“Küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib…”-DİN RƏSMİSİ – YENİLƏNİB

Mayın 18-də Milli Məclisin (MM) İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.

Etikxeber.az xəbər verir ki, birgə iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə İdarə rəisi Həzi Aslanov hesabatı dinlənilib.

MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan dövlətinin insan alverinə qarşı mübarizə tədbirlərini uğurla apardığını bildirib.

O, qeyd edib ki, son dövrlər dünyada insan alveri qurbanlarının sayı artıb. Bu daha çox özünü Şərq ölkələrində göstərir. Azərbaycan bu sahədə ciddi tədbirlər həyata keçirir. Hətta bunun əlaqədar Daxili İşlər Nazirliyində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılıb.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi H. Aslanov qeyd edib ki, ölkəmizdə bu sahədə maarifləndirmə işləri aparılıb. Belə ki, ötən dövr ərzində 57 polis seminarlara cəlb olunub. Bu məqsədlə sığınacaqların yaradılması məqsədilə dövlət tərəfindən böyük məbləğdə vəsait ayrılıb.

Onun sözlərinə görə, keçən il ölkədə olma və yaşama qaydalarını pozan 11 min 564 əcnəbi müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb edilib. Bundan başqa, 8093 nəfərin respublikanın hüdudlarından inzibati qaydada çıxarılması təmin olunub.

Diqqətə çatdırılıb ki, keçən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib:

Aparılmış yoxlamalar zamanı həmin uşaqlardan yalnız birinin məcburi əməyin qurbanı olması təsdiqlənib. Digər hallar üzrə isə cinayət tərkibi müəyyən olunmayıb. Həmin faktlar əsasında övladlarının təlim–tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Bununla bərabər, müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğının və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara qəyyumluq və himayə orqanlarına 670 material göndərilib”.

11:44

***

Z. O iclası açaraq bu gün Laçın rayonunun işğalının anım günü olduğunu bildirib.

Bu hadisə ilə əlaqədar iclas iştirakçıları torpaqlarımız uğrunda həyatını qurban verən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra komitə sədri diqqətə çatdırıb ki, iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim olunacaq.

Z. Oruc öz çıxışında məsələ ilə bağlı bir sıra məqamlar barədə fikirlərini açıqlayıb.

Bildirib ki, Azərbaycanda insan alverinə qarşı hüquqi bazanın yaradılması çərçivəsində sistemli mübarizə tədbirləri 2003-cü ilin 15 may tarixində BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasının, onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında, həmçinin Sərhədlərin qanunsuz keçilməsinə dair protokolların təsdiqindən sonra daha da sürətlənib. Belə ki, 2005-ci ildə insan alverinə qarşı mübarizə ilə bağlı Qanun qəbul olunub və burada Milli Fəaliyyət Planı yer alıb, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsi yaradılıb. Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxsdir.

Qeyd edib ki, insan alverinə qarşı mübarizə ilə bağlı qanunun müvafiq maddəsinə görə, məcburi əmək, cinsi istismar, köləlik, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlbetmə, habelə insanların digər formada istismar edilməsi insan alverinin müxtəlif formaları kimi töfsiv edilir. Avropa Şurasında İnsan Alveri Əleyhinə Ekspert Qrupu formalaşdırılıb. Təşkilata üzv ölkələrdə bu məsələlərlə bağlı vəziyyətə onun vasitəsi ilə nəzarət olunur. Qurumun mütəxəssisləri hər il ölkələrdə bu məsələləri monitorinq edirlər.

Komitə sədri BMT-nin Ümumdünya İnsan Alveri Hesabatının 142 ölkəni əhatə etdiyini bildirərək, Azərbaycanın beynəlxalq hesabatlarda yerinin yaxşılaşacağına əminliyini ifadə edib. Eyni zamanda, Azərbaycanda 2019-2023-cü illər üzrə növbəti Fəaliyyət Planının hazırlandığını diqqətə çatdırdı, hesabatla bağlı bir sıra təkliflərini səsləndirib.

Sonra H. Aslanov məruzə ilə çıxış edib.

Baş İdarənin rəisi bildirib ki, ölkəmizdə insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılmasını, qurbanların hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsini təmin edən mükəmməl qanunvericilik bazası formalaşıb. İnsan alverinə qarşı mübarizədə hökumət tərəfindən də bir sıra mühüm qərarlar qəbul edilib, bu cinayətlərdən zərərçəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb.

Ötən il ərzində insan alverinə qarşı mübarizə sahəsində geniş maarifləndirmə işi aparılıb. Respublikanın 55 şəhər və rayonunda, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar keçirilib. Bununla bağlı Bakı şəhərində geniş ictimaiyyət üçün nəzərdə tutulmuş təşviqat xarakterli videolar, təbliğat materialları paylanılıb, televiziya və radioda, videoportallarda verilişlər yayımlanıb.

Diqqətə çatdırılıb ki, insan alveri ilə mübarizə sahəsində ötən müddət ərzində xarici tərəfdaşlar və təşkilatlarla qarşılıqlı əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. Daxili İşlər Nazirliyinin 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzaladığı 100-dən çox müqavilə insan alverinin qurbanı olan Azərbaycan vətəndaşlarının digər dövlətlərdə yerinin operativ müəyyən edilməsində, bu cinayətləri törədənlər haqqında məlumatların toplanmasında, razılaşdırılmış tədbirlərin keçirilməsində real nəticələr verməkdədir.

Məlumat verilib ki, məcburi əməyin qarşısının alınması, bu əməllərə şərait yaradan halların aradan qaldırılması istiqamətində də lazımi tədbirlər həyata keçirilir. Aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib. Bununla bağlı ümumilikdə 454.000 manat inzibati cərimə tətbiq edilib. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan sosial islahatlar nəticəsində 2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb. Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Nəzərə çatdırılıb ki, 2019-cu ildə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində məqsədyönlü iş aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır, 2-si əcnəbidir. Zərərçəkənlərə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib.

İclasda insan alveri ilə bağlı cinayətlərə dair bəzi statistik məlumatlar təqdim edilib.

Tədbirdə çıxış edən deputatlar Hikmət Məmmədov, Elman Nəsirli, Razi Nurullayev, Tural Gəncəliyev, Erkin Qədirli, Fəzail Ağamalı, Elşad Mirbəşir oğlu, Tahir Kərimli, Bəhruz Məhərrəmov, Əminə Ağazadə, Vüqar İskəndərov, Elşən Musayev, Nizami Səfərov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumat barədə öz fikirlərini açıqlayıblar, qeyd və təkliflərini veriblər.

Müzakirələrin sonunda H.Aslanov deputatları maraqlandıran bəzi məqamlara aydınlıq gətirib.

Deputatlar İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı MM-in plenar iclasına tövsiyə ediblər.

İclasda MM Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov iştirak ediblər.

Etikxeber.az

Read Previous

Ağsuda əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına 3,3 milyon manat ayrıldı-SƏRƏNCAM

Read Next

“Hamıda hər şey yaxşı olanda hamı bir-birini təbrik edir və uğurlarına sevinir, lakin ağır dəqiqədə…”-PREZİDENT – İLHAM ƏLİYEVLƏ İQOR DODON ARASINDA VİDEOKONFRANS FORMATINDA GÖRÜŞ KEÇİRİLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir