Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi, dörd bacının tək və subay qardaşı-ƏLİ MƏMMƏDOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidi Əli Əvəz oğlu Məmmədovun Anım Günüdür.

Əli Məmmədovun bu gün Əbədiyyətə uğurlanmasından dörd il ötür.

Anım Günü ilə bağlı bu gün-5 noyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Şahsevən kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək.

Ruhuna dualar ediləcək, “Quran” oxunacaq, qısa çıxışlar olunacaq.

Şonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənəcək, adına ehsan veriləcək.

Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, Kürdəmirli, Biləsuvarlı, Tərtərli Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Etikxeber.az-n xəbərinə görə, Əli Məmmədov 1998-ci ilin sentyabr ayının 1-də Kürdəmirin Atakişili kəndində Məmmədovlar ailəsində dünyaya gəlib.

Evin-ailənin tək oğlu və 4 bacının yeganə qardaşı idi.

2004-cü ildə Kürdəmir rayon Vüqar Qurbanov adına tam orta məktəbə gedən Əli 2013-cü ildə 9-cu sinfi tamamlayaraq Bakı Neft Energetika Kollecinə daxil olub.

Kolleci bitirməsinə üç ay qalmış 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidməti başa vurduqdan sonra hərbiyə olan sevgisi sayəsində bu sahədə xidməti davam etdirib.

Həyatını yenidən Ordu, hərb ilə bağlayıb.

O, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində dövlət sərhədimizi pozaraq təxribat törədən düşmənin ağır itkilər verərək geri oturdulması əməliyyatlarında iştirak edib.

Eyni zamanda, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü-kəşfiyyatçı kimi tarixi 44 günlük İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

Suqovuşanın, Talışın azad olunmasında iştirak edib, Tərtər-Ağdərə, Kəlbəcər, Füzuli istqamətlərində-müxtəlif nöqtələrdə döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib.

Əli Məmmədov müharibənin başa çatmasına cəmi 6 gün qalmış, 2020-ci ilin noyabrın 4-də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi səhərisi gün, noyabrın 5-də öz doğma kəndlərinə gətirilərək, Şahsevən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

22 yaşında Şəhidlik məqamına ucalan Əli Məmmədov həm də subay olub.

Eyni zamanda, bacısı Ayşənin övladı Onun adını daşıyır.

Məkanı cənnətlik olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Beyləqanlı İkinci Vətən Müharibəsi Şəhidi-EVİN-AİLƏNİN TƏK OĞLU, TƏK BACININ TƏK QARDAŞI AZƏR ŞÜKÜROVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL ÖTÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Dini Liderlərin Qlobal Sammiti mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaq”-AZƏRBAYCAN PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir