“Kredit faizlərinin aşağı düşməsində hamımız maraqlıyıq…” – DEPUTAT

Bu gün Azərbaycanda kredit faizlərinin, xüsusən sahibkarlıq üçün kredit faizlərinin yuxarı olması sahibkarlığın inkişafı üçün müəyyən qədər maneələr yaradır. Kredit faizləri nə qədər aşağı olarsa, sahibkarlıq daha çox investisiya cəlb edə bilər və yaxud daha çox iş görə bilər. Bu gün bütövlükdə kredit portfelinin ümumi daxili məhsulda həcmi, təxminən 12 faizə yaxındır. İqtisadiyyatın sürətli inkişaf etməsi üçün kredit portfelinin ümumi daxili məhsulda payı 60 faizdən yuxarı olmalıdır. Bu, o deməkdir ki, Azərbaycanda kredit portfelinin həcmi xeyli aşağıdır. İqtisadiyyatın sürətli inkişafı üçün kreditlərə ehtiyac var, bu kreditlərin həcmi artmalıdır. Amma istənilən halda kredit faizləri də sahibkarlara daha çox iş görməyə imkan verməlidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib.

O, qeyd edib ki,  bu gün Avropa ölkələrində kredit faizləri bir neçə faizdirsə, bizdə bir çox hallarda 15 faizin üzərindədir.

Onun sözlərinə görə, böyük həcmdə fərqin olması bizim sahibkarların rəqabət qabiliyyətini aşağı salır. Azərbaycan sahibkarları ixrac zamanı bazarlarda Avropa şirkətləri ilə üzləşir.

“Sahibkarlarımızın ucuz pul kütləsinə asan çıxışının olmaması rəqabətdə ciddi problemlər yarada bilir.

Amma məsələnin ikinci tərəfi var ki, hansı formada kredit faizlərini aşağı salmaq mümkündür. Çünki banklar özəldir və onlar da sahibkarlığın bir formasıdır. Bu gün bankların hər hansı bir formada kredit faizlərini aşağı salması iki istiqamətdə mümkündür. Bir istiqamət ondan ibarətdir ki, istənilən halda bankların daha çox ucuz pul kütləsinə çıxışı olmalıdır.

bank-1

mirkisili tahir

Bu gün bankların kredit cəlb etməsində iki mühüm mənbə var. Birincisi, əhalinin əmanətləridir, ikincisi isə bankların beynəlxalq bazardan cəlb etdiyi pul kütləsidir. Kredit faizlərinin yuxarı olmasının bir səbəbi də əhalinin qəbul olunan əmanətlərin faizlərinin yuxarı olmasıdır. Belə çıxır ki, biz kredit faizlərini aşağı salmağa çalışsaq, istənilən halda əhalinin əmanət faizləri də aşağı düşməlidir. Bu, bir tərəfdən əhalinin gəlirlərinə təsir edəcək.

Amma digər tərəfdən bunu iqtisadi üsulları da var. Bir çox ölkələrdə müəyyən dərəcədə məhdudiyyətlər tətbiq edirlər ki, banklara yuxarı faizli kredit verilməsi iqtisadi cəhətdən sərf etməsin. Məsələn, əgər banklar yuxarı faizli kredit verilirsə, bu kreditlərin qaytarılması üçün banklar daha çox özlərində ehtiyat yaratmalıdır. Bankın daha çox ehtiyat yaratması bir çox hallarda ona sərf etmir. Ona görə də bank daha az ehtiyat yaratmaq üçün aşağı faizlə kredit verməkdə maraqlı olur. Bu, məsələnin mühüm bir hissəsidir.

Biz də düşünürük ki, bu gün ölkəmizdə iqtisadi alətlərlə banklara kredit faizlərinin aşağı salınması ilə bağlı təsir etmək mümkündür. Amma eyni zamanda, daha ucuz kreditə və yaxud da pul kütləsinə çıxışı təmin etmək üçün banklara köməklik göstərmək lazımdır. Son nəticədə kredit faizlərinin aşağı düşməsində hamımız maraqlıyıq. Çünki kredit faizlərinin yuxarı həddə olması sahibkarlıq fəaliyyətinin inkişafı üçün maneədir…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim – PREZİDENT

Read Next

15 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 6,8 milyon ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir