“Həsənağanın nəşi 112 gündən sonra tapıldı…Hər gün Allaha dua edirdim ki…”-Şəhid atası Şakir Abdullayev – Lənkəranlı Həsənağa Abdullazadə və Beyləqanlı Elvin İsmayılov-BU GÜN MÖVLUDLARI, CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB – (1)

Lənkəranın ( həm də Bakının) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Həsənağa Şakir oğlu Abdullazadənin doğum günüdür.

Həsənağa Abdullazadənin bu gün-9 mart 2026-cı il tarixində 33 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Həsənağa Şakir oğlu Abdullazadə 1993-cü ilin mart ayının 9-da Lənkəran şəhərində dünyaya gəlib.

Ailənin tək və yeganə övladı olub.

1999-cu ildə Rövşən Bədəlov adına 9 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2007-ci ildə həmin orta məktəbin 8-ci sinfini yüksək qiymətlərlə bitirib.

Elə həmin il öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 1-ci kursuna daxil olub və 2010-cu ildə həmin məktəbi fərqlənmə ilə bitirib.

2010-cu ilin avqust ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və hələ tələbəykən 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013) “Yubiley medalı” ilə təltif olunub.

2014-cü ilin iyul ayında həmin məktəbi bitirib, Leytenant rütbəsi alıb.

2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursuna daxil olub və 2015-ci ildə kursu fərqlənmə ilə bitirib.

Öz arzusu ilə Gədəbəyin ən ucqar zonası olan “Qoca Dağ”a, xidmətinə yollanıb və N saylı hərbi hissənin motoatıcı taqım komandiri vəzifəsinə göndərilib.

2015-2016-cı illərdə Gədəbəydəki N hərbi hissənin ön xəttində taqım komandiri vəzifəsində çalışıb, bir il sonra- 2017-ci ildə isə bölük komandiri vəzifəsinə təyin olunub.

Elə həmin-2017-ci ildə Baş leytenant hərbi rütbəsi verilib və bir il sonra daha bir medalla- 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley medalı” ilə təltif olunub.

Bir çox sertifikat və Fəxri Fərmanlara layiq görülüb.

2018-ci ilin oktyabr ayında Göygöl rayonunda yerləşən N saylı hərbi hissəyə bölük komandiri vəzifəsinə göndərilib.

Həsənağa Baş leytenant olmasına baxmayaraq, İkinci Vətən Müharibəsindən bir neçə ay əvvəl Müdafiə Nazirliyinin əmri ilə Göygöl rayonundakı N saylı hərbi hissədə taborun Qərargah rəisi vəzifəsinə təyin olunub.

İkinci Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərdə olub.

Şəfərli döyüş yolu 6 gün çəkib.

2020-ci ilin 2 oktyabr tarixində Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Ancaq 112 gündən sonra Həsənağanın nəşini əldə etmək və ailəsinə təhvil vermək mümkün olub.

Nəşi 2021-ci ilin 14 yanvar tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra  “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Valideynləri həm də övladlarının “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təltif olunmasını istəyir və tələb edirlər.

Lənkəranda və Bakıda adını daşıyan küçə var.

***

Bu gün həm də Beyləqan rayonunun İkinci Qarabağ Savaşı Şəhidlərindən olan Elvin Tələt oğlu İsmayılovun Cənnətdəki altıncı doğum günüdür.

Bu gün Onun 37 yaşı yaşı tamam olur.

Qeyd edək ki, Elvin İsmayılov 1989-cu ilin mart ayının 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub.

Uşaq vaxtlarından vətənpərvərliyi ilə seçilib, “Canavar” ləqəbi ilə tanınıb.

Azərbaycan Ordusunun hərbçisi, Çavuş idi.

Aprel döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də döyüşlərə atılıb, Füzuli və Cəbrayıl rayonu istiqamətlərində döyüşüb.

Döyüşlərin elə ilk günündə də Cəbrayıl rayonunun Nüzgar kəndində qəhrəmancasına Şəhidlik zirvəsinə qovuşub.

Nəşi Beyləqan rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.

İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra bir neçə medal (8 medal) və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Beyləqan rayonunda adını daşıyan küçə var.

Eyni zamanda, Beyləqan rayonunda və Bakı şəhərində yerləşən bir neçə məktəbdə Elvin İsmayılovun adını daşıyan sinif var.

O, həm də 2019-cu ildən Şəhla Mirzəyeva adlı xanımla evli olub.

Məkanları cənnətlik, ruhları şad, Cənnətdəki doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

08:59

***

Bu gün səhər saatlarında Cənnətdəki beşinci doğum günü ilə bağlı Şəhid Həsənağa Abdullazadənin Hərbi Memeorial Məzarlıqakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib, Şəhidin 27 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Valideynlərinə-anası Səmilə xanıma və atası Şakir kişi Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Atası Şakir kişi isə öz növbəsində ziyarət iştirakçılarına, Şəhidlərə dəyər verən hər bir kəsə minnətdarlığını ifadə edib.

“Bilənlər bilir ki, Həsənağanın nəşini düz 112 gündən sonra tapdıq…Həmin günlər ərzində bir Allah bilir nələr yaşadıq…Hər gün dua edirdim ki, oğlumun nəşi tapılsın…Oğlumun nəşi tapılan gün isə dualarımı eşitdiyi üçün Allaha təşəkkür etdim və öz-özümə dedim ki, bizim üçün artıq hər şey bitdi…Amma sonra gördüm ki, elə deyil…Tanıyan-tanımayan onlarla, yüzlərlə insan bizə-ziyarətə gəlir, bizimlə birgə göz yaşları axırdır, dərdimizə şərik olurdu…”-deyə, o, əlavə edib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə valideynləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar və digər şəxslər iştirak ediblər.

13:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava dumanlı və yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq-SABAH

Read Next

Müğənni Elçin Hüseynov Şəhid anaları, Qazilər və kimsəsiz uşaqlar üçün-İFTAR SÜFRƏSİ TƏŞKİL ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir