“Koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır” – AKADEMİK

“Növbəti ilin büdcə zərfi çox yüksək, çox təkmil və  peşəkarlıqla hazırlanmış mükəmməl bir sənəddir. Ən əsası odur ki, büdcə yenə sosialyönümlüdür. Büdcənin üçdə biri məhz sosial məsələlərə ayrılıb. Bu, Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin əhalinin sosial məsələlərinin həllinə necə böyük önəm verdiyini göstərir”.

Etikxeber.az xəbər verir ki,  bunu büdcə zərfinə daxil olan qanun layihələrinin Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasında müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Komitə sədri çıxışında yeni diqqəti koxlear implantasiyaya çəkib.

O, deyib ki, bu əməliyyatı həyata keçirmək üçün büdcədən daha çox maliiyə vəsaiti ayrılmalıdır:

“Deyə bilərlər ki, səhiyyə sahəsinə nəzərdə tutulan vəsaitdən bu məsələyə maliyyə ayırmaq olar. Amma hesab edirəm ki, həmin vəsaitin özü də  yetərli deyil. Ona görə də koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır”.

Komitə sədri sonra qeyd edib ki, onkoloji xəstəliklər üçün şiş əleyhinə preparatların alınmasına artıq neçə ildir, Prezident İlham Əliyevin göstərişi ilə vəsait ayrılır.

Ə.Əmiraslanov qeyd edib ki, dünyada hədəf tipli yeni müalicə üsulları və preparatlar meydana çıxıb.

“Bu, onkoloji xəstəliklərin müalicəsində inqilabi addımdır. Praktiki olaraq bu preparatların köməyi ilə yayılmış formada olan onkoloji xəstəliklərin, son mərhələdə olan onkoloji xəstələrə kömək etmək mümkün olur. Bu preparatlar çox bahalı preparatlardır. Ona görə, onkoloji xəstəliklər üçün ayrılmış vəsaitin artırılması bu xəstələrə kömək etmiş olar”– deyə, Ə.Əmiraslanov vurğulayıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Zahid Oruc bu dəfə büdcə zərfindən yazdı…

Read Next

3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın – TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir