“Kraliçanın 90 illik yubiliyində 15 at tərəfimizdən Londona aparılmışdı…” – Bəhruz Nəbiyev

Noyabrın 16-da Milli Məclisin (MM) aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəliklə bağlı məlumat verib.

Bildirib ki, gündəliyə “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında” və “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunlara təklif olunan dəyişikliklər daxil edilib. Bu dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədardır.

Dəyişikliklər barədə məlumat verən MM Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə diqqətə çatdırıb ki, hər üç qanuna təklif olunan dəyişikliklər baş verə biləcək sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Belə ki, bu qanunların müddəalarında işlədilmiş qeyri-müəyyən sözlər daha dəqiq sözlərlə əvəz edilir. Məsələn, bu qanunlarda işlədilmiş “vaxtaşırı”, “öz səlahiyyətləri daxilində”, “edilə bilər”, “zəruri”, “bir qayda olaraq”, “keçirilə bilər”, “lazımi” söz və ifadələri ya bu qanunlardan çıxarılır, ya da başqa söz və ifadələrlə əvəz edilir. Beləliklə, bu qanunlar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğunlaşdırılır.

“Biz həmişə at cinslərimiz haqqında qürurla danışırıq. Lakin həmin atları biz Avropa ölkələrinə çıxarda bilmirik. Bunun əsas səbəb isə Dünya Heyvanları Sağlamlıq Təşkilatı tərəfindən Azərbaycanın at xəstəliklərindən azad zona kimi qəbul olunmamasıdır”.

Bunu Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev  deyib. Onun sözlərinə görə, qanunda qeyd olunub ki, cins atlar dövlət qeydiyyatına alındıqdan sonra damazlıq məqsədilə istifadə olunur: “Yəqin ki, atlar barədə pasport nümunələrini görmüsünüz. Həmin pasportlar heç bir standarta uyğun deyil. Hazırda ölkədə dünya atçılığı ilə ən sıx əməkdaşlıqda olan qurum Atçılıq Federasiyasıdır. May ayında da Kraliçanın 90 illik yubiliyində 15 at tərəfimizdən Londona aparılmışdı. O zaman biz çox çətinliklər hesabına həmin atları Londona apardıq. Bunu yalınız bizim qurum bilir. Biz atları ölkədən çıxardırıqsa, o atlar hər hansı bir ikinci ölkədə karantində qalmalıdır. Xəstəliklərin olmadığına dair testlər olmalıdır. Həmin testlərin nəticəsində atları Avropa şəhərlərinə daşımalıyıq. Proses baş verdiyi anda bizim “Atçılıq haqqında” qanuna əsasən verilən pasport heç bir halda istifadə oluna bilməzdi. Məhz buna görə də biz Qarabağ atlarımıza dünyanın qəbul etdiyi beynəlxalq federasiyaya aid olan pasportlar vermişdik. Hesab edirəm ki, “Atçılıq haqqında” qanuna bir sıra dəyişikliklər edilməlidir. Çünki Azərbaycanın at xəstəlikərindən azad zona elan olunması üçün həddindən artıq böyük işlər görülməsinə ehtiyac var”.

Çıxış edən deputatlar Eldar Quliyev, Hüseynbala Mirələmov, Novruzəli Aslanov və müvafiq qurumların nümayəndələri dəyişiklikləri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, xüsusilə “Atçılıq haqqında” Qanuna ediləcək dəyişikliklər bütün dünyada məşhur olan Azərbaycan at cinslərinin qorunub saxlanmasına və artırılmasına kömək edəcək.

Müzakirələrdən sonra hər üç qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Etikxeber.az

Read Previous

“ASAN Xidmət” turistlərə viza verəcək

Read Next

Müəllimlər yaxın zamanda gecikmiş əmək haqlarını ala biləcəklər – Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir