“KQB”, Mərkəzi Komitə diktator kimi durmuşdu başımızın üstündə” – ƏHMƏDZADƏ – FOTOLAR

 “Dünyada, elə Azərbaycanda  beş nəfər saf insan varsa, biri Səfiyyə xanım  olar, rəhmətlik suyu da üfürə-üfürə içərdi”

Azərbaycan dövlətinin və xalqının tarixində öz layiqli yeri, böyük xidməti olan insanlardan, şəxsiyyətlərdən biri də tanınmış  partiya-sovet işçisi, dövlət xadimi,  Sosialist Əməyi Qəhrəmanı mərhumə Səfiyyə xanım Dibiravadır. Səfiyyə xanımı da belə demək mümkünsə, Azərbaycanda tanımayan çox az insan olar.Çünki onun uzun illər rəhbərlik, birinci katiblik etdiyi rayonlarda üzə çıxardığı, tanıtdırdığı, etimad göstərdiyi, irəli çəkdiyi yüzlərlə layiqli  yetişdirməsi, kadrı olub və onlar bu gün də vardırlar,  bu gün də Azərbaycan dövləti , xalqı naminə fəaliyyət göstərirlər. Belə insanlardan, kadrlardan biri də Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir. Əhməd müəllimlə də söhbətimiz məhz Səfiyyə xanımla, onun fəaliyyəti, xidmətləri ilə, eləcə də onun özünün keçdiyi yolla bağlıdır. Onu da xatırlatmaq yerinə düşər ki, bu söhbət-müsahibə S. Dibirova haqda işıq üzü görəcək kitabda əksini tapacaq və müsahibənin maraqlılığını nəzərəq alaraq onu saytımızda da verməyi məqsədəuyğun saydıq.

Əhməd müəllim söhbətə belə başlayır:

– O zamankı Azərbaycan Politexnik İnstitutunu ( indiki Texniki Universiteti) qurtarandan sonra işləməyə  doğulub boya-başa çatdığım  Qax rayonuna qayıtdım,  məni Suvarma Sistemləri  İdarəsində işə götürdülər. Həmin vaxt bizdə də  birinci katib  Asiyət xanım  Yusifova idi.  Burada bir az işlədim,  sonra elə oldu ki, bizim idarənin  müdirini çıxardılar,  Asiyət xanım da  xanım çalışırdı ki, mən müdir işləyirəm. Mən də institutu təzə qurtarmışdım,  vəzifədə işləmək mənim üçün çətin,  həm də böyük məsuliyyət idi. Mən əvvəlcə Asiyət xanımın  bu təklifinə razılıq vermədim,  3-4 gün aramızda bu barədə söhbət getdi. Ancaq elə oldu ki, razılaşdıq ki, Bakıya gedim.  Nə isə  Bakıya,  Meliorasiya və Su Təsərrüfatı   Nazirliyinə gəldim. Su təsərrüfatı naziri də o vaxt yoldaş Əbdürrəhimov idi. Ondan əvvəl   müavinlər, şöbələr hamısı məni qəbul etmişdi , söhbət etmişdi, amma  bir şey də deyə bilmirdilər, çünki institutu təzə qurtarmışdım , təcrübəm də yox idi.

Əbdürrəhimovun kabinetində-qəbulunda olanda da, o, bütün kollegiya üzvlərini yığmışdı. Məni qəbul edərkən birdən şəxsi işimi üstümə atdı ki, uşaq-muşağı göndərirlər birinci katiblər. Onu da deyim ki,  Əbdürrəhimovdan əvvəl  birinci müavinindən də xahiş etmişdim ki, mənim üçün hələ tezdir, işləyə bilmərəm, nazirə  deyin məni təsdiq etməsin, beləliklə, birinci katib  məndən inciməsin ki,  özüm  istəmədim, getmədim.  Ancaq nazirin də mənimlə  işləməmək istəməməsi,  şəxsi işimi üstümə  atması, uşaq-muşaq deməsi mənə bir az toxundu.  Mən özümdə  cəsarət  tapdım, o vaxt yoldaş nazir deyirdilər, dedim ki, yoldaş nazir,  əvvəla,  uşaq deyiləm, uşaqlar məktəbdə , bağçada olur. İkincisi,  mən orta məktəbi qurtarmışam,   attestat almışam, institutu  qurtarmışam,  diplom almışam. Özü də diplomumda  hamısı  əla qiymətlərlədir. Bizim katib də siz deyən kimi deyil. Bizim katib çox məsuliyyətli, çox təcrübəli partiya işçisidir. Ən əsası da qadındır. O, bir şey hiss etməsə, bilməsə,  yəqin mənu bura elə-belə göndərməz. Bu zaman nazir duruxdu,  dedi ki, deyəsən,  bunda bir şey,  hərəkət var.  Bir az danışdırdı,   kollegiya üzvlərindən də kimlər ki,  mənimlə söhbət etmişdilər, onlar da söhbətə müdaxilə etdilər, dedilər ki, çox savadlı cavandır, belədir-elədir. Uzun sözün qısası Əbdürrəhimov mənim Su İdarəsinə müdir təyin edilməyimə razılıq verəsi oldu və mən başladım işləməyə…

“Onda xanımlıq yox, bir kişi xarakteri vardı,  kişi təbiətli bir insandı, insanların hamısına da  bacı kimi, qardaş kimi yanaşırdı”

-Neçənci il idi?

– 1967-ci ilin mart ayı idi. Bir neçə il işləyəndən sonra rayonda dəyişiklik oldi, birinci katibimizi dəyişdilər Balakənə. Bizə də Oğuzun birinci katibi işləyən Səfiyyə Dibirovanı göndərdilər. Səfiyə xanımı da kənardan tanıyırdıq, bir yerdə işləməmişdik, amma haqqında çox eşitmişdik. Eşitmişdik ki, yaxşı partiya işçisidir, çox təmiz adamdır, çox etibarlı dövlət adamıdır,  dövlətini, xalqını sevən adamdır, savadlı adamdır,   çox hörmətli birinci katibdi… O, Qaxa gəldi, başladı işləməyə,   tamam başqa bir təbiətli adamla qarşılaşdıq.  Onda xanımlıq yox, bir kişi xarakteri vardı,  kişi təbiətli bir insandı, insanların hamısına da  bacı kimi, qardaş kimi yanaşırdı. Başladı işləməyə, bizim üçün də əslində fərqi yox idi ki, birinci katib kimdir, nəçidir, təki hökumətin işi getsin…

– Onda Siz hələ Suvarma Sistemləri  İdarəsinin müdiri idiniz də?

– Bəli, Suvarma Sistemləri İdarəsinin müdiri idim.  Eşitmiş olarsınız,  o vaxtları təhkimçilik deyilən məsələ var idi.  Belə ki, vəzifədə işləyənləri  kolxoz-savxozlara təhkim edərdilər.  Biz də təhkim olurduq gedirdik, qayıdıb gələndə də bir yerdə məsələlərə baxırdıq ki,   hansı işləri gördük, təsərrüfatda nəyə kömək etdik və sair. Yəni, öz işlərimiz ilə də bağlı Səfiyyə xanımla mütəmadi kontaktda olurduq və hiss edirdim ki, mənə münasibəti çox yaxşıdır, yaxşı münasibəti var. Beləcə bir neçə il birlikdə işlədik , məni partiya komitəsinin üzvü etdi, sonra raykomun büro üzvü seçdirdi.  Özü də o zaman respublikada təcrübədə olmayan bir şey idi ki, Su İdarəsinin müdiri raykomun büro üzvü olsun.  Həmçinin,  Rayon  Xalq Deputatları Sovetinin deputatı idim.  Bax, bu minvalla onunla  işlədik bir xeyli. Büro üzvü kimi fəaliyyətim də  artıq rayonda çox genişlənmişdi, hamı  işimə, fəaliyyətimə görə mənə hörmətlə yanaşırdı. Öz işim də yaxşı gedirdi, bu tərəfdən də bu siyasi təşkilatda, partiyada, ümumən rayonda yeddi nəfərdən biri sayılırdım . Bunlar hamısı Səfiyyə xanımın mənə olan münasibətinin, təvazökarlıqdan uzaq olmasın,  bəlkə də potensialımı düzgün qiymətləndirməyinin nəticəsi idi. Düzdür, məni dediyim kimi vəzifəyə Asiyət xanım  qoydurmuşdu, çünki məni tanıyırdı, yerli adam-qaxlı idi. Mənim atamı da, babamı da  hamısını tanıyırdı. Amma Səfiyyə xanım kənardan gəlmişdi, bir-birimizi tanımırdıq. Bununla belə, o da  işimə, savadıma, fəaliyyətimə,  həm də gəncliyimə görə mənə yüksək qiymət verirdi. Deyim ki, onun  özü də  çox gənc yaşlarında vəzifəyə irəli çəkilmişdi, cəmi 25 yaşında ispalkomun sədri , sonra birinci katib olmuşdu.  Hətta, Şəki-Oğuz rayonları bir yerdə olanda  oranın  birinci katibi  işləmişdi. Yəni, çox erkən yaşlarından böyük vəzifələr tutmuş adamıydı,  həmçinin,  Ali Sovetin deputatı idi və sair. Görünür, insanlara, kardlara münasibətində də  bunlar çox mühüm rol oynayırdı.

Günlərin bir günü də  Səfiyyə xanım  məni çağırdı, dedi ki, bir məktub var, onu aparıb vermək lazımdır Mərkəzi Komitəyə. O,  mənə ya yoldaş Əhmədzadə deyirdi, ya selloid deyirdi,  sel-su işləri ilə məşğul olduğuma görə (gülür). Dedi, selloid, bir dənə məktub var, bunu çatdırmaq lazımdır Mərkəzi Komitəyə. Amma sənin Bakıya getməyini  Qaxda  heç kim bilməməlidir. Bu yerdə onu xatırladım ki, bizim onunla həm də müəyyən ailə söhbətlərimiz olmuşdu…

 “KQB”,  Kommunist Partiyasının Mərkəzi Komitəsi də  diktator kimi durmuşdu başımızın üstündə”

-Nəyə görə?

– Çünki mənim həyat yoldaşım Qaxda komsomol işçisi idi. Özü də bizi çağırıb ayrı-ayrılıqda söhbət etmişdi ki, ikiniz də perspektivlisiniz, amma bu rayonda biriniz qabağa gedə bilərsiniz.  Mən demişdim ki,  istəyirsiniz, məsləhətdirsə,  yoldaşımı komsomola birinci katib qoyun işləsin, mənə yeni vəzifə lazım deyil. Məndən  sonra yoldaşımı da  çağırmışdı ki, vəziyyət belədir, o da demişdi ki, yox, mən qadınam, mənim ev işlərim var, evin kişisidir, qoy o getsin qabağa, qoy, o, olsun. Dediyim odur ki, aramızda belə səmimi söhbətlər olmuşdu.  Çox incə,  çox diqqətli adam idi,  hər şeyi ölçürdü-biçirdi. Bir də ailə məsələsini başa düşürdü ki, nə ola bilər… Yəni, o tarazlığı gözləyirdi. Nə isə,  sonra dedi ki, bunu heç kəs bilməsin. Dedim ki, mən evli adamam,  ailə sahibiyəm, heç kəs bilməsə də, yoldaşım bilməlidir hara getdiyimi. Hara getdiyimi  bilməlidir ki, mən olmayacağam, axşam evə gəlməyəcəyəm. Güldü, dedi, yaxşı, ona da de, amma get, burda heç kəs bilməsin, o da heç bilməsin ki,  Bakıya gedirsən. Dedim, yaxşı.  O vaxt elmi rəhbərim var idi  Gürcüstanda. Dedim, yaxşı, onda deyərəm, gedirəm Tiflisə. Beləliklə, məktubu da götürüb  Zaqataladan  təyyarə ilə gəldim Bakıya. Ancaq düzünü desəm, bilmirdim məktubun içində nə var.  O vaxtı  da  bəzi gürcü şovinistləri  var idi ki,  Gürcüstandan gəlirdilər Qaxda yaşayan gürcülər arasında anti-təbliğat aparırdılar Azərbaycanın əleyinə.  Dedim, yəqin məktub onunla bağlıdır, birinci katib də istəmir ki,  kimsə bilsin, birdən  məktub itər-filan, ona görə məndən göndərir. O vaxtı  “KQB”,  Kommunist Partiyasının Mərkəzi Komitəsi də  diktator kimi durmuşdu başımızın üstündə.  Dedim, vəziyyətlə bağlı  yəqin onlara  cavab təcili çatmalıdır. Gəldim  Mərkəzi Komitəyə, çünki məktubu kuratora təhvil verməli idim. Kurator dedi ki, sənin buraxılışın  var,  gəl bura.  Buraxılış vərəqəsini də  götürüb çıxdım kuratorun kabinetinə,  kurator da aldı məktubu, açdı, oxudu…

-Məktubun içindəkilər barədə Sizə bir söz demədi, bəs?

-Heç nə demədi,  mən də,  yenə deyirəm,  bilmirəm məktubun içində nə var… Heç məktubun məzmunundan da, həcmindən də xəbərim yox idi. Amma gördüm ki,  bir vərəqdir. Fikirləşdim ki, bir vərəqdə böyük şey olmaz, yəqin arayış olar. Mənim qabağıma anket qoydu, dedi, doldur.  Dedim, bu, nədir? Dedi ki, sən büro üzvüsən? Dedim ki,  bəli.  Dedi, sənin şəxsi işin olmalıdır, gərək anketi doldurasan. Şəxsi işi doldurandan sonra dedi ki, səni rəhbərlik qəbul edəcək. Apardılar  məni  Mərkəzi Komitənin şöbə müdiri İsmayıl Əsgərov yanına, onunla da haradasa  iki saat danışdıq, söhbət etdik.

“Heydər Əliyev məni qəbul etdi, bir 10-15 dəqiqə  mənimlə söhbət etdi…”

-Sizi ondan əvvəlcə kim qəbul etmişdi?

-Əvvəlcə, Ramiz Hüseynov. O, Mərkəzi Komitədə  inspektor idi. Nə isə, İsmayıl Əsgərov mənimlə  söhbət etdi,  söhbətimiz də iki  saata yaxın çəkdi, amma o da mənə heç nə demədi. Bu, nədir, nə məsələdir, heç nə demədi. Sadəcə, onu dedi ki, gözlə bala, səni rəhbərlik qəbul edəcək. Sonra da məni götürdü apardı bir- iki mərtəbə yuxarıya, ordan da kabinetə daxil oldum.  Mən də bilmirəm , tanımıram bura kimin qəbul otağı, kabinetidir,  mən nə bilim ki, bura haradır…  İsmayıl müəllim də  məni köməkçinin yanına qoydu, özü keçdi içəri. Bu şəxsi işi – başqa bir yoldaş var idi, onunla bir yerdə içəri qoydu çıxdı. Çıxdı içəridən və dedi ki, səni qəbul edəcəklər, oğul.  Beləliklə, sonradan bildim ki, bura haradır, kimin kabinetidir. Beləliklə o zaman Mərkəzi Komitənin birinci katibi işləyən rəhmətlik Ulu Öndər Heydər Əliyev məni qəbul etdi, bir 10-15 dəqiqə  mənimlə söhbət etdi…

(Ardı var)

ehmed-ehmedzade

v%c9%99lv%c9%99l%c9%99-taxtakorpu_kanalinin_acilisi

 

Etikxeber.az

Read Previous

Küçə və prospektlərdə səth sularının kənarlaşdırılması üçün əlavə xətlər çəkilir – “Azəravtoyol” – FOTOLAR

Read Next

İlk dəfə bir azərbaycanlı Məclis Parlamentinə, 5 azərbaycanlı vilayət və şəhər məslixatına deputat mandatı əldə edib – SƏFİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir