsir göstərdiyindən, bu dərmanı uzun müddət və nəzarətsiz qəbul etmək olmaz”. Bundan artıq nə olsun ki? Bu cümlədən sonra “yüksək əsəbiliklə müşayiət olunan nevrozlar, hipertoniya xəstəliyinin və vegeto-damar distoniyasının kompleks müalicəsində istifadə olunur, sedativ, yuxugətirici, spazmolitik təsirə malikdir” yazmağın nə mənası var?
-Sizcə, korvalol alışmasına düçar olan insanların müalicəsi varmı?
– Təsəvvür edin ki, bu, elə narkomaniyadan müalicə kimi bir şeydi! Müalicə prosesi əsasən narkoloq, nevroloq və psixoterapevt nəzarəti altında, addım-addım həyata keçirilməlidi. Əvvəlcə detoksifikasiya (bədənin təmizlənməsi) edilir. Daha sonra həkim nəzarəti altında doza hər gün bir neçə damcı olmaqla yavaş-yavaş azaldılır. Dərmanı birdən-birə kəsmək qıcolmalar və kəskin psixoz yarada bilər. Daha sonra venadaxili sistemli inyeksiyalar vasitəsilə fenobarbital və onun toksinləri qandan və ələlxüsus qaraciyərdən xaric olunur. Medikamentoz (Dərman) terapiyası da var, çox ehtiyatla seçilir. Korvalolun yaratdığı yuxusuzluq, həyəcan və aqressiyanı aradan qaldırmaq üçün asılılıq yaratmayan müasir sakitləşdiricilər, trankvilizatorlar və ya antidepressantlar təyin edilir. Bundan sonra orqanizmin bərpa prosesı başlayır: fenobarbital qaraciyəri və sinir sistemini zədələdiyi üçün xəstəyə hepatoprotektorlar (qaraciyər qoruyucuları) və B qrupu vitaminləri verilir. Yanaşı olaraq psixoterapevtik dəstək də olmalıdı: korvalol asılılığı olan şəxslər adətən stress və ya qorxudan qaçmaq üçün bu dərmana sığınır. Psixoterapevt xəstəyə dərmansız, təbii yollarla stresslə mübarizə aparmağı və həyəcanı idarə etməyi öyrədir.
– Bəs müalicə olmasa?
– Korvaloldan uzun müddət (aylar və ya illərlə) istifadə etdikdə insanda yaddaş pozğunluğu, nitqin ləngiməsi, daimi depressiya, depressiv hallara meyllilik və qaraciyər çatışmazlığı inkişaf edir. Nəticəsini də siz özünüz düşünün artıq.
Etikxeber.az





